Kulis.az Samirə Əşrəfin Xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayevlə müsahibəsini təqdim edir.
- Emin bəy, babanız ailədə necə idi?
- Həddindən artıq ailəcanlı, ailə adamı olub bu adam. Biz bazarlıq nə olduğunu bilmirdik. Nə anam, nə bibilərim. Bazarlıq eləyəndə üç evə eləyirdi.
- Bildiyimə görə, siz oğul nəvəsisiniz...
- Bəli, mən oğul nəvəsiyəm. Bibimin iki övladı var, biz də iki uşaq olmuşuq. Mən və bacım. Ümumilikdə babamın dörd nəvəsi olub. Bibim qızı Kanadada yaşayır, bibim oğlu, mən və bacım isə burada. Mənə atamdan daha çox babam tərbiyə verib. Çünki elə olub ki, uşaqlıqdan daim fasilələrlə kimsə onun evində yaşayıb. Bibim oğlu uşaqlıqdan evlənənə qədər orada yaşayıb, çünki bibimin yoldaşı qəzada rəhmətə gedib, o uşaq atasız böyüyürdü. Mirzə də onu götürüb, saxlayıb. Sonra mən institutda oxuyanda - 90-cı illərin əvvəllərində o evdə yaşamağa başladım.
- Adətən, nənə-baba yanında böyüyən uşaqlar ərköyün olur. Valideynləriniz orda çox qalmağınıza narazılıq etmirdilər?
- Haqlısınız, atam icazə vermirdi. Deyirdi, sən orada qalsan, avaralanacaqsan, dərs oxumayacaqsan. Amma mən üzgüçülüklə məşğul olurdum. Valideynlərim istəyirdi ki, mən Bədən Tərbiyəsi İstitutuna girim. Yaxşı nəticə göstərirdim. Babam dedi ki, nə bədən tərbiyəsi, mənim nəvəm idmançı-zad olmayacaq. O məni hüquqşünas görmək istəyirdi. Ancaq alınmadı. Çünki 1989-cu ildə ora düşmək asan deyildi... O vaxt universitetin rektoru babama dedi ki, Mirzə, gəl bunu tarixə qoyaq, çünki hüquqa tələbat çoxdur. Birdən alınmaz. Beləcə, mən tarixə girdim.
- Mirzə müəllim mühafizəkar adam idi?
- Müəyyən mənada, hə. O vaxt bir müsahibəsi var idi. O videoyazı var məndə. Müxbir ona sual verir ki, sabah nəvələriniz ailə quranda siz nə dərəcədə iştirak edəcəksiniz? Babam cavab verir ki, mən bilmədən, öyrənmədən nəvəmi kiməsə verməyəcəm. Mən gərək bilim ki, onun ailəsi necədir, kimdirlər, nəçidirlər. Atası, anası kimdir. Belə ailəvi məsələlərdə mühafizəkar idi. Amma geyimə, müəyyən mənada yaşayış tərzinə qarşı müasir adamıydı. Məsələn, bacımın 22 yaşı olanda ona maşın almışdı.
- Yanında siqaret çəkə bilirdiniz?
- Yox. Heç atam da çəkmirdi. Babam 90 il yaşayıb. O, dünyasını dəyişəndən sonra atam da onun dalınca getdi. 2003-cü ildə babam rəhmətə getdi, 2005-ci ildə də atam. Atam öz atasının həsrətini çox çəkirdi. Çünki o, bizim hamımızı özünə bağlamışdı. Atamın 54 yaşı vardı. Babam onu yanından buraxmırdı. O, rəhmətə getməzdən əvvəl mən 31 yaşındaydım, amma məni də kənara qoymurdu. Çünki babam öz ailəsində də bunu görmüşdü. Onlar 7 qardaş olublar. İçərişəhərli, ağşalvarlılardan idilər. Bizim ulu babamızın evi durur hələ də İçərişəhərdə. Babamın kiçik qardaşının qızı yaşayır indi orda. Xanlarovun evi var. Yəqin, eşitmisiniz, böyük nəsildir. Babamın anası Xanlarov nəslindəndir. Babamın ata tərəfi Şamaxıdan gəlmə və alicənab nəsil idi.
- Nənəniz çoxdan rəhmətə gedib, bildiyimə görə.
- Nənəm 1997-ci ildə rəhmətə gedib. Nənəmdən altı il sonra Mirzə müəllim dünyasını dəyişib. Sizi inandırıram ki, həmin altı ildə elə həftə olmadı ki, babam o qəbiristana, nənəmin məzarına getməsin. Mənə zəng eləyirdi ki, axşam işdən bir az tez çıx, gəl, məni götür gedək. Sizə bir detal deyim. Konsertdə ona gül verirdilər, o gülü dərhal aparıb nənəmin məzarına qoyurdu. İndi də bizdə o ənənə qalıb. Təkcə anım günlərində yox, bayramlarda da gedirik. Hamısının məzarı yanbayandır. Bir dənə babam İkinci Fəxri Xiyabandadır.
- Nənəniz dünyasını dəyişəndən sonra, yəqin ki, onun həyatında dəyişiklər oldu...
- Çox darıxırdı onun üçün. Amma həyatı o qədər da dəyişmədi. Çünki bacım köçmüşdü ora, vəfatına qədər babamla yaşadı. Amma yenə də bütün ev işləri onun üzərində idi. Nənəm sağlığında siqaret çəkən olub. Yadıma gəlir, o, həmişə televizorun qarşısında oturub siqaret çəkirdi. Çox, həddindən artıq çox çəkirdi.
- Gəncliyindən çəkirdi, yoxsa yaşlaşandan sonra?
- Dediyinə görə, 45 yaşdan sonra başlamışdı. Babam nənəmin "hə"sini almaq üçün düz 4 il onlara ayaq döyüb. Vermirmişlər. Şuşalı idilər. İmkanlı ailə olublar. Müğənni olduğuna görə babamı qeyri-ciddi adam hesab ediblər. Onlara deyiblər ki, Rübabə, Şövkət Mirzəyə qibtə eləyir, siz qızınızı vermirsiniz.
- Mirzə Babayev siqaret çəkirdi?
- Çox çəkmirdi. Bax, indi mən də elə çəkirəm. Məsələn, hansısa məclisdə 50 qram içib, ardınca bir siqaret çəkə bilərdi. Amma cibində qutu gəzdirmirdi. Hər şeydə normasını bilirdi, həddi aşmırdı.
- Mirzə Babayevin elə bir dövrü olub ki, çox məşhur olub, filmlərə çəkilib. Yaşlanandan sonra sanki bir qədər geri çəkildi. Hətta deyirdilər ki, onu sonradan Brilliant Dadaşova “Kinoklub” verilişində efirə çıxartdı.
- Brilliantla elə bu sözlərinin üstündə mübahisəm olub. Çünki kimsə ona belə qalmaqallı sual vermişdi, o da təxminən, cavabı siz deyən kimi təsdiqləmişdi. Ancaq hamı bilir ki, Mirzə Babayevə həmişə tələbat olub. Əksinə, mən sizə deyim, 90-cı illərdə Brilliant veriliş aparanda, özü, belə deyək də, babamdan yapışmışdı. Çünki o vaxt verilişin reytinqini qaldırmağa çalışırdı. Yəni əksinə, o Mirzə Babayevdən öz məqsədləri üçün istifadə edirdi. Ancaq müəyyən mənada sizin sualınızda da haqlı məqam var. Babamın karyerasının bir dövründə boşluq olub. Bu da daha çox SSRİ-nin dağılması ilə bağlı idi. Lakin yaradıcı böhran olmayıb.
- Kənardan Brilliant xanımı çox istədiyi hiss olunurdu. Münasibətləri necə idi?
- Son illər danışmırdılar. Hətta Brilliant xanım babamın yasına gəlməmişdi.
- Səbəb nə idi?
- Babam hisslərini səmimi şəkildə ifadə eləyirdi. Sevəndə də səmimi sevirdi, söyəndə də. Ola bilsin ki, aralarında nəsə olmuşdu. Nəvələrinin içində ən şuluq mən olmuşam. Deyirdi ki, çıx get burdan, mənim belə nəvəm yoxdur. Bir neçə gün sonra heç nə olmamış kimi zəng eləyirdi ki, neynirsən, axşam gəl, filan yerə gedək. Pisliyi içində saxlamırdı. Mən bilirəm, onların arasındakı mübahisə nəyin üstündə olub. Hansısa kanaldan çəkilişə çağırıblar. Babamın da fonoqram oxumaqdan zəhləsi gedirdi. Ancaq həmin gün nə isə çıxılmazlıq olub, musiqiçi olmayıb. Mirzə müəllim də Brillianta zəng eləyib, deyib musiqiçin, qarmonçalan Ənvərə de, mənimlə gəlsin, canlı musiqilər ifa edim. Brilliant da deyib ki, Ənvər mənə lazımdı, biz axşam toya gedirik. O da inciyib Brillinatdan.
- Bu inciklikdən nə qədər sonra rəhmətə getdi?
- Hardasa 3-4 il sonra. Bu illər ərzində də onlar danışmayıblar. Bu yaxınlarda, İcimai Tv-də Mirzə Babayevə həsr olunmuş bir veriliş idi, orada mən Brilliant xanımla görüşdüm. Yaxınlaşıb məndən üzrxahlıq elədi.
- Yasına gələ bilmədiyinə görə?
- Xeyr. O elə bilmişdi ki, mən bibimin oğlu Ülviyəm. Brilliant Ülvinin toyunda oxuyub. Onda yaxınlaşdı mənə, dedi ki, çox üzr istəyirəm, adınız yadımdan çıxdı, sizin toyunuzda oxumuşam, o kaseti mənə verə bilərsiniz? Dedim ki, siz məni Ülvi ilə səhv salmısınız.
- Məşhur insanların övladları istəyirlər ki, sırf vikipedik məlumatlar yayılsın. Halbuki, bu adamlar həm də şəxsiyyət olublar.
- Bilirsiniz, mənim şəxsi düşüncəmə görə, Mirzə Babayev layiqincə qiymətləndirilməyib. Bunun səbəblərindən biri də onun həddindən artıq əlçatan adam olması olub. Məsələn, siz Rəşid Behbudovu, Zeynəb Xanlarovanı bazarda, avtobusda filan göründüyünü eşitmisiniz? Əlbəttə, yox. Ancaq bu adam belə adam idi. Minirdi avtobusa, orada insanlarla söhbət eləyirdi. Çox sadə adam olub. Siz təsəvvür eləyin, adam gəlir bundan müsahibə almağa, bu da cırıq ev paltarında qapını açır. Xanım gələndə yenə geyiminə əl gəzdirirdi. Amma kişi gələndə şortiki geyinib otururdu. Evə qadın gəldiyini biləndə mütləq hazırlıq görərdi. Qalstuk isə həmişə üstündə olardı. Öyrəşmişdi. Xüsusən də, kəpənək qalstuk taxmağı sevərdi. 100-ə qədər qalstuku var idi. Hamısını saxlamışam.
- Özünə baxan adam idi?
- Babam rəhmətə gedəndə rəhmətlik Heydər Əliyevə onun ölümü barədə məruzə ediblər. O, isə deyib ki, 40-cı illərdə Mirzə çox populyar idi. Elə geyinirdi ki, biz ona baxıb heyran olurduq.
- Xanımlara münasibəti necə idi? Sevgi macəraları olubmu?
- Mən əminəm ki, olub. Ancaq heç vaxt danışmayıb. Çünki yoldaşına çox hörmət eləyirdi. Nənəm həddindən artıq qısqanc qadın idi. Nənəm tez qocalmışdı, yetmiş beş yaşdan sonra evdən çölə çıxmırdı. Amma ayda bir dəfə mən onu salona aparırdım. Mütləq manikür-pedikür olmalı idi. Babam da zarafatyana deyirdi ki, kimin üçün eləyirsən, onsuz da səni görən yoxdur. Mən hələ uşaq olanda bir də görürdüm ki, dalaşdılar. Kişi çox populyar insan idi. 60-cı illərdə bütün SSRİ-ni gəzmişdi. Şərq ölkələrinə də gedirdi. Bu məşhurluğun içərisində qadın mövzuları və qısqanclıq qaçılmaz idi.
- Mirzə müəllim hündürboy idi?
- Yox. 1.73 idi.
- O ifa eləyəndə artistik hərəkətləri eləyirdi. Bu ona problemlər yaradırdı?
- Ona 60-70-ci illərdə qadağa qoyulmuşdu. Xalq artisti adını da ona görə gec vermişdilər. 1957-ci ildə Əməkdar, 1992-ci ilin mayında Xalq artisti adı alıb. Onu dövlət tədbirlərinə çağırmırdılar.
- Nə ilə bağlı idi?
- Səhnədə özünü çox sərbəst apardığına görə. O vaxtlar estrada ifaçılarının iki-üç səhnə duruşu vardı. Bu, Rəşid Behbudovdan tutmuş Bülbülə qədər hamısına aid idi. Bircə Mirzə Babayev qoyulan həmin qaydalara tabe olmurdu. Ancaq Xalq artisti adının verilməməsi ona çox pis təsir eləyirdi.
- Tərs, inadkar adam idi?
- Yox. Bizə qarşı tələbkar idi, özünə qarşı yox. Səhnədə necə idisə, həyatda da elə idi. Deyirdi ki, həyatda artistlik eləmək doğru deyil. O heç vaxt peşəkar şəkildə öz üzərində işləməyib. Anadangəlmə istedadı olub. Konservatoriyaya girib, o da sırf inzibati məsələlərə görə. Heç o da ona lazım deyildi. Özü də deyirdi ki, orada aldığım təhsil mənə heç nə verməyib. Memarlıq təhsili də vardı. Ağdam Musiqi Teatrı memar kimi Mirzə Babayevin layihəsi idi.
- Vətən kinoteatrı da onun layihəsi idi?
- Hə.
- Deyilənə görə, bir dəfə Şövkət Ələkbərova evdə əyləşib Mirzə Babayevə qulaq asırmış. Birdən qayıdıb ki, Mirzənin səsi güclü olmasa da, görün necə ürəkdən oxuyur.
- Onun da, Şövkətin də çox kiçik diapazonu var idi. Floradan fərqli olaraq. Emin Sabitoğlu o vaxt demişdi ki, Mirzənin səsində şirin bir duz, qəribə bir xırıltı var. O xırıltı ani məqamda keçirdi mülayim oktavaya. Sözə, mətnə xüsus önəm verirdi. Mahnıda birinci mətn, sonra musiqi gəlirdi onun üçün.
- Ona görə də onun mahnı mətnləri çox dolğundur.
- Bəxtiyar Vahabzadə deyirdi ki, mənim mətnlərimi heç kim Mirzə kimi dinləyiciyə çatdıra bilmir.
- Deyirsiniz ki, dəyər vermirdilər. Ancaq aktyor olmamağına baxmayaraq, onu nə qədər filmə çəkmişdilər. Heç aktyorlar o qədər filmə çəkilmirdilər.
- Bu günə qədər onun çəkildiyi filmlərin dəqiq sayını bilmirəm. Özü deyirdi ki, 32 filmə çəkilib. Vəfatından sonra saydım, gördüm 38-dir. Sonra getdikcə təzə filmləri çıxırdı. Elə filmlər var, SSRİ məkanında müxtəlif kinostudiyalarda çəkilib, biz hələ heç baxmamışıq. Misalçün, Canni Rodarinin əsəri əsasında çəkilən “Sehrli səs Celsomino” filmi. Hər halda 38 film az deyil.
- Qiymət verilməməyini nə mənada deyirsiniz?
- Partiyanın dediklərini eləsəydi, ona münasibət tamamilə fərqli olacaqdı. Sadə adamları təhlükə kimi görürdülər. Mən axırıncı dəfə Birinci Fəxri xiyabanda 2002-ci ildə olmuşam. Mikayıl Abdullayev rəhmətə gedəndə Mirzə dedi ki, gəl bir az gəzək. Dostlarının çoxu orada idi. Gəzirdi, fikrə dalırdı.
- Mirzə deyirdiniz?
- Yox. Deda deyirdik. Russayağı. Zarafatca dedim ki, sən öləndə harada yer verəcəklər? Çünki ancaq yola yaxın boş yerlər qalmışdı. Dedi, bilinmir, hələ məni burda basdıracaqlar, yoxsa yox. Elə bil hiss eləyirdi. Sağlığında özünə münasibəti görürdü. Elə də oldu. Babam rəhmətə gedəndə, qohumlara dedim, kişini aparıb qardaşlarının yanında basdıraq. Mən hiss eləyirdim ki, babam da öz yerini qardaşlarının dəfn olunduğu məzarlıqda görür. Bilirdi ki, orda ona yer verilməyəcək. Mən yaşadığım küçə 70 il Xanlar adını daşıyıb. Xanlar da Stalinin silahdaşı olub. Baksovetə ərizə yazmışdım ki, yaşadığım küçə 70 ildən çoxdur ki, hansısa inqilabçının adını daşıyır. Dəyişdirin, olsun Mirzə Babayev. Bu gün də nəvəsi orada yaşayır. O məktubdan sonra küçənin adını dəyişdilər, ancaq babamın adını vermədilər.
- Pul qazanan adam idi?
- Bəli. Babamın digər təhsili memarlıq idi. O vaxt yaxşı pul qazanırdı. Rəsmi qonorar alırdı, Yeni il şənliklərinə gedirdi. Bir şənliyə görə ona 50 rubl qonorar yazırdılar. Bir gündə 3-4 şənliyə gedirdi. Elə gün olurdu 200 manat pul qazanırdı. Hamısını da qoyurdu “knişkaya”. 1991-ci ildə, az qaldı, onu infarkt vursun. Banklarda 50.000, 60.000 pulu batdı. Düzdü, biz yaxşı yaşayırdıq. Məsələn, mən ikinci kursda oxuyanda mənə maşın almışdı. Sonradan öyrəndik ki, qazancı ilə xərci arasında böyük fərq var imiş. Qazandığı pullarla 5, 6 ev ala bilərdi.
- Evinizə kimlər gedib-gəlirdi? Evdə məclis qurmağı sevirdimi?
- Mən görməmişəm. Ola bilsin, mənə qədər olub. Qıraqda ola bilərdi. Çünki evdə mühafizəkar idi. Heç vaxt qoymazdı ki, arvadının yanında hansısa yad kişi dəm olsun. Ən yaxın dostları Tofiq Quliyevlə Emin Sabitoğlu idi. Mənim adım Emin Sabitoğlunun şərəfinə qoyulmuşdu. İstəyirdi, atasının adını qoysun: Əbdülcabbar. Anam deyib ki, köhnə addır. Həmin vaxt da Eminlə hansısa mahnı üzərində işləyirdilər. Dedi ki, onda Emin olsun.
- İçirdi?
- İçirdi, amma sərxoş olmurdu. Özünə qoyduğu hədd var idi. Atam sərxoş olurdu, amma babam yox.
- Həm rəssam idi, həm memar. Aktyorluq, müğənnilik. Bunları necə özündə cəmləşdirə bilirdi?
- Ondan başlayaq ki, onlar ayrı-ayrı dövrləri əhatə eləyir. 50-ci illərin ortalarına qədər rəsm çəkirdi. Sonradan çəkməyib. Rəsmlərin hamısı Nizami Ədəbiyyat muzeyindədir. 27 dənə böyük rəsmi var. Nizami muzeyinin daxili tərtibatı Mirzə Babayevə məxsusdur. 30-cu illərə qədər ora mehmanxana olub. 1936-cı ildə qərar verdilər ki, orda muzey olacaq.
- Bir dəfə demişdi ki, Faiq Ağayev müğənni deyil. Bu mənada kimləri müğənni, xanəndə hesab edirdi?
- Təzələrdən heç kimi. Azərin səsini tərifləyirdi. Deyirdi, o elə opera oxusa, yaxşıdır.
- Toylara gedirdi?
- Ancaq tanışların toylarına. Özü deyir, mən toylara getməmişəm. Sadəcə, toy müğənnisi olmadığını göstərmək istəyirdi. Amma bu, o demək deyil ki, heç vaxt getmirdi. Məsələn, Emin Sabitoğlunun Xədicə ilə yox, birinci arvadı ilə olan toyunu o eləmişdi. Tofiq Kazımovun iki qızının da toyunu o eləyib. Ancaq sifarişlə toya getməyib.
- O, 1913-cü il təvəllüddür, eləmi?
- Bəli. O, son illərində böyük səbirsizliklə 90 illiyini gözləyirdi. Bir gün mənə zəng elədi ki, gəl, ərizə yaz, mən istəyirəm, Heydər Əliyevlə görüşüm. Tofiq Quliyevin 75 illiyi sarayda təntənə ilə keçirilmişdi. Heydər Əliyev səhnəyə çıxmışdı. Orda Heydər Əliyev dostcasına əlini qoyub babamın çiyninə. O da onda inam yaratmışdı. Səbəbini soruşanda nəsə demədi, ancaq ömrünün sonuna az qaldığını hiss eləmişdi.
- Mirzə müəllim böyük Vətən müharibəsində də iştirak eləyib?
- Eləyib, ancaq birbaşa döyüş meydanında olmayıb. 3-4 ay Rostovda qulluq eləyib, iki medalı var. Son vaxtlarında isə hansı təmir emalatxanasının rəisi olub. Sovetə sadiq adam olub. Ad verilməməyinə də buna görə xiffət eləyirdi. O vaxt fəxri ad sənətkara verilən qiymət idi.
- Çəkildiyi filmlərdə hansı rolu xoşuna gəlirdi?- Nə öz filminə baxırdı, nə də mahnılarına qulaq asırdı. Ancaq yemək bişirəndə öz mahnılarını fitlə səsləndirirdi. Xörəyi də heç kimə etibar eləmirdi. Nənəm sağ olanda da özü bişirirdi.
- Son günlərini necə xatırlayırsınız? Yanında idiniz?
- Ömrünün son illəri, elə əvvəllər də, günüm onunla keçib. Amma son günlər ona sürücülük edirdim. Özü sürürdü, amma biz qoymurduq. Dərdini bölüşməyi xoşlamırdı. Bizə də deyərdi ki, sizdən halınızı soruşanda həmişə deyin, yaxşıyam. Hətta işləriniz lap pis də olsa, hiss etdirməyin. O, bütün ağrılarını nəğmələrində ifadə etməyə çalışırdı. Məncə də, bu onda gözəl alınırdı. Babamın özündən xəbərsiz çəkilən şəkilləri var. Nə qədər gizlətməyə çalışsa da, şəkillərə baxanda görürsən ki, əslində, bu adamın dərdi çox olub. Amma heç vaxt problemlərini dilinə gətirməyib. Bu mənada Mirzə Babayev yadımda mənəvi cəhətdən möhkəm, xarakterli adam kimi qalıb.
Ölümündən üç saat qabaq yanında olmuşam. Amma ondan iki il əvvəl xəstələnmişdi. İsti günlərdən birində balıq yeyib, sonra özünü pis hiss eləyib. Elə səhnədəcə yıxılıb. Ağzından qan gəlib. Bu hadisə olub 2001-ci ildə. Həmin gün mənə zəng elədilər ki, tez gəl, baban yıxılıb. Gəldim ki, qan içindədi. Həmin hadisəni bütün qəzetlər yazmışdı, ictimai diqqət yaranmışdı. 2003-cü il yanvarın 6-da mənə dedi, qarnım sancılanır, apardıq xəstəxanaya. Xəstəxanada həkimlər qan analizi götürdülər. Dedilər ki, böyrək qanı yaxşı təmizləmir. Gərək yatsın burada. Heç çoxunun xəbəri yox idi. Məncə, birinci dəfəki kimi diqqət olsaydı, ölməzdi. Yanvarın 13-də dünyasını dəyişdi.
Birinci hadisədən sonra inanmırdıq. Tibb bacısı deyirdi ki, axırıncı dəfə əlimdən tutdu, “Kəpənəy”i oxudu. Dedi, mən burdan çıxandan sonra gələrsən evimə. Günorta əmimlə onun yanına getdik. Dedi, sənsən, Teymur? Məni atamla səhv salırdı. Sonra mənə dedi ki, mənə nə isə olsa, pul döşəyin altındadır. Dedim, heç nə olmayacaq, evə qayıdanda, pulunu da götürərsən. Amma elə oldu ki, evinə heç vaxt qayıtmadı...