AZ

İtkin sayılırdı, 32 il sonra nəşi tapıldı, məlum oldu ki, Ağdərədə şəhid olub- bacısı danışır...

Image

Gülçöhrə Abdullayeva: “2024-cü il sentyabrın 7-də bizi Dövlət Təhlükəsizlik Xidmətinə çağırdılar, dedilər ki, Ağdərənin Sırxavənd kənd qəbiristanlığından qardaşınızın nəşi tapılıb”

Gülçöhrə xanım düz 32 il itkin düşən qardaşının həsrətilə yaşayıb, illərlə qardaşı Səfəralıdan bir xəbər bilmək üçün döymədiyi qapı, getmədiyi yer qalmayıb, qardaşının döyüşdüyü və itkin düşdüyü Ağdərəyə qədər gedib çıxıb. Qardaş sorağı ilə yaşayıb illər boyu. 

Qardaş həsrətilə yanıb kül olub Gülçöhrə xanım. 44 günlük Vətən müharibəsində şanlı ordumuzun, igid oğlanlarımızın misilsiz qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra günlərin birində məlumat aldı ki, itkin kimi illərlə xəbərini gözlədiyi qardaşı ana Vətən uğrunda şəhid olub.

Mədəniyyət Nazirliyi  Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidmətinin əsir və itkin düşmüş, girov götürülümüş vətəndaşlarıa əlaqədar Dövlət Komitəsi ilə birlikdə dörd cilddən ibarət xüsusi buraxlış ərsəyə gətirib. Azərbaycan və ingilis dillərində olan nəşrdə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımız barədə məlumat öz əksini tapıb. Bu nəşrin VI cildində Səfərov Səfəralı Allahverdi oğlu barədə də məlumat öz əksini tapıb, o burda itkin kimi qeyd olunub. Taleyin işinə bax ki, adı itkinlər sırasında olan Səfəralı Səfərovun şəhid olduğu sonradan məlum olub.

Səfəralı Səfərovun bacısı Gülçöhrə Abdullayeva ilə Respublika Kitabı Redaksiyasında görüşüb söhbətləşdik.

“32 ildən sonra qardaşımın nəşinin tapılması bizə böyük təsəlli oldu, gözlərimiz yollardan yığıldı”

“Biz əslən Qərbi Azərbaycandan, Qafan rayonunun Darvuz kəndindənik. Qardaşım 1992-ci ildə həqiqi hərbi xidmətə çağırıldı. Gəncədə andiçməsi oldu. Səfəralı nümunəvi əsgər olduğu üçün komandiri bir həftəliyinə onu evə buraxmaq istəyib. Lakin ailəmizin maddi durumu çox ağır olduğu üçün evə gəlmək istəməyib. Anamgil Qərbi Azərbaycandan köçkün düşdüyü üçün vəziyyətləri çox ağır idi. Amma mən Bakıda yaşayırdım. Qardaşımı Gəncədən Ağdərəyə aparıblar. Çünki həmin vaxt Ağdərədə ağır döyüşlər gedirdi. Amma biz təxminən üç ay Səfəralıdan heç bir məlumat ala bilmədik. 1992-ci il sentyabrın 29-da Sumqayıt Hərbi Komissarlığından gəlib anama deyiblər ki, oğlunuz hərbi hissədən qaçıb. Anam deyib ki, mənim oğlum qaça bilməz. O xəbəri alandan sonra mən özüm, eləcə də bütün ailə üzvlərimiz çox ağır sarsıntı keçirdik. Bu xəbər hamımızın belini qırdı. Sonra qardaşımı axtarmağa başladıq. Dəfələrlə Ağdərəyə getdik, Qırmızı Xaça getdik. Burdan Beynəlxalq Qırmızı Xaç Komitəsinə azərbaycanlı əsirlərlə bağlı məktub yazırdım, amma o məktublara qardaşımın adını yazmırdım ki, birdən qardaşım əsir düşər ona bir şey etməsinlər. Öz adımı yazırdım ki, qardaşım adımı görsün, bilsin ki, onu axtarırıq. Amma uzun illər heç yerdən məlumat əldə edə bilmirdik...” 

Gülçöhrə xanım deyir ki, Prezidentin qərarından sonra o da, qardaşları da gedib DNT analizi veriblər. “Biz iki bacı dörd qardaş idik. Atamızı erkən itirmişik, 1978-ci ildə dünyasını dəyişib. Anam da 2014-cü ildə rəhmətə getdi. Çünki o qədər başına döyüb ağladı ki, qulağının pərdələri deşildi, infarkt keçirdi, oğul həsrətilə dünyasını dəyişdi. 

Biz DNT analizi verdik. Müharibə bitəndən, torpaqlarımız azad edildikdən sonra məlumat almaq üçün Dövlət Təhlükəsizlik Xidmətinə zəng etdim ki, Ağdərə istiqamətində axtarışlar gedir, qardaşımdan bir xəbər bilmək istəyirəm. Mənim zəngimdən bir ay sonra Dövlət Təhlükəsizlik Xidmətindən zənglər gəlməyə başladı, bizdən qardaşım haqda məlumatları soruşdular, analiz verib-verməməyimizi soruşdular və sair. 2024-cü il sentyabrın 7-də bizi Dövlət Təhlükəsizlik Xidmətinə çağırdılar, dedilər ki, Ağdərənin Sırxavənd kənd qəbristanlığından qardaşınızın nəşi tapılıb. Dedilər ki, bir az şanslısınız, qardaşınızın sümükləri 90 faiz analizə tabe olur, çünki sümüklər bütövdür, parçalanmayıb.  

Ailəmiz qaçqın düşəndə Sumqayıtda məskunlaşdığı və qardaşım da 1992-ci ildə Sumqayıt Hərbi Komissarlığından həqiqi hərbi xidmətə getdiyi üçün ailə olaraq məsləhətləşdik ki, qardaşım Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunsun. Biz ən çox cənab Prezidentə təşəkkür edirik ki, o itkin düşənlərin ailə üzvlərindən DNT analizi götürülməsi barədə qərar  verdi. O qərar olmasaydı biz öz qardaşımızın şəhid olduğu haqda məlumat ala bilməzdik, itkin kimi yolunu gözləyərdik. Prezidentin bu qərarı bizim 32 illik intizarımıza son qoydu. 

Mən həmçinin Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə böyük təşəkkürümü bildirirəm ki, o,  qardaşımın yas mərasiminin keçirilməsinin bütün xərclərini qarşıladı. Çünki bizim ailə durumumuz çox ağır idi və biz qardaşımın məclisini istədiyimiz kimi keçirə bilməzdik. Amma o, bizim 500 nəfərlik məclisimizi yaxşı səviyyədə keçirdi, bizim arxamızda durdu...

32 ildən sonra qardaşımın nəşinin tapılması bizə böyük təsəlli oldu, gözlərimiz yollardan yığıldı. 

Düzdür, bilirdim ki, həyatda yoxdur, amma yenə də ümidimi kəsmirdim, möcüzə gözləyirdim. Böyük bacıyam və təbii, ağırlıq da mənim çiynimə düşür. Qardaşımın nəşini bizə bir az gec verdilər, günüm ağlamaqla keçirdi, şəhid olduğu xəbəri mənim qaysaq tutmayan yaramı bir daha qanatdı. Əslində, o yara heç sağalmamışdı da.

Qardaşımın itkin düşdüyü, yaxud şəhid olduğu haqda məlumat almaq üçün üç-dörd dəfə Ağdərəyə getmişdim. O vaxt Ağdərəni bir neçə dəfə bizimkilər geri aldı, sonra yenə işğal olundu. Qardaşımın 18 yaşı vardı. Onun Ağdərədə komandiri Ağakişiyev olub. Ermənilərin çox böyük hücumları olurmuş və komandirləri də bunlara əmr verib ki, biz döyüşə girməliyik. Bunlar 45 cavan oğlan olublar. Həmin vaxt komandirin ayaqları həyəcandan tutulur və komandir geri dönür, o 45 nəfər də orda başsız qalır. Qızğın döyüşlər gedib və qarışıqlıq olub, o vaxt necə olubsa mənim qardaşımın silahı başqa bir əsgərdə gedib. Biz Ağdərəyə gedəndə o oğlan dedi  ki, Səfərov Səfəralının silahı məndədir, amma Səfəralı döyüşdədir. Səfəralı qranatamyot atırmış. Məni qoymadılar, amma yoldaşım döyüş bölgəsinə getdi, ratsiya ilə xəbər verdilər ordakı komandir gəldi, sonra həmin oğlan da ora qayıtdı. Siyahıya baxdılar ki, döyüşə kimlərin getdiyini bilsinlər, orada mənim qardaşımın adı yox idi. 

Sonra bizə dedilər ki, qardaşımın nəşi kənd qəbristanlığından tapılıb. Onun necə şəhid olduğu haqda məlumat yoxdur. Mənə elə gəlir ki, o şəhid olandan sonra bizim əsgərlər onu orada dəfn ediblər. Dərin basdırlısaydı çətin tapılardı, amma üstünə torpaq töküb örtmüşdülər. Bəlkə fikirləşirmişdilər ki, üstünü basdıraq qayıdanda götürərik. Dəqiq məlumatım yoxdur. 1992-ci ildə Sırxavənd uğrunda gedən döyüşdə o biri qardaşım da başqa bir batalyonda döyüşüb. Amma eyni ərazidə döyüşsələr də bir-birini görməyiblər. O biri qardaşımı sonra Murova aparıblar. Müharibədən çox əsəbi vəziyyətdə gəldi, psixoloji durumu çox ağır idi. O vaxt Sumqayıtdan gedib meyitləri yığanda qardaşımgil də meyit daşıyan maşınla meyitlərin içində ordan çıxmışdılar”.

Gülçöhrə xanım deyir ki, qardaşının tabutu gələndə qardaşını yuxuda görmək üçün Allaha yalvarıb və gecə istədiyi yuxunu görüb. “Bilmirəm, necə olub ki, beş dəqiqəlik yuxuya getmişəm. Yuxuda gördüm ki, bir otağa girdim, bir xanım da başda oturmuşdu başında da ağ yaylığı vardı. Deyir ki, Gülçöhrə gəldi. Səsin hardan gəldiyini bilmirəm. Deyir ki, o Gülçöhrə yox, bu Gülçöhrə”, məni deyir. Bir də gördüm ki, bir “kulyokdu”onun da içində kəfən. Deyirlər ki, götür, qardaşının kəfənidir, bugündən onun anası sənsən (ağlayır)”. 

Gülçöhrə xanım deyir ki, Səfəralının Sumqayıtda oxuduğu məktəbin rəhbərliyi, kollektivi onu çox mehribanlıqla qarşılayıb və onun adına bir sinif otağı veriləcək. “Dekabrın 27-si qardaşımın ad günüdür. Ad günündə Səfəralının adına bir sinif otağı veriləcək, onun ruhuna hədiyyə edəcəklər.  Sağ olsunlar, təklifimi çox müsbət qarşıladılar”.

Gülçöhrə xanım təəssüflə bildirdi ki, Birinci Qarabağ müharibəsi şəhidləri ilə İkinci Qarabağ müharibəsi şəhidləri arasında fərq qoyanlar tapılır. “Bəzi qurumlara müraciət edəndə soruşurlar ki, Birinci Qarabağ müharibəsi şəhididir, yoxsa 44 günlük müharibə şəhidi? Çox təəssüf ki, ayrıseçkiliklə də qarşılaşırıq. 

Qardaşıma şəhidlik statusu verilib. Amma bizə şəhid bacı-qardaşları kimi şəhid aləsi vəsiqəsi verilmir. Harasa gedəndə şəhid ailəsi olduğumuzu deyəndə vəsiqə istəyirlər, amma əlimizdə o vəsiqə yoxdur. Amma rəhmətlik anamın şəhid ailəsi vəsiqəsi vardı. Səfəralının ailəsi bizik - qardaş-bacıları. Ona görə də çox istəyirik ki, o vəsiqə bizə də verilsin” - deyə Gülçöhrə xanım bildirdi.

İradə SARIYEVA






Seçilən
16
baki-xeber.com

1Mənbələr