AZ

Azərbaycanın COP uğurlarına ən dəqiq qiyməti erməni mediası verdi...

Image

Hüseyn İbrahimov: “Ermənilər həqiqətən də böyük fiasko ilə üzləşdilər”

Erməni mediası etiraf edib ki, onların COP29-la bağlı gözləntiləri özünü doğrultmayıb. Bunu onlar belə əsaslandırıblar: “COP29-dan əvvəl Ermənistanın gözləntisi o idi ki, beynəlxalq oyunçuların fəal təzyiqi altında Azərbaycan konstruktiv kursa qayıdacaq və minimum itkilərlə ümumi yanaşmalarda qarşılıqlı anlaşmanı təmin etmək mümkün olacaq. 

Ancaq Ermənistan nəinki heç nə qazanmadı, hətta əksinə, Azərbaycan beynəlxalq auditoriyadan istifadə edərək Ermənistana qarşı təbliğatı daha da gücləndirdi. Bu konfransdan təkcə Azərbaycanın imic problemlərini həll etmək üçün deyil, həm də bütövlükdə Azərbaycanın mövqeyini gücləndirmək üçün istifadə olundu. Üstəlik, ABŞ prezidenti Cozef Bayden də COP29-u təşkil etdiyinə görə Azərbaycana təşəkkür etdi”.

“Ermənistan və onların havadarları Azərbaycanı Bakıda saxlanılan separatçılarla şantaj etməyə çox çalışdılar, amma...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, ermənilər həqiqətən də böyük fiasko ilə üzləşdilər: “Ən azından ona görə ki, onlar tədbirin belə möhtəşəm alınacağını gözləmirdilər. Hesab edirdilər ki, Azərbaycana qarşı aparılan böyük müstəvidə qarayaxma kampaniyasına görə tədbirə qatılanların sayı aza olacaq. Ancaq bu baş vermədi. Dünyada 200 ölkədən 196-sı tədbirə qatıldı. Ümumilikdə, COP29-da iştirak edənlərin sayı 76 min nəfərdən çox idi. Bu baxımdan Ermənistanın gözləntiləri suya düşdü. Digər bir tərəfdən, Ermənistan və onların havadarları Azərbaycanı Bakıda saxlanılan separatçılarla şantaj etməyə çox çalışdılar. Guya Azərbaycan onları azad edəndən sonra Ermənistan tədbirə qatılacaq. Buna xaricdəki müəyyən dairələr də bu və ya digər şəkildə dəstək verirdilər. Ancaq nə etsələr də, Bakı bu şantaja boyun əymədi. Bu isə o demək idi ki, separatçılar məhkəmə qarşısına çıxmadan, cəzalarını almadan onların azad edilməsindən və yaxud da Ermənistana ekstradisiyasından söhbət belə gedə bilməz. Başqa bir tərəfdən, erməni tərəfi ümid edirdi ki, böyük dövlətlər COP29 ərəfəsində separatçı liderlərin azad edilməsi ilə bağlı Azərbaycana təzyiq edəcəklər. O cümlədən, tədbir ərəfəsində Azərbaycanın Ermənistanla yarımçıq sülh müqaviləsi imzalayacağını düşünürdülər. Hesab edirdilər ki, tədbirə görə Azərbaycan buna getməyə məcbur olacaq. Ancaq onların bu planı da boşa getdi. Azərbaycan həm möhtəşəm və dünya əhəmiyyətli tədbirə ev sahibliyi etdi, həm də dünyadakı imicini daha da gücləndirdi. Ən nəhayət, COP29-u təşkil etdiyinə görə Birləşmiş Ştatlar prezidenti Azərbaycana təşəkkür etdi”.

Vidadi ORDAHALLI





Seçilən
13
baki-xeber.com

1Mənbələr