AZ

Bakıda “Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü” keçirilir

Bakıda “Azərbaycan-Latviya İnformasiya və Şəbəkə Görüşü” işə başlayıb.

"Far.Az" xəbər verir ki, tədbir Latviyanın Azərbaycandakı səfiri Edqars Skuyanın iştirakı ilə baş tutub.

O, qeyd edib ki, iki ölkə arasında olan münasibətlərin böyük tarixi var.

"Hesab edirəm ki, bugünkü tədbir iki ölkənin iş adamlarının və işgüzar dairələrinin bir araya gəlməsinə xidmət edir, əməkdaşlığımızı artırmağa və genişləndirməyə töhfə verir. Biz Azərbaycana gəlmək istəyən latviyalı iş adamları üçün, eləcə də Latviyada bizneslə maraqlanan azərbaycanlı sahibkarlar üçün buradayıq. Yəni,biz əlaqələrimizi necə inkişaf etdirə bilərik? Düşünürəm ki, gələn il üçün böyük iddialarımız var", - deyə səfir qeyd edib.

Bundan başqa, E.Skuya deyib ki, Latviya həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyib: "Biz ölkənin bütün regionlarının, o cümlədən sürətlə inkişaf edən Qarabağın inkişafına böyük nikbinliklə baxırıq. Mən burada olan hər kəsə - azərbaycanlı tərəfdaşlarımıza və Latviya nümayəndə heyətinə, çox hörmətli iş adamlarına minnətdaram".

Xatırladaq ki, gələn ilin I yarısında Bakıda Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasının keçirilməsi planlaşdırılır. Komissiyanın 8-ci iclası 20 may 2022-ci ildə Riqada keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri ekologiya və təbii sərvətlər naziridir.

Seçilən
17
far.az

1Mənbələr