Futbol üzrə İtaliya milli komandasının və İngiltərənin “Tottenhem” klubunun qapıçısı Qulyelmo Vikario uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Angelos Postekoqlu bildirib.
O, 28 yaşlı qolkiperin bir neçə ay yaşıl meydanlardan kənar qalacağını bəyan edib.
Xatırladaq ki, Vikario İngiltərə Premyer Liqasının 12-ci turunun “Mançester Siti” ilə səfər oyununda sıradan çıxıb. Onun bu oyunda topuğunun sındığı məlum olub.
“Tottenhem” Qulyelmo Vikarionu 2023-cü ilin yayında İtaliyanın “Empoli” klubundan 18,5 milyon avroya transfer etmişdi. O, cari mövsümdə London klubunun heyətində 15 matçda meydana çıxıb və eyni sayda qol buraxıb. İtalyan qolkiper 4 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Vikarionun “Tottenhem”lə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Qulyelmo Vikario daha öncə “Empoli”, “Kalyari”, “Peruca”, “Venesiya”, “Udineze” kimi klublarda da çıxış edib.
Vikario ilk dəfə 2022-ci ilin sentyabrın ayında dəvət aldığı İtaliya yığmasında bu ilin martında debüt edib. O, yığmanın heyətində meydana çıxdığı 4 oyunda 4 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı Qulyelmo Vikarionu 35 milyon avro məbləğində qiymətləndirir.