AZ

Paşinyan “od”la oynayır: KTMT-dən imtina ona baha başa gələ bilər

“Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməməsi təəccüblü deyil”.

Bu barədə Bakıvaxtı.az-a politoloq Turan Rzayev bildirib.

Onun sözlərinə görə, prinsipcə o ilk dəfə deyil ki, KTMT tədbirində iştirak etmir. Paşinyan son illərdə balans siyasəti aparmağa çalışır:

“Məsələn, o ya KTMT, ya da MDB görüşlərində iştirak etməyərək Rusiya ilə məsafəli davrandığını nümayiş etmək istəyir. Digər tərəfdən isə Qərbə inteqrasiya siyasətini davam etdirir. Paşinyan Rusiyanın Qərbin tətbiq etdiyi sanksiyaları azaltmağa da kömək edir. İqtisadi əlaqələr ildən-ilə artır. Bununla da Rusiya ilə əməkdaşlıqda maraqlı olduğunu göstərir. Paşinyan fərqindədir ki, Ermənistanın KTMT-də olması onun Qərbə inteqrasiya siyasətinə maneədir. Amma rəsmi İrəvan KTMT-dən çıxa bilmir. Bu cür davranışla KTMT-dən xaric edilmək niyyəti güdür. Rusiya isə çətin ki bunu etsin. Ermənistan bu təşkilatın tədbirlərində iştirakını dondurduğunu bəyan edib. Bu, qanunsuzdur. Çünki adıçəkilən təşkilatda fəaliyyətini dondurmaq deyə bir anlayış yoxdur”.

Müsahibimiz qeyd edib ki, rəsmi İrəvan KTMT-dən çıxmaq prosesinə başlamaq üçün rəsmi müraciət etməyib. Cənubi Qafqaz kimi bir regionda ölkələr tərəf seçə bilməz. Bu yazılmayan qanundur:

“Əgər tərəf seçərsənsə, bir tərəfi həm də qarşına almış olarsan. Azərbaycan müstəqilliyin ilk illərində az qala bu səhvi edirdi. Amma mərhum prezident Heydər Əliyev bu səhvi düzəltdi, balans siyasətinin əsasını qoydu. Prezident İlham Əliyev isə hakimiyyəti müddətində bu balansı daha dərin və beynəlxalq vəziyyətə uyğun hala gətirdi”.

Turan Rzayev: Ermənistan gec-tez tərəfini elan etməlidir

T.Rzayev onu da bildirib ki, Gürcüstan və Ermənistan hələ indi bu balansın fərqindədir:

“Lakin onun tətbiqi üçün çox gecdir. Bəli buna cəhd edirlər, amma bir dəfə tərəf seçmisənsə, artıq həmişə bir tərəfə aidsən. Tərəf seçən ölkənin tərəfsizliyi mümkün deyil. Bu mənada Ermənistanın bu gün etmək istədiyi tərəfsizlik effektiv deyil. Yəni Ermənistan gec-tez tərəfini elan etməlidir”.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün Astanada keçiriləcək sammitində iştirak etməyəcək.
Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bunu “ Ermənistan Respublikasının KTMT-nin fəaliyyətində iştirakın dondurulması ilə bağlı mövqeyi dəyişməməsi ilə” əlaqələndirib.

Aydın Baxış

Seçilən
8
bakivaxti.az

1Mənbələr