AZ

"Zirə" və "Sumqayıt" adına XOŞ NÜMUNƏ

Uğursuz mövsüm keçirən "Sabah" növbəti dəfə baş məşqçi dəyişikliyinə getdi.

Krunoslav Renduliçlə yolları ayıran "tələbələr" onun yerinə Vasili Berezutskini gətirdi.

"Sabah" kimi iddialı klubda ardıcıl 7 oyunda qələbə qazana bilməyən baş məşqçinin gedişi sürpriz deyil.

Nəticə yoxdursa, məntiqli olaraq dəyişiklik etmək lazım gəlir. İlk ağıla gələn isə sözsüz ki, baş məşqçi olur.

Amma bu hər dəfə belədirmi? Və ya yeganə çıxış yolu budurmu?

Təbii ki, yox. Misallarla fikrimi əsaslandırmağa çalışacam.

Özü də çox uzaq tarixə getmədən.

Ötən mövsümün birinci dövrəsinin ortasında "Sumqayıt"da başlayan eniş 8 oyun davam etdi. Komanda bu müddətdə cəmi 1 qələbəyə sevinə bilmişdi. Hətta "Qarabağ"la oyundakı darmadağın da (0:5) uğursuzluq zolağına təsadüf edirdi. Rəhbərlik baş məşqçi Samir Abasova güvəndi, sona qədər yanında oldu. Yekunda 57 xal toplayan (ikinci pillədə mövsümü bitirən "Zirə"dən 1 xal az) "kimyaçılar" Konfrans Liqasına vəsiqə qazandı.

Və ya "Zirə" nümunəsi.

"Qartallar" 10 oyunda qələbə üzünə həsrət qaldı. Ardıcıl 7 oyunda qol belə vurmaq müşkülə çevrildi. Amma klub rəhbərliyi baş məşqçi Rəşad Sadıqovla yola davam edərək ona inandığını göstərdi. Gənc mütəxəssis də ümidləri artıqlaması ilə doğrultdu. Mövsümün gümüş medalla qapayan "Zirə" Konfrans Liqasında pley-off mərhələsinə kimi yüksələ bildi.

Hər iki nümunədə klubların düşdüyü vəziyyət "Sabah"ın mövcud vəziyyətindən daha betər olsa da klub rəhbərləri fərqli qərar verməklə yadda qalıb.

Və yekunda həm "Sumqayıt", həm də "Zirə"nin söz sahibləri atdıqları addıma görə peşman olmayıblar.

Gözləyək, görək fərqli yol tutan "Sabah"da sonluq necə olacaq.

XANOĞLAN İMANOV

Seçilən
17
sportinfo.az

1Mənbələr