AZ

Azərbaycan dünyaya yaşıl qətiyyət etalonu təqdim etdi

Son illər bir sıra enerji və nəqliyyat-logistika layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi tanınan Azərbaycan Respublikası beynəlxalq arenada mühüm tərəfdaş və strateji müttəfiq kimi öz mövqeyini getdikcə möhkəmləndirir. Hazırda isə qlobal iqlim dəyişikliklərinin mənfi təzahürləri ilə mübarizənin ön sıralarında yer alan ölkəmiz dünyanın prioritet elan etdiyi enerji keçidi platformasına da mühüm töhfələr verir. Elə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin də Azərbaycana etibar edilməsi məhz ölkəmizə olan beynəlxalq inam və etimadın göstəricisi idi. Sevindirici haldır ki, Azərbaycan bu mühüm vəzifənin də öhdəsindən layiqincə gələrək iqlim dəyişiklikləri ilə mübarizə sahəsində tarixi uğurlara imza atdı.

Milli Məclisin deputatı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər ALLAHVERƏNOV dedi:

– Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının ölkəmizdə keçirilmiş 29-cu sessiyasının (COP29) yekunları və onun uğurlu nəticələri Azərbaycan vətəndaşı kimi hər birimizdə qürur hissi doğurur. Çünki dünyanın indiyədək iqlim dəyişiklikləri ilə mübarizə sahəsində əldə etdiyi ən böyük uğurlara məhz Bakı iqlim konfransında imza atıldı.

Qeyd etmək istəyirəm ki, COP29-a qədər olan proseslər onu göstərirdi ki, Azərbaycan paytaxtında keçiriləcək iqlim müzakirələrində kifayət qədər vacib məsələlər müzakirəyə çıxarılacaq. Elə Bakı iqlim konfransından əvvəl kifayət qədər iddialı, tam fərqli qütblərin və ziddiyyətli mövqe sərgiləyən qüvvələrin fikirlərini əks etdirən, hətta mübahisə doğuracaq məsələlərin gündəliyə salınması ilə bağlı müəyyən təkliflərin irəli sürülməsi də bunu təsdiq edirdi. Ümumilikdə isə, dünyanın bu məsələlərlə bağlı skeptik bir yanaşması vardı.

Məlum olduğu kimi, COP29-un Azərbaycana həvalə olunması ilə bağlı qərar ötən ilin sonlarında Dubayda keçirilmiş COP28-də qəbul edilmişdi. Bu ilin fevral ayından etibarən isə Azərbaycan çox ciddi şəkildə COP29-a hazırlaşmağa başladı. Elə bir sıra konseptual qərarlar da məhz həmin ayda verildi. Ən vacib qərar isə, heç şübhəsiz, ölkəmizin təşəbbüsü ilə COP28, COP29 və COP30 sədrliklərindən ibarət “Troika” kimi tanınan üçlüyün yaradılması idi. Üç ölkənin nümayəndələrindən ibarət platformanın qarşısına kifayət qədər iddialı hədəflər qoyuldu. Xüsusən də COP29-un iqlim maliyyəsi gündəliyinin müəyyən olunması və ondan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı üzərinə çox böyük öhdəliklər düşdü.

Təsadüfi deyil ki, elə məhz həmin kontekstdən çıxış edərək COP29-u haqlı olaraq iqlim maliyyəsi COP-u da adlandırırdılar. Çünki iqlim maliyyələşməsi ilə bağlı çox ciddi qərarlar məhz Bakıda verilməli idi. Nəticə etibarilə uzun çəkən danışıqlar, Azərbaycanın vasitəçiliyi ilə keçirilən görüşlər, tərəflərin tamamilə ziddiyyətli mövqeyi – qlobal Cənub və qlobal Şimala aid edilən dövlətlərin bəzi hallarda maliyyə hədəfləri ilə bağlı məsələlərə fərqli yanaşması, xüsusən də inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan dövlətlərə maliyyə yardımı edilməsindən yayınmağa cəhdlər göstərməsi kimi məsələlər bu və ya digər şəkildə özünü büruzə verirdi. Hətta deyərdim ki, dünyanın inkişaf etmiş ölkələrində məsələyə skeptik yanaşanlar və bundan irəli gələrək müəyyən mənada proseslərə elə də fəal qoşulmayan tərəflər də var idi. Onlar hesab edirdilər ki, COP29 da COP28 kimi heç bir nəticə əldə olunmadan bitəcək, əsas qərarlar isə COP30-da qəbul ediləcək. Amma bütün bunlara baxmayaraq, Azərbaycan bu prosesə çox inamlı şəkildə start verdi. Ölkəmizdə təşkilatçılıq nöqteyi-nəzərindən uğurlu işlər görüldü. COP29 günlərində isə qərarların qəbul olunması sahəsində konseptual addımlar atıldı.

Qeyd etmək istəyirəm ki, ölkəmiz qarşıya qoyulmuş hədəflərə heç də rahat olmayan bir şəraitdə çata bildi. Çünki geosiyasi müstəvidə cərəyan edən gərginliklər, müxtəlif qitələrdə gedən müharibələr, eləcə də dünyanın aparıcı dövlətlərinin hazırda diqqəti daha çox özlərinin təhlükəsizlik sistemi ilə bağlı məsələlərə yönəltməsi ilk baxışdan iqlim mövzusunu bir qədər arxa plana atmışdı. Amma Azərbaycanın səyi nəticəsində bu məsələ yenidən önə çıxarıldı. Ölkəmiz iki həftə ərzində dünyanın bütün informasiya resurslarının şahidliyi ilə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına uğurla ev sahibliyi etdi. Bu konfransda qəbul olunan mütərəqqi qərarlar isə hələ uzun müddət müzakirə olunacaq. Çünki Bakı iqlim konfransında qəbul edilmiş qərarlar, həqiqətən də, planetimizin gələcəyinin zəmanətli şəkildə təmin olunmasına xidmət edən qərarlardır.

Bəs həmin qərarlar hansılardır? İlk öncə Bakı Maliyyə Məqsədi barədə razılaşmanın əhəmiyyətini diqqətə çatdırmaq istəyirəm. Hər şeydən əvvəl, COP29-un Bakı Maliyyə Məqsədi sənədi inkişaf etmiş ölkələrin 2035-ci ilədək inkişaf etməkdə olan ölkələr üçün hər il, ən azı, 300 milyard dollar vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirdi. Artıq ümumi razılığa gəlindi ki, bu həcmdə vəsait həm də inkişaf etməkdə olan dövlətlərə veriləcək. Doğrudur, onların gözləntiləri 2035-ci ilədək bu məbləğin 1 trilyon dollardan daha yuxarı olması ilə bağlı idi. Yeri gəlmişkən, iqlim maliyyələşdirilməsi ilə bağlı növbəti hədəf – 1,3 trilyon dolların ayrılması ilə bağlı müəyyən razılığa da məhz COP29-də gəlindi. Düşünürəm ki, Bakı Maliyyə Məqsədi ilə bağlı razılığın əldə olunması faktiki olaraq təkcə COP29-un yox, ümumilikdə, bütün COP-ların ən uğurlu qərarlarından biri hesab olunur. Çünki indiyədək belə bir məbləğ barədə heç düşüncələr belə yox idi. Bu heç inandırıcı da görünmürdü. Çünki, qeyd etdiyim kimi, inkişaf etmiş ölkələr bundan hər vəchlə yayınmağa çalışırdılar.

COP29-da Paris sazişinin 6-cı maddəsi tam olaraq işlək vəziyyətə gətirildi. Bu da son dərəcə mühüm bir nailiyyətdir. Çünki 2015-ci ildən bəri Paris sazişinin bu maddəsi ilə bağlı çoxlu mübahisəli, ziddiyyətli fikirlər mövcud idi. Bu sahədə müəyyən polemikalar aparılırdı. Amma bütün bunlara baxmayaraq, heç bir razılıq əldə olunmurdu. Hətta COP29-a qədər sözügedən maddə ilə bağlı mənfi fikirlər də səsləndirilirdi. Amma COP29-da Azərbaycanın xüsusi səyi nəticəsində Paris sazişinin 6-cı maddəsi ilə bağlı razılıq əldə olundu. Qeyd edim ki, bir ölkədə emissiyanın azaldılması hesabına karbon bazarları vasitəsilə digər ölkədə emissiyaların çox olmasının tarazlaşdırılmasına razılığın verilməsi, bütövlükdə, Paris sazişinin 6-cı maddəsinin təmin olunmasına xidmət edən vacib bir elementdir. Bu da olduqca təqdirəlayiq bir haldır.

COP29-un növbəti uğuru 2025-ci ildə fəaliyyətə başlayacaq İtki və Zərər Fondunun təsdiqi ilə bağlıdır. Xatırladım ki, 2022-ci ildə yaradılmış bu fond vasitəsilə müəyyən vəsaitin akkumulyasiya olunması ilə bağlı fikirlər var idi. Amma bu fondun işlək mexanizmə çevrilməsi ilə bağlı yekun qərar məhz Bakıda verildi. Artıq ölkələr tərəfindən İtki və Zərər Fonduna vəd edilən vəsaitin həcmi 730 milyon dolları ötüb. Bu da onu göstərir ki, artıq fond iqlim dəyişikliklərinin təsirlərinə məruz qalan ölkələrə böyük həcmdə maliyyə yardımı ayırmaq iqtidarındadır.

Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması da COP29-un önəmli qərarlarındandır. Bu olduqca vacib bir sənəddir. Çünki adaptasiya məsələsi Paris sazişinin ikinci mühüm məqsədlərindən biridir. Yol Xəritəsinin məhz COP29-da Azərbaycanın təşəbbüsü ilə yaradılması ölkəmizin çox böyük uğurlarından biri hesab edilir.

Bütövlükdə isə, sadaladığım bu uğurlar hesabına Bakıda iqlim dəyişiklikləri ilə mübarizədə dönüş nöqtəsinin baş verdiyini böyük əminliklə söyləmək olar. Dönüş nöqtəsi, həm də onunla bağlıdır ki, Azərbaycanda keçirilən COP29 bir çox müsbət presedentlərin əsasını qoydu. Gələcəkdə COP formatında keçiriləcək tədbirlər üçün çox yüksək bir format müəyyənləşdirildi. Bu format çox ideal, həm də olduqca iddialıdır. Eyni zamanda, Azərbaycanın praqmatik baxışı bu formatın əlçatanlığının təmin olunmasına xidmət etdi.

Məlum olduğu kimi, Azərbaycanın çoxsaylı tərəfdaşları, strateji müttəfiqləri var. Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Ölkələri Təşkilatında və digər platformalarda ölkəmizi dəstəkləyən dövlətlərin sayı getdikcə artır. Azərbaycanın sadaladığım bu platformalarda uğurlu təmsilçiliyi, eləcə də ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini getdikcə gücləndirməsi həmin dövlətlərin bizə olan inamını daha da artırdı. Nəticədə, Azərbaycana yenidən etimad göstərildi, tərəfdaşlarımız və müttəfiqlərimiz iqlimlə bağlı uğurların əldə olunmasında ölkəmizin yanında oldular. Bunun da nəticəsində Azərbaycan, sadəcə, ev sahibi yox, həm də iqlim cəbhəsində iştirak edən ölkələr sırasında öncül mövqe qazandı.

COP29-da qəbul edilən bir sıra mühüm qərarlar onu göstərdi ki, Azərbaycanın məsələyə yanaşması, baxış bucağı, ölkəmizin bununla bağlı perspektivləri, üzərinə götürdüyü öhdəlikləri, regional müstəvidə bir çox uğurlu fəaliyyətlərin həyata keçirilməsi, xüsusən də yaşıl iqtisadiyyata keçid, yaşıl energetikasının inkişaf etdirilməsi sahəsində əldə etdiyi uğurlu nəticələri COP30-da və bundan sonra keçiriləcək digər iqlim tədbirlərində nümunə olaraq göstəriləcək. Eyni zamanda, planetar mahiyyət kəsb edən bu kimi formatlarda və dünyada gedən proseslərin fövqündə, xüsusilə də iqlim dəyişiklikləri ilə mübarizə sahəsində Azərbaycanın ön mövqelərdə qərarlaşması olduqca qürurvericidir.

Ümummilli mahiyyət kəsb edən bütün məsələlərdə xalqımız hər zaman dövlətimizin, cənab Prezidentin yanındadır. İqlim dəyişikliyi ilə mübarizə sahəsində dövlətimiz tərəfindən həyata keçirilən strategiya da həmin mühüm məsələlərdəndir. Bu mövqedən çıxış edərək düşünürəm ki, hər bir vətəndaş da iqlim dəyişiklikləri ilə mübarizə kontekstində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icra olunmasına öz töhfəsini verməklə iştirakını gücləndirməlidir. Bu prosesdə kifayət qədər fəal rol oynayan qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə yaradılmış bir çox platformalar da bu istiqamətdə növbəti uğurların əldə olunmasına xidmət edəcək. Eyni zamanda, milli qeyri-hökumət təşkilatlarının bir çox istiqamətlərdə uğurla fəaliyyət göstərməsi, onların ayrı-ayrı qütblərdə müxtəlif koalisiyaların yaradılmasında yaxından iştirakı dövlət olaraq öz üzərimizə götürdüyümüz bir sıra vacib öhdəliklərin uğurla icra olunmasını təmin etmək üçün əlavə QHT seqmentinin prosesə daha fəal şəkildə qoşulmasına imkan yaradacaq. Əminliklə deyə bilərəm ki, Braziliyada keçiriləcək növbəti COP30-da həmin beynəlxalq platforma və koalisiyalar il ərzində qazanacaqları uğurları təqdim edə biləcəklər.

 

Seçilən
10
xalqqazeti.az

1Mənbələr