AZ

Vaxt məlum oldu

Növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı məlum olub. Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 27-də keçirilən iclasında qəbul olunub. Qərara əsasən, ölkədə bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. İclasda həmçinin “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə olunaraq təsdiqlənib.

Ölkədə indiyə qədər keçirilən bələdiyyə seçkiləri

Ölkə ərazisində bələdiyyələrin formalaşdırılması idarəetmədə çevikliyin təmin edilməsi və inklüzivliyin artırılması baxımından böyük önəm daşıyır. Respublikamızda yerli özünüidarəetmə institutunun yaradılmasının əsası sabiq Prezident Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Onun rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci il tarixində ölkədə keçirilən ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında yerli özünü?darəetmənin təşkili və idarəçilik prinsiplərini müəyyən edən müddəalar yer alıb. Konstitusiyanın 142-ci maddəsinə müvafiq olaraq Azərbaycanda yerli özünü idarəetməni bələdiyyələr həyata keçirir. Prezident Heydər Əliyev 27 iyul 1999-cu il tarixində  “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə müvafiq fərman imzalayıb və bu sənədə əsasən ölkəmizdə ilk bələdiyyə seçkiləri 1999-cu il 12 dekabr tarixində baş tutub. Həmin seçkilərdə  məntəqə seçki komissiyalarına 21 siyasi partiyanın 5 mindən çox namizədi daxil edilib. 2667 bələdiyyəyə namizədlər qismində 35,6 min insan qeydiyyata alınıb. Səsvermədə 4.312.265 ölkə seçicilərindən 52,6 faizi iştirak edib. Seçkilər nəticəsində 20456 bələdiyyə üzvü seçilib və 2667 bələdiyyə formalaşıb.

Bundan sonra Azərbaycanda 2004, 2009, 2011, 2014 və 2019-cu illərdə olmaqla bələdiyyə çeçkiləri uğurla baş tutub. İlk bələdiyyə seçkilərindən sonra əldə olunan təcrübə, qanunvericilik bazasının getdikcə təkmilləşdirilməsi həm yerli özünüidarəetmə orqanlarının funksionallığına öz müsbət təsirini göstərib, həm də yerli sakinlərdə bələdiyyələrə inamı artırıb. Təsadüfi deyil ki, bundan əvvəl 2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə çeçkilərinə cəmiyyətimizdə böyük maraq olub, həm də seçkilər ciddi rəqabət şəraitində baş tutub. Həmin seçkilər 125 seçki dairəsinin 118-də, 5049 seçki məntəqəsi üzrə keçirilib. 1606 bələdiyyəni əhatə edən seçkilərdə 15156 bələdiyyə üzvlüyünə 41462 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərdə 13 siyasi partiya iştirak edib. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin də iştirakı ilə MSK-nın 2020-ci il yanvarın 11-də keçirilmiş yekun iclasında geniş müzakirə olunduqdan sonra yekdilliklə qəbul edilən qərarda 39 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi, 9 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilən bütün 1597 bələdiyyənin tərkibinin formalaşmasının (yalnız 2 bələdiyyə tam tərkibdə formalaşmadı) nəzərə alınması və bələdiyyələr üzrə seçilən üzvlərin siyahısının elan olunması öz əksini tapıb. Onu da qeyd etmək yerinə düşər ki, ölkəmizdə indiyədək keçirilən büyün bələdiyyə seçkilərinin qalibi məhz Yeni Azərbaycan Partiyası (YAP) olub. Bu fakt Azərbaycan cəmiyyətinin YAP-a olan böyük inamının təsdiqidir.

Bələdiyyələrin yenidən təşkilatlanması

Azərbaycanın islahatlar kursuna uğun olaraq yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir çağırışlar əsasında qurulması istiqamətində də davamlı tədbirlər görülür. Bələdiyyələrin yenidən təşkilatlanması bu istiqamətdə atılan növbəti mühüm addımdır. Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunu təsdiq edib. Bələdiyyələrin birləşməsi əsasında yeni bələdiyyə strukturları yaradılacaq. Dəyişikliklərə əsasən, paytaxtın 3 rayonunda bələdiyyələrin yenidən strukturlaşması təmin olunacaq. Paytaxt üzrə bələdiyyələrin yenidən təşkili Xəzər, Səbail və Qaradağ rayonlarını əhatə edəcək.

Regionlarda da yerli özünüidarəetmə orqanlarının birləşdirlməsi yolu ilə daha iri bələdiyyələr formalaşdırılacaq.  “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlara edilən əlavə və dəyişikliklərə əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı  3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyələrlə birləşdirilir. Nəticədə, bələdiyyələrin sayı 3 dəfəyə yaxın azaldılaraq 1450-dən 685-ə endiriləcək. Struktur dəyişikliyi nəticəsində 2025-ci ildə təxminən 800 bələdiyyə hüquqi statusunu itirmiş olacaq.

Bütövlükdə, respublikamızda bələdiyyə seçkilərinin keçirilməsinin əsas hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul olunmuş “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2003-cü ildən isə Azərbaycan Respublikasının Seçki Məcəlləsi təşkil edir.

MÜBARİZ

Seçilən
20
yeniazerbaycan.com

1Mənbələr