AZ

İqlim maliyyəsində yeni era -COP29

İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Caylarda daha az su, dağlarda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bütün bunlar da bu və ya digər ölkəyə təsirsiz ötüşmür. Hətta bu kimi iqlim dəyişmələrinin nəticələri inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün ölüm-dirim həddinə çatıb desək, yanılmarıq.

Bəli, bu gün planetimizin üzləşdiyi ən böyük problemlərdən biri iqlim dəyişmələrinin yaratdığı böyük fəsadlardır. Azərbaycan iqlim dəyişmələri ilə mübarizə məsələlərinə böyük diqqət ayırır, onun mənfi fəsadlarının azaldılması üçün birgə beynəlxalq fəaliyyətin təmin olunması istiqamətində səylər göstərir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da ölkəmiz bu istiqamətdəki fəaliyyətini qəti şəkildə nümayiş etdirdi. Hətta başda Fransa olmaqla bəzi bədnam qüvvələrin manipulyasiyalarına baxmayaraq, tarixi nəticələrə imza atdı. Konfransda  Bakı Maliyyə Məqsədi adlı qərara müvafiq olaraq, inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyi ilə mübarizə məqsədilə hər ildə 300 milyard dollar ayırmaq barədə tarixi razılaşmanın əldə edilməsi bunu bir daha sübut edir. Bu, inkişaf etməkdə olan ölkələr üçün əsas illik iqlim maliyyəsi hədəfinin üç dəfə artırılması deməkdir. Özü də həmin qərar 2035-ci ilə qədər qüvvədədir.

Yeri gəlmişkən, bir məsələni də vurğulayaq ki, ayrılan məbləğ indiyədək baş tutan COP-ların tarixində əldə olunmuş rekord göstəricidir. Şübhəsiz, bu vəsait ətraf mühitin çirkləndirilməsi prosesinin templərini aşağı salınmasında önəmli rol oynayacaq. Təsadüfi deyil ki, iqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra Bakıda qəbul edilən qərardan sonra iqlim maliyyəsində yeni eranın başladığını bildirib.  BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen isə bunu bəşəriyyətin bundan sonra quracağı gələcəyin təməli kimi dəyərləndirib.

Belə bir nailiyyətə imza atılması hər şeydən əvvəl dünyanın ölkəmizə olan inam və etibarının təsdiqi idi. Həm də beynəlxalq ictimaiyyətin Azərbaycanda görülən işlərə, o cümlədən ölkəmizin yaşıl enerji sahəsində qazandığı uğurlara verildiyi yüksək dəyərin və hörmətin nəticəsi idi. Şübhəsiz, buna Azərbaycanın COP29 Sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının nəticəsi sayəsində nail olundu. Elə bu səbəbdən Prezident İlham Əliyev haqlı olaraq bu göstəricini iqlim diplomatiyasında dönüş nöqtəsi kimi xarakterizə edib. Dövlətimizin başçısı, həmçinin əminliklə bildirib ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Bununla da dünyanın "yaşıl gələcəy"inin yol xəritəsinin Bakıda cızıldığını vurğulayıb. 

Halbuki, bəzi mütəxəssislər, o cümlədən Vətən müharibəsində təcavüzkar Ermənistanı darmadağın edən bir dövlətin COP kimi böyük bir tədbiri keçirməsini həzm etmək istəməyənlər, Azərbaycan əleyhinə qarayaxma kampaniyaları sıralayanlar,  hətta boykot çağırışları edənlər geosiyasi parçalanmanın müşahidə olunduğu bir ildə Bakının bu nikbinliyinə, belə bir işin öhdəsindən gələ  biləcəyinə  şübhə ilə yanaşırdılar. Hətta bütün bunlar Bakıya casus kimi gələn ermənipərəst Frank Peloninin, həmçinin konfransa dəxli olmayan mövzulardan söz açan Almaniyanın xarici işlər naziri Annalena Berbokin sayıqlamalarından açıq-aydın duyulurdu. Halbuki, belələri dərk etməli idi ki, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti getdikcə artıb. Bu, artıq heç kimin etiraz və ya təkzib edə bilməyəcəyi bir həqiqətdir. Bu mənada demək olar ki, Azərbaycan iqlim siyasətində buna nail olmaqla anti-Azərbaycan qüvvələrə öz gücünü, qüdrətini açıq şəkildə göstərdi.

Lap elə prosesin əvvəlindən Azərbaycanın uğur qazanacağına əsla şübhə yox idi. 2023-cü il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısı belə demişdir: “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq”. Oldu da… Şübhəsiz, bu, Azərbaycanın dünya səviyyəsindəki mövqeyindən, söz sahibi olmasından irəli gəldi.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
44
ikisahil.az

1Mənbələr