Deputatlar sosial məsələlərlə bağlı nazirə ünvanlı sərt çıxışlar etdilər, spikerdən iradlar gəldi
Noyabrın 27-də spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən Milli Məclisin iclasında 2025-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirildi. “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda müzakirə edildi.
Deputat Ceyhun Məmmədov hökumət üzvlərinə xitabən bəzi məsələlərə diqqət çəkdi. Bildirdi ki, bu gün müharibə iştirakçılarına ayrılan vəsait cəmiyyətdə ən geniş müzakirə olunan məsələlərdən biridir: “Məlum məsələdir ki, burada yüz minlərlə insandan və böyük vəsaitdən söhbət gedir. Bu məsələ ilə bağlı bir təklifi irəli sürmək istəyirəm. Hazırda qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərq yoxdur. Qeyd olunanları nəzərə alaraq, müharibə iştirakçıları arasında qruplaşdırmanın aparılmasını təklif edirəm. Düşünürəm qısa və uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları ilə uzun müddət döyüşlərdə iştirak edən müharibə iştirakçıları arasında fərqin müəyyənləşdirilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik”.
C.Məmmədov həmçinin bildirdi ki, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılması da yaxşı olardı: “Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var”.
Deputat Razi Nurullayev Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə xitabən ünvanlı sosial yardımla bağlı danışdı: “Sahil müəllim, siz sadəcə elə bir vəzifədə işləyirsiniz ki, orada kim olsa, tənqid və qərəz obyektinə çevriləcək. Belə bir vəzifə yükünü daşımaq da asan deyil və buna anlayıram. Amma hər kəsə məlumdur ki, ünvanlı dövlət sosial yardımı almaq üçün şərtlər çox ağırdır. Bu il müəyyən yüngülləşmə aparılıb, amma yenə də ciddi çətinliklər qalmaqdadır. Doğrudan da ehtiyacı olanlar bunu ala bilmir və mən onlarla dəfə bunun şahidi olmuşam. Səbəb isə şərtlərin ağır olması və bəzən isə ehtiyacı olan tərəfindən həmin şərtlərin yerinə yetirilməsinin obyektiv və subyektiv səbəblərdən heç cür mümkün olmamasıdır. Bilirəm ki, nazirlik hazırda pilot layihə həyata keçirir və məsələnin ədalətlii həlli üçün çalışır. Tam məlumatlı deyiləm, amma belə çıxır ki, nazirlik bütün ailələri bir-bir ziyarət edib ümumi mənzərəni ortaya çıxarmaq və məlumatlara malik olmaq istəyir ki, ünvanlı sosial yardımı da avtomatlaşdırsın. Açığı, bu mənə o qədər də inandırıcı gəlmir. Hörmətli Sahil müəllim bu barədə məlumat versə, yaxşı olar”.
Deputat bir daha nazirə xitab etdi: “Hörmətli Sahil müəllim, bir xahiş də edim ki, ünvanlı sosial yardım yoxlaması aparılan zaman açıb soyuducuları yoxlamasınlar, qazanların içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar. Ailələrə hər kəs kömək edir, biri bazarlıq edir, biri ət gətirə bilər, biri bir kisə kartof və s. Bilirəm ki, bu sizin göstərişiniz deyil, heç qanun da bunu demir, amma bu tip məsələlər insan ləyaqətini alçaldır. Son məqsəd nədir? Ehtiyacı olana ünvanlı sosial yardımın verilməsi. Mən fikirlərimi hörmətli Sahib müəllimlə, aidiyyəti komitə və əlaqədar şəxslərlə bölüşməyə hazıram”.
“Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Jalə Əliyeva sosial problemlərdən danışdı. O, iclasda iştirak edən hökumət üzvlərinin diqqətini mövcud problemlərin həllinə yönəltməyə çalışdı. Bildirdi ki, bu gün ən ciddi problem işsizliklə bağlıdır.
Çıxışa reaksiya verən spiker Sahibə Qafarova deputatları görülən işlərdən də danışmağa çağırdı: “Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, bütün ölkə uçuruma gedir. Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız? Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?” - Milli Məclisin sədri əsəbi şəkildə iradını bildirdi.
Deputat Səyyad Aran öncə ölkədəki inkişafdan danışdı. Qeyd etdi ki, inkişafımız hamımızın gözü qarşısındadır: “Hərdən Bakının televiziyada dronla görüntüsünü verirlər, adam heyran qalır ki, bu bizim şəhərimizdir? Bizim burada söylədiklərimiz isə bəzi xırda-para nöqsanları gün işığına çıxarmaqdır ki, əlaqədar nazirliklər bunu görüb bir az aktiv fəaliyyət göstərsinlər ki, səhvlərimiz olmasın”. S.Aran ardınca detallara toxundu: “Xırda-para məsələlərdən biri budur ki, İmişlinin 1 nömrəli məktəbində 1390 nəfər şagird təhsil alır. Məktəbin cəmi 28 otağı, amma 56 sinfi var. Yeni korpus tikilməlidir. Burada o qədər sıxlıq var ki, 6 gün ard-arda təhsil üsulu ilə işləyirlər. Bunu çoxdan bilirlər, amma əməl etmirlər. Məktəbin akt zalı sınıq, yaman günə qalmış partalarla, stol-stullarla doludur. Bundan başqa, şagirdlər Məhəmmədli kəndindən 7 kilometrlikdə yerləşən Göbəktala və Şahverdili məktəblərinə gedirlər. Onlar asfalt yolla məktəbə gedirlər. Məhəmmədlidə modul tipli məktəb tikmək olmazmı? Problem bununla da həll oluna bilər. Bunu nöqsan kimi demirəm, yada salıram. Bununla yanaşı, Uşaq Mərkəzi Kitabxanasının istilik sistemi yoxdur, elektrik xətləri bərbad vəziyyətdədir, binanın dam örtüyünün dəyişdirilməsinə ehtiyac var, eləcə də qapı və pəncərələrin istismar müddəti bitib. Mədəni maarif müəssisəsində sanitar qovşaq yoxdur. Binanın təmir işlərinin aparılmasına ehtiyac var”.
S.Aran bildirdi ki, icra nümayəndəliklərinin əksəriyyətinin binası yoxdur: “Oruclu kəndində isə tragikomik vəziyyət var. İcra nümayəndəsi sənədləri maşınında gəzdirir və kənddə deyir ki, ay camaat, buradayam, kimin sənəd-sünəd işi varsa, gəlsin. Onlara bir tikili vermək olmaz? Uşaq bağçalarında da vəziyyət yaxşı deyil. Çox təəssüf ki, rayonda uşaq bağçalarının çoxu bərbad vəziyyətdədir, bir çoxu, ümumiyyətlə, yoxdur. Məsələn, Bəhrəmtəpə kimi qəsəbədə uşaq müəssisəsi yoxdur. Allaha şükür, camaatın vəziyyəti yaxşıdır. Gözləyirlər ki, dövlət insanlara pul, traktor versin. Gedin, 10 nəfər yığışın traktor alın, heç kimə də minnət eləməyin. Əsas yeri qazmaqdır, dövlət toxumu, subsidiyanı verir. Sən tənbəlsən, indi nə edək? İzah edirik, sonra başa düşürlər. İnkişaf etmiş çoxlu fermerlər də var. Kim camaatın işi, pulu yoxdur deyirsə, yalandır”.
Milli Məclisin sədri Sahibə Qafarova deputatın fikirlərinə reaksiya verdi: “Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil. Bu bir. İkincisi, hörmətli Səyyad müəllim, sizin sözünüzdən mən belə başa düşdüm ki, elə bilirsiniz mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada mənim çox hörmətli həmkarlarım var. Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm. Tərbiyəm belədir. Burada suallarınıza elə özünüz cavab verdiniz. Çox zaman insanların özləri fəal olmalıdır. Müzakirə edəndə hökumətin, dövlətin etdiyi işlər haqqında da danışmaq lazımdır. Biz xalqı təmsil edirik. Burada isə bəziləri elə çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır. Görülən işlər haqqında danışılmır. Bu qədər işlər görülür. Əlbəttə, çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaata da çalxalanma salmasınlar. Siz dünən deyirsiniz ki, bəzi hökumət üzvləri elə bil qəsdən edirlər, bəzi şeyləri düzgün etmirlər. Bu, kim üçün deyilir?! Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalıdır, ya da dərin bir məntiq olmalıdır. Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də heyvanlardan danışırlar. Yenə də deyirlər sağlam heyvanlar verilmir. Kiminsə gedib soyuducusunu, qazanını yoxlayırlar? Xahiş edirəm, danışanda fikir verin!” Spiker iclasda hər kəsə danışmaq imkanı yaratdığını xüsusi vurğuladı. Bildirdi ki, bütün iclaslarda cari məsələlərin müzakirəsi üçün 30 dəqiqə vaxt ayrılır və bu, ənənəyə çevrilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatların qaldırdığı məsələlərə münasibəti zamanı bildirdi ki, komitə iclaslarında 40-dək sualı cavablandırsa da, plenar iclasda həmin suallar təkrarən qaldırılıb. Onun sözlərinə görə, belə çıxır ki, komitə müzakirələrində verilən cavabların heç bir effekti olmayıb.
Daha sonra S.Babayev deputatları narahat edən məsələlərlə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, hər ilin dövlət büdcəsində əhaliyə ödənişlərlə bağlı 7 milyard manat vəsaitin ayrılması dövlətin siyasətinin göstəricisidir. Nazir qeyd etdi ki, ölkədə son illərdə minimum əmək haqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Onun sözlərinə görə, 2019-cu ildə həssas təbəqədən olan insanlara ayrılan vəsait 400 milyon manat idisə, artıq 1,9 milyard manatdır. Həmçinin 600 minə yaxın əmək müqavilələrinin sayında artım olub. Bunun bir qrupu yeni yaradılan iş yerləridir, digər qrupu isə əmək münasibətlərinin leqallaşdırılmasıdır: “4 milyon insanı, əhalinin 40 faizini əhatə edən siyasətdən söhbət gedir”.
S.Babayev şəhid ailələrinə, müharibə əlilləri, müharibə veteranına göstərilən diqqətdən də bəhs etdi. Bildirdi ki, 130 min şəhid ailəsi, müharibə əlili, müharibə veteranı dövlətin dəstəyindən bəhrələnir. 136 min şəxsə sosial ödəniş edilir. Həmçinin 16 min şəhid ailəsi, müharibə əlilinə ev verilib. 7700 müharibə əlili avtomobillə təmin edilib. 27 min müharibə əlilinə iş yeri yaradılıb. 12 min nəfərə isə özünüməşğulluq çərçivəsində mini təsərrüfatlar yaradılıb. Daha 20 min nəfər digər işlərlə təmin olunub. Nazir qeyd etdi ki, reabilitasiya xismətləri çərçivəsində 68 min xidmət göstərilib. Bundan əlavə, birinci vitse-prezidentin qayğısı ilə 600 müharibə əlili protezlə təmin olunub. S.Babayev qeyd etdi ki, Çernobl, 20 Yanvar əlillərinə də bu dəstək hər zaman var, onlar yaddan çıxmayıb. S.Babayev qeyd etdi ki, ölkədə əlilliyə görə 541 min ödəniş var. Bu insanlara 2,5 milyard manata yaxın vəsait ödənilir.
Müzakirələr bitdikdən sonra “Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi və “İşsizlikdən Sığorta Fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi iki gün davam edən müzakirələrdən sonra birinci oxunuşda qəbul edildi. Spiker Sahibə Qafarova bildirib ki, müzakirələrdə 30 deputat çıxış edib və hər kəsə söz verilib. Bununla yanaşı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi səslənən təkliflər, qaldırılan problemləri bundan sonra da həssas şəkildə araşdırmalıdır. S.Qafarova nazir Sahil Babayevə xitabən hər bir müraciətə fərdi qaydada araşdırmalar aparılmasından sonra cavab verilməsini xahiş etdi. Eyni zamanda spiker sessiyanın gedişində parlamentdə dinləmələrin keçirilməsini, həmçinin komitə sədrlərinin əhalinin maarifləndirilməsi üçün efirlərdə çıxış etmələrini tövsiyə etdi.
Elşad PAŞASOY,
“Yeni Müsavat”