AZ

Türkiyə üçün üzücü sonluq - İCMAL

Türkiyə üçün ML-də qrup mərhələsinin sonluğunun bu qədər üzücü alınacağını az adam proqnozlaşdırardı. Çünki Monteneqronun heç bir iddiası qalmamışdı. Üstəlik buna qədər “ay-ulduzlular” heç vaxt bu rəqibə uduzmamışdı.

İlk dəqiqələrdən oyun qardaş ölkə yığmasının istədiyi kimi getmədi. Hiss olunurdu ki, Monteneqro son matçda “qapını möhkəm çırpmaq” istəyir. Üstəlik güclü yağış oyunun gedişində ot örtüyünü bərbad duruma saldı. Bu şərtlər altında oynamağa alışmayan Türkiyə Krstoviçin qollarına mane ola bilmədi. “Leççe”nin 24 yaşlı forvardının ilk qoluna Kənan Yıldız cavab versə də, monteneqroluların qol silahı fasilə ərəfəsində dublunu rəsmiləşdirdi. Onsuz da Semih Kılıçsoy və Barış Alpər Yılmaz kimi “fiziki” futbolu sevən oyunçuları ehtiyatda saxlamaqla səhvə yol verən Montella bu azmış kimi, fasilədə hücumu yox, müdafiəni gücləndirdi. Onun müdəfiədəki əvəzetmələrini heç kim anlamadı.

İlk yarıda meydanda az-çox futbol var idisə, ikinci hissədə oyun “palçıq savaşına” çevrildi. Yaratdığı nadir fürsətlərdən yararlana bilməyən Türkiyə daha bir top buraxdı. Krstoviç qonaqların onsuz da cüzi olan ümidlərinin üstündən birdəfəlik xətt çəkdi. Paralel şəkildə Kardiffdə keçirilən qrupun digər oyununda da hadisələr Türkiyənin istədiyi kimi cərəyan etmədi. Düzdü, İslandiyanın erkən qolundan sonra Uelsin evdə qol buraxmamaq seriyası 321-ci dəqiqədə qırıldı. Amma Kreyq Bellaminin başçılığı altında ilk dəfə hesabda geri düşən Uels buna lazımi reaksiya verdi və xarakter göstərərək fanatlarına mükəmməl qələbə bəxş etdi. Uels bu nəticə ilə qrupu lider kimi tamamladı və DÇ-2026-ya vəsiqə uğrunda pley-offda iştirak haqqı qazandı. Türkiyə isə yalnız A liqasına vəsiqə uğrunda pley-offda iştirakla kifayətlənməli olacaq. “Ay-ulduzlular” martda Macarıstana qarşı iki oyun keçirəcəklər.

B liqası, 4-cü qrup
Monteneqro - Türkiyə 3:1 (2:1)

Monteneqro: Nikiç, Vukçeviç, Tuçi, Vuyaçiç, Şipçiç, Qaseviç (Çamay, 86), Vukotiç (Kuç, 69), Lonçar, Yankoviç, Krstoviç, Yovetiç (Brnoviç, 82).
Türkiyə: Mərt Günok, Kaan Ayhan (Semih Kılıçsoy, 82), Merih Dəmiral, Əmirhan Topçu (Samet Akaydın, 46), Ərən Elmalı (Mərt Müldür, 46), Okay Yokuşlu (İsmayıl Yüksək, 63), Orkun Kökçü, Yunus Akgün (Barlş Alpər Yılmaz, 74), Arda Gülər, Kənan Yıldız, Kərəm Aktürkoğlu.
Qollar: Krstoviç, 29 (1:0). Kənan Yıldız, 37 (1:1). Krstoviç, 45 (2:1). Krstoviç, 73 (2:1).
Vərəqələr: Yankoviç, 22. Şipçiç, 42. Okay Yokuşlu, 46. Krstoviç, 62. Kərəm Aktürkoğlu, 62. Arda Gülər, 79. Lonçar, 80. Merih Dəmiral, 80. Nikiç, 90+2. Tuçi, 90+4. Barış Alpər Yılmaz, 90+4 – sarı.
Hakim: Urs Şnayder (İsveçrə).
19 noyabr. Nikşiç. 2579 tamaşaçı.

Uels – İslandiya 4:1 (2:1)
Uels: Uord, Uillyams, Rodon, Kabanqo, Devis, Uilson, Şihan (C.Ceyms, 89),Conson (Roberts, 89), Kallen, D.Ceyms (Tomas, 73), Harris (Allen, 65).
İslandiya: Valdimarsson, Sampsted (Torhalsson, 74), İnqason, Palsson, Fridriksson, Traustason, Qudmundsson (Tordarson, 46), Yohannesson, Torsteynsson (Villumsson, 74), Oskarsson (Ellertsson, 25), Qudyonsen.
Qollar: Qudyonsen, 7 (0:1). Kallen, 32 (1:1). Kallen, 45+1 (2:1). Conson, 65 (3:1). Uilson, 79 (4:1).
Vərəqələr: Sampsted, 30. Fridriksson, 66. D.Ceyms, 68. Conson, 72. Torsteynsson, 72. Traustason, 72. Yohannesson, 84. Tomas, 88 – sarı.
Hakim: Antonio Nobre (Portuqaliya).
19 noyabr. Kardiff. 28240 tamaşaçı.

1. Uels 6 3 3 0 9-4 12
2. Türkiyə 6 3 2 1 9-6 11
3. İslandiya 6 2 1 3 10-13 7
4. Monteneqro 6 1 0 5 4-9 3

Faktlar
* Türkiyə 637-ci oyununda 239-cu məğlubiyyətlə üzləşdi (248 qələbə, 150 heç-heçə, top fərqi – 870:911).
* Türkiyə Montellanın başçılığı altında 19-cu oyunda 6-cı dəfə uduzdu (9 qələbə, 4 heç-heçə, top fərqi – 28:26).
* Türkiyə Monteneqroya qarşı keçirdiyi 6-cı oyunda ilk dəfə məğlub oldu (3 qələbə, 2 heç-heçə).
* Türkiyə üçün ML-də son turlar uğursuz alınır. “Ay-ulduzlular” ardıcıl 4-cü dəfə qrup mərhələsinin son oyununda məğlub oldular. Buna qədər komanda eyni aqibətlə Farer adaları (1:2), Macarıstan (0:2) və İsveç (0:1) ilə oyunlarda üzləşmişdi.
* Buna qədər Monteneqronun heyətində 23 oyuna cəmi 3 qol vuran Krstoviç nəinki yığmada, ümumiyyətlə, peşəkar karyerasında ilk dəfə het-trik etdi. Türkiyəyə qarşı oyunda het-trik edən son futbolçu isə 2021-də Niderlandın heyətində Memfis Depay olmuşdu.

Oyundan sonra
Vinçentso Montella, Türkiyə yığmasının baş məşqçisi:
“Hamımız üzgünük. Qrupu lider kimi tamamlamağa layiq idik. Bu gün oynadığımız yerə meydan deməyə də adamın dili gəlmir. Biz kənarda güclə ayaq üstə dayanırdıq. İndi görün futbolçular nə çəkirdi. Nəticə istədiyimiz kimi olmadı. Amma oyunçularımı ortaya qoyduqları mübarizəyə görə təbrik edirəm. Asan olmayacağını əvvəlcədən söyləmişdim. Futbolun az, mübarizənin çox olduğu bir oyun izlədik. Əlimizdən gələni etdik. Son ana qədər bərabər səviyyəli mübarizə getsə də, Monteneqro bizi azacıq üstələdi. Belə meydana əvvəlcədən hazırlaşmaq mümkün olmur. Özü də bu səviyyələrdəki qarşılaşmada. Bir məğlubiyyətə görə son dönəmlərdə etdiklərimizin hamısını “zibilliyə atmaq” düzgün deyil. Son bir ildə rəqabət gücümüz xeyli artıb. Biz texnikalı komandayıq. Monteneqro qədər fiziki cəhətdən güclü olmadığımız üçün belə nəticə qeydə alındı. Düzdü, fiziki cəhətdən daha güclü oyunçulara üstünlük verə bilərdim. Amma belədə bizim oyun sistemimiz pozulacaqdı. Növbəti oyunlarda yenə də öz fəlsəfəmizə uyğun oynamağa çalışacağıq. Bir məğlubiyyətlə həyəcanı, istəyimizi, arzumuzu, ruhumuzu və millətin sevgisini itirməməliyik”.


Kreyq Bellami, Uels yığmasının baş məşqçisi:
“Çox baxımlı və inamlı oynadıq. Bizim üçün pozitiv bir gün oldu. Nəticə qazanmasaydıq da, oyunumuzdan razı qalacağımızı söyləyəcəkdim. Qarşıya qoyulan hədəfə çatdıq. Hesabda geri düşdüyümüzü nəzərə alsaq, çox ciddi bir sınağın öhdəsindən gəldik. Buraxılan qoldan sonra da oyun planımıza sadiq qaldıq. Komandam düzgün yoldadı”.
Seçilən
36
football-plus.az

1Mənbələr