AZ

AYİB-nin ölkəmizlə bağlı nikbinliyi

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda orta illik inflyasiyanın bu il 2023-cü ildəki 8,8 faizdən 3,5 faizə qədər azalacağını proqnozlaşdırır. Bu barədə məlumat bankın hesabatında yer alıb.

AYİB-in proqnozlarına görə, Azərbaycanın tədiyyə balansının cari hesabının profisitinin ÜDM-yə nisbətinin ötən ildəki 9,9 faizə qarşı 2024-cü ilin yekunlarına əsasən 8,5 faiz təşkil edəcək. Ölkəmizdəki cari makroiqtisadi mühitə toxunan bank qeyd edir ki, 2024-cü ildə ÜDM-in artım tempi sürətlənib, inflyasiya isə azalıb. Neft-qaz sektoru “mavi yanacağa” olan güclü tələbat sayəsində artım trayektoriyasına qayıdıb.

İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonu həddində (4+/-2) qaldığını vurğulayan hesabat müəllifləri qeyd ediblər ki, enerji daşıyıcılarının ixracı və dövlət investisiyaları növbəti illərdə ölkənin ÜDM artımını stimullaşdırmağa davam edəcək. “Bizim qiymətləndirmələrimizə görə, Azərbaycanda real ÜDM artımı 2024-cü ildə 3,8 faiz, 2025-ci ildə isə 2,7 faiz təşkil edəcək. Proqnoz neft və qaz qiymətlərinin dəyişməsinə, həmçinin regionda geosiyasi qeyri-sabitliyə qarşı çox həssasdır”, – deyə hesabatda vurğulanıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 2024-cü ildə ÜDM artımını 4,2 faiz, gələn il isə 3,5 faiz səviyyəsində proqnozlaşdırır. Orta illik inflyasiya proqnozu müvafiq olaraq 2,7 faiz və 4,6 faiz təşkil edir. Yeri gəlmişkən, Azərbaycan iqtisadiyyatı 2023-cü ildə 1,1 faiz artıb, orta illik inflyasiya isə 8,8 faiz səviyyəsində olub.

Seçilən
9
xalqqazeti.az

1Mənbələr