Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) əlamətdar hadisə və qərarlarla yadda qaldı. Belə ki, noyabrın 23-də axşam saatlarından başlayaraq 24-ü səhər saatlarına qədər davam edən bağlanış plenar iclasında bir sıra mühüm qərarların qəbulu böyük əks-səda doğurdu.
AZƏRTAC ölkəmizdə keçirilən mötəbər tədbirin tarixi uğurları ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyevanın fikirlərini öyrənib.
Deputat COP29-un əsas qələbəsinin Bakı Maliyyə Hədəfi ilə əlaqəli olduğunu vurğulayaraq deyib: “İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün 2035-ci ilədək hər il ən azı 300 milyard ABŞ dolları məbləğində yardımı təmin etməsi və 2035-ci ilə qədər 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təminatı hədəf qoyulub. Bakı intensiv, çoxtərəfli diplomatiya ilə gözləniləndən daha artığına nail oldu. Yeni İqlim Maliyyə Məqsədinin qəbulu iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə transformativ bir addımdır. Həmin iddialı hədəfin dünyanın iqlim böhranını həll etmək üçün resursları hansı mexanizmlə səfərbər etməsi ilə bağlı çevik və geniş təsirləri olacaq”.
Bildirib ki, qısamüddətli dövrdə bu yeni məqsəd güclü öhdəlik siqnalı verir. O, fəlakətin bərpasından tutmuş gələcək iqlim sarsıntılarına qarşı dayanıqlılığın yaradılmasına qədər iqlim dəyişikliyinin həssas dövlətlərin aktual ehtiyaclarını ödəmək üçün daha çox vəsaitin olmasını təmin edir. İnkişaf etmiş ölkələr qısa müddətdə öz maliyyə öhdəliklərini yerinə yetirmək üçün büdcə prioritetlərində lazımi düzəlişlər etməlidirlər, əks halda inkişaf etməkdə olan ölkələrin artan təzyiqi ilə üzləşəcəklər. Eyni zamanda, həmin artırılmış maliyyə hədəfinin əhəmiyyətli özəl investisiyaları, o cümlədən dövlət maliyyəsindən əlavə, özəl sektordan daha çox iştirakçı cəlb etməsi gözlənilir. Maliyyələşdirmədəki bu artım inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin təsirlərinin azaldılması və uyğunlaşma səyləri ilə bağlı sürətli tədbirlər görməyə imkan verəcək. Uzunmüddətli perspektivdə yeni maliyyə hədəfi davamlı və dayanıqlı qlobal iqtisadiyyata keçidi sürətləndirəcək.
Artan maliyyə axınları 2030-cu ilə qədər bərpaolunan enerji, dayanıqlı kənd təsərrüfatı və iqlimə davamlı infrastrukturun geniş şəkildə tətbiqinə təkan verəcək. Bu maliyyə hədəfi, həmçinin qlobal maliyyə sistemlərini yenidən formalaşdırmaq, iqlim mülahizələrini iqtisadi strategiyalara daxil etmək və özəl sektor tərəfdaşlıqları vasitəsilə innovasiyaları təşviq etmək potensialına malikdir.
İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirilib
Ötən COP-da İtki və Zərər Fondu yaradılmış, Dünya Bankı ona hamilik etməsi üçün seçilmişdi. Lakin prosesin illərdir uzanması bu sahədə SİDS və LDC-lərə maliyyə yardımının əlçatanlığını çətinləşdirirdi. Bu baxımdan COP29 Sədrliyi sentyabr ayında bu fondun 3-cü idarə heyəti iclasına ev sahibliyi etdi və Bakıda bir çox strateji qərarlar qəbul edildi. Fonda icraçı direktorun seçilməsi, ev sahibi ölkənin Filippin olaraq müəyyənləşdirilməsi və Dünya Bankı ilə Fondun İnam razılaşmasının (Trustee Agreement) imzalanması məhz COP29 Sədrliyinin təşəbbüsü və səyləri nəticəsində oldu.
Bu strateji qərarlar sözügedən fondun işlək vəziyyətə gəlməsini daha da tezləşdirdi və COP 2025-ci ildən bu fondun tam fəaliyyətə başlaması üçün konsensus əldə etdi.
6-cı maddənin qəbul edilməsi ilə bağlı uğur əldə olundu
COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Müvafiq karbon bazarlarından maliyyə axınları 2050-ci ilə qədər ildə 1 trilyon ABŞ dollarına çata bilər. Onlar, həmçinin milli iqlim planlarının həyata keçirilməsi xərclərini ildə 250 milyard ABŞ dolları həcmində azaltmaq potensialına malikdir.
İnklüziv COP29
Ölkəmizdə azad, təşəbbüskar, inklüziv vətəndaş cəmiyyəti formalaşıb. Bütün dünya COP29 zamanı müxtəlif formatlı, hətta kifayət qədər tənqidi mövqedə olan vətəndaş cəmiyyətinin aksiyalarını məhz Azərbaycanda izlədi. İştirakçıların vətəndaş cəmiyyəti üçün yaradılan inklüziv şəraitdən məmnun qaldıqlarını deyə bilərik. COP29 Sədrliyi həm Mavi Zonada, həm də Yaşıl Zonada QHT-lər üçün xüsusi pavilyon ayrılmasına dəstək olmuşdu. Eyni zamanda, Konvensiya katibliyinə müraciət etməklə, bir çox QHT, həmçinin Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələri Mavi Zonada müəyyən olunmuş yerlərdə aksiyalar keçirə bildilər. Beləliklə, COP29 bütün maraqlı tərəflərin səslərinin eşidildiyi platforma kimi yadda qaldı. Bu, ən yaxşı təcrübə idi.
Qaliblər mühakimə olunmur!
COP29 ərəfəsində Azərbaycanın uğurlarına kölgə salmağa yönəlmiş böhtan kampaniyaları uğursuzluğa düçar oldu. Həmin kampaniyalar əksər hallarda, ölkəmizin beynəlxalq nüfuzunu sarsıtmağa, onun daxili və xarici siyasətinə dair faktları təhrif etməyə, qlobal səviyyədə nüfuzuna xələl gətirməyə hədəflənmişdi.
Qərb dövlətlərinin, xüsusilə Avropa Parlamenti, Lüksemburq Deputatlar Palatası, Belçika Parlamenti, Almaniya, Fransa və digərlərinin dəstək verdiyi belə kampaniyalar beynəlxalq ictimaiyyəti manipulyasiya etmək, konfransı absurd ittihamlarla siyasiləşdirmək məqsədi güdürdü.
Anti-Azərbaycan qüvvələr, Qərb ölkələri tərəfindən maliyyələşdirilən lobbiçilər və qurumlar öz ölkələrinin iqlim öhdəliklərini yerinə yetirmədikləri halda, inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyini təmin etmək əvəzinə, öz imicini artırmaq, BMT-nin iqlim konfransından fürsət kimi istifadə etməklə COP29 Sədrliyini ittiham etməyə çalışdılar. Bununla belə bu iddialara baxmayaraq, Azərbaycan davamlı inkişaf prinsipləri üzrə öhdəliklərə nail olmaq qabiliyyətini hər şəkildə göstərib, bunu iqlim konfranslarında və qlobal təşəbbüslərdə fəal liderliyi ilə sübut edir. Dövlətimizin başçısının dediyi kimi, bizə heç kim heç nəyi diktə edə bilməz, biz nəyi, nə zaman, necə icra etməyi özümüz yaxşı bilirik. Ölkəmizin beynəlxalq arenada nüfuzu, gücü elə ona qarşı haqsız ittihamlar, dezinformasiyalar yayan qurumlara layiqli və yerində cavab verməsindən irəli gəlir. COP29 zamanı Kiçik Ada dövlətlərinin liderlər Sammitində Qlobal Cənubdan olan dövlətlərin başçıları Qlobal Cənubun maraqlarını ifadə edən, Qərbin riyakarlığını ifşa edən lideri - Prezidentimizi dəqiqələrlə alqışladılar.
“Ölkəmiz beynəlxalq ictimaiyyətlə əməkdaşlığa və iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişafın təşviqi də daxil olmaqla, bütün öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bir daha bəyan edib. Azərbaycan iqlim sazişlərinə və istixana qazlarının emissiyasının azaldılmasına dair milli məqsədlərinə tam sadiqdir. Ölkəmiz enerji səmərəliliyini artırır, beynəlxalq arenada məsuliyyətli və etibarlı tərəfdaş kimi nüfuzunu möhkəmləndirir. Bununla da Azərbaycan ekoloji və iqlim siyasətində lider, eləcə də qlobal səhnənin mühüm aktoru kimi öz mövqeyini möhkəmləndirib. Azərbaycanın bunu bacara biləcəyindən şübhə edən Qərb dövlətlərinə isə bir mesajımız var: Qaliblər mühakimə olunmur!”, - deyə Pərvanə Vəliyeva əlavə edib.