Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/25 mövsümünün Liqa mərhələsinin 4-cü turuna start verilib.
Arena.az xəbər verir ki, turun ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
Günün yeganə matçı Türkiyənin İstanbul şəhərində keçirilib. Burada “Başakşəhər” doğma azarkeşləri önündə Moldova təmsilçisi “Petrokub”u sınağa çəkib. Əvvəlki üç matçda bir heç-heçə etmiş İstanbul klubu 1 xalla 32-ci pillədə qərarlaşmışdı. Bütün görüşlərdə uduzan qonaqlar isə sonuncu – 36-cı sıradaydılar.
Elə bu oyunda da komandaların qələbə həsrəti bitməyib. Hesabı ilk hissədə Türkiyə təmsilçisi açıb. Amma İstanbul klubu oyuna əlavə olunmuş təzminat dəqiqələrində bu üstünlüyünü əldən verib.
Qeyd edək ki, Avropa Konfrans Liqasında Liqa mərhələsinin 4-cü turuna noyabrın 28-də yekun vurulacaq.
Avropa Konfrans Liqası
Liqa mərhələsi, 4-cü tur
27 noyabr
“Başakşəhər” – “Petrokub” 1:1
Qollar: Pyontek, 42-pen – Bors, 90+6.