AZ

Səbuhi Səfiyarlı: “Hər şey plana uyğun getdi” - “Qəbələ” camiəsi Yevlaxı fəth edəcəyinə inanır

Birinci liqada 8-ci turun mərkəzi oyunu Yevlaxda – “Karvan”la “Qəbələ” arasında keçiriləcək.

Hazırda 1-ci liqanın lideri olan “Karvan”ın 18, ikinci yerdə qərarlaşan “qırmızı-qaralar”ın isə 17 xalı var. Tam bir zirvə döyüşü izləyəcəyik. Yəqin ki, yalnız “Qəbələ”nin Yevlax səfərindən sonra bu iki komandadan hansının daha güclü olduğunu demək olar.

Bəs “Qəbələ” bu oyuna xüsusi şəkildə hazırlaşırmı? Klubun idman direktoru Səbuhi Səfiyarlının “Futbol+”ə cavabı:

“Karvan”la oyuna adi çempionat oyunu kimi hazırlaşırıq. Hazırlaşmaq üçün xeyli vaxtımız var idi. Hər şey plana uyğun getdi. Cəzalı durumda olan futbolçumuz yoxdu. Zədəlilərimiz var idi, onlar da artıəq komanda ilə məşqlərə başlayıb. Düzdü, şempionluğun taleyi baxımından vacib oyundu. Biz də lazımı qaydada hazırlaşırıq”.

Görəsən, “Red Black Army” önəmli səfər qarşılaşmasına necə yollanacaq? Fanklubun rəhbəri Cavad Şəriflinin fikirləri:

“Qəbələ”nin yoldaşlıq oyunlarında və məşqlərində iştirak edirik. “Karvan”la oyunda da qrup şəklində olacağıq. Sayımız dəqiq deyil. Amma ən əsası Yevlaxda komandamızın yanında olacaq və dəstəyimizi tribunadan göstərəcəyik. Komandamızdan yaxşı mübarizə gözləyirik. Sonda qələbə qazanacağımıza inanırıq. Rəqibimiz də güclü heyətə malik olan bir komandadı. Ümidvarıq ki, vacib 3 xal bizim olacaq”.

RÖYANƏ OĞUZ
Seçilən
20
football-plus.az

1Mənbələr