AZ

Antimilli ünsürlərin sağalmaz mərəzi

Uzun illərdən bəri, xüsusilə qırx dörd günlük müharibədən sonra Azərbaycana qənim kəsilən qərəzli mərkəzlər, ermənipərəst fondlar yüksək məbləğli qrantlarla yemlədikləri bu zombi sürüsünün ölkəmizə qarşı apardığı “qara piar” kampaniyasını sistemli şəkildə idarə edirlər 

İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri ilə öz ərazi bütövlüyünü, daha sonra lokal antiterror tədbirləri ilə suverenliyini bərpa edən, müstəqil xarici siyasət yürüdən Azərbaycanın siyasi kursunun və iqlim diplomatiyasının qələbəsinin rəmzinə çevrilən COP29-un uğurlarını həzm edə bilməyən bədxahlarımızın ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası davam etməkdədir.

Real gerçəklik odur ki, başda Emmanuel Makron hökumətinin üzvləri olmaqla Qərbdəki ermənipərəst qüvvələrin, müxtəlif insan haqları, demokratiyaya dəstək adı altında fəaliyyət göstərən bəzi mərkəzlərin Bakıda möhtəşəm şəkildə keçirilən, bütün dünyada ən irimiqyaslı mötəbər tədbirlərdən biri hesab olunan iqlim dəyişmələri konfransı üzərindən Azərbaycana siyasi təzyiq göstərmək cəhdləri heç bir nəticə vermədi. Azərbaycanın ən yüksək səviyyədə ev sahibliyi etdiyi, dövlətimizin başçısının siyasi iradəsi və komandanın gərgin əməyi sayəsində COP29-da ciddi dönüş, tarixi nəticələr əldə olunması məkrli dairələrin əvvəlcədən düşünülmüş qərəzli fəaliyyətlərini iflic etdi. Ölkəmizin başçısının bildirdiyi kimi, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.

COP29-a bəşəriyyətin gələcəyini xilas etmək üçün unikal platforma kimi baxan Azərbaycana qarşı əks-təbliğat aparan erməni lobbisi, qlobal iqlim dəyişiklikliyi ilə mübarizəni öz geosiyasi maraqlarına qurban verən bəzi güc mərkəzləri “The Telegraph”, “The Times”, “The New York Times”, “The Guardian” kimi xarici media orqanlarını, “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” kimi ermənipərəst beynəlxalq qeyri-hökumət təşkilatlarını da öz çirkin oyunlarına alət etdilər.

Uzun illərdən bəri, xüsusilə qırx dörd günlük müharibədən sonra Azərbaycana qənim kəsilən qərəzli mərkəzlər, ermənipərəst fondlar yüksək məbləğli qrantlarla yemlədikləri başda AXCP sədri Əli Kərimli olmaqla radikal müxalifət təmsilçilərinin, eləcə də müxtəlif bəhanələrlə xarici ölkələrdə məskunlaşan Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı, Arif Şahmarlı, Arif Yunus kimi antimilli ünsürlərin ölkəmizə qarşı apardıqları “qara piar” kampaniyasını sistemli şəkildə idarə edirlər.  Cəmiyyətimizin sağlam düşüncəli üzvləri, siyasətlə yaxından- uzaqdan maraqlanan hər kəs də yaxşı bilir ki, ölkəmizdə mühüm əhəmiyyətli beynəlxalq tədbirlər keçiriləndə şəxsi ambisiyalarının girovuna çevrilmiş bu siyasi ambisioz qrupun hərəkət trayektoriyasında müşahidə olunan pozucu təkrarçılığı, inkarçlığı artıq sağalmaz mərəzə çevrilib. Çünki bu zombi dəstəsi Bakıda böyük təmtəraqla “Eurovision-2012” mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi oyunları keçiriləndə də ermənilərlə, ermənipərəst dairələrlə səs-səsə verərək həyasızcasına Azərbaycan əleyhinə təbliğat aparırdılar.  Erməni lobbisinə yaxınlığı ilə məşhurlaşan məlum mərkəzlərlə sinxron fəaliyyətdə olan antimilli ünsürlər o zaman bir qrup QHT nümayəndələrini və muzdlu yazarları “səfərbər” edərək “Demokratiya naminə oxu” adlı iyrənc kampaniya keçirdilər. Ermənipərəst mərkəzlərin arxa bağçalarında hazırlanan ssenarilər əsasında özlərini azərbaycanlı adlandıran bu üzdəniraqlar Azərbaycana qarşı daha çox şər-böhtan yağdıraraq bədxahlarımızın dəyirmanına daha çox su tökmək üçün yarışa girdilər.

Ancaq uzun illərdən bəri Qərbdəki bədxahlarımızın sifarişlərini yerinə yetirərək, “palçıq at izi qalsın” təlimatı ilə fəaliyyət göstərən antimilli ünsürlər və onların nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqazın ətrafında məkrli planlar quran, COP29 üzərindən respublikamıza qarşı çirkin şər-böhtan kampaniyası aparan xaricdəki ağaları bilməlidirlər ki, Azərbaycan belə məkrli planları əvvəllər də ifşa edərək fiaskoya uğradıb. Bundan sonra da bu istiqamətdə işlərini uğurla davam etdirəcək.

Zahid Rza, “İki sahil”

Seçilən
14
ikisahil.az

1Mənbələr