Türkiyəli məşhur aktyor Arif Selçuk “Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin qonağıdır.
O, karyerası ərzində “Küçük Gelin”, “Seksenler”, “Adını Feriha Koydum”, “Kanıt”, “Fatmagülün Suçu Ne?”, “Sakarya Fırat”, “Böyle Bitmesin”, “Hanımın Çiftliği”, “Akasya Durağı”, “Asi”, “Kurtlar Vadisi Pusu”, “Arka Sokaklar” və “Teşkilat” kimi çox sayda yüksək reytinqli seriallarda rol alıb.
Arif Selçuk ilə karyerasına və çəkildiyi seriallara dair maraqlı müsahibə etdik.
Müsahibəni təqdim edirik:
- Arif bəy, sizi uzun müddətdir ekranlarda görə bilməməyimizin səbəbi nədir?
- Əslində, bir çox serialdan təklif alıram. Lakin mənə uyğun və gələcək karyerama müsbət təsir edəcək obrazları oynamaq istəyirəm. Bu səbəbdən də hazırda qısamüddətli rolları oynamağı qəbul etmirəm.
- Karyeranızda “Kurtlar Vadisi Pusu”, “Arka Sokaklar”, “Teşkilat” kimi çox sayda reytinqləri alt-üst edən seriallarda rol almısınız. Lakin onların hamısında qısa müddət davam edən obrazlara həyat vermisiniz. Bəs zamanında nə üçün belə qısa müddət davam edən rolları qəbul edirdiniz?
- O zamanlarda seriallarda mənfi obrazlara ehtiyac var idi. Həmin pis adamları oynamaq da mənim payıma düşürdü. Həm mənfi xarakterləri yaxşı oynadığım, həmdə tip olaraq həmin obrazlara uyğun olduğum üçün bu rolları mənə təklif edirdilər. Mən də qəbul edirdim. Fəqət bundan sonra üzərimə yapışan “pis adam” obrazını silmək istəyirəm. Yenə də mənfi obrazlar təklif olunduğu üçün qəbul etmirəm. Bir az da ailə-məişə tseriallarında rol almaq istəyirəm.
- Bəli, oynadığınız mənfi obrazlar bəyənilmişdi. Bəs oynadığınız mənfi obrazların ən unudulmazı hansı idi?
- Bir çox serialda mənfi obraza həyat vermişəm. Lakin populyarlıq baxımından mənə ən çox təsir edən serial “Kurtlar Vadisi Pusu”dur. O serialın dünya səviyyəsində izlənməsi səbəbilə canlandırdığım “Baytar” obrazı ilə daha çox məşhurlaşdım.
İlk tanındığım rol isə “Küçük Gelin” serialında oynadığım “Camal” obrazı idi. Bu gün belə həmin serial İspaniya, Paraqvay kimi bir çox ölkədə yayımlanır. Məni tanıdan həmin obraz idi, amma mənfi obrazla “Kurtlar Vadisi Pusu” sayəsində daha çox populyar oldum.
- “Kurtlar Vadisi”nin aktyorları ilə dostluğunuz davam edir?
- Bəli, bəziləri ilə dostluğumuz davam edir. Məsələn, Gürkan Uygun (Memati) ilə “Teşkilat”da da birlikdə oynadıq. Onunla arada görüşürük. Həmçinin, Tayfun Sav və ekran işinin “ixtiyarlar heyəti”ndə rol almış bəzi aktyorlarla da arada danışırıq. Lakin zamanla insanlar başqa seriallarda çəkildiyi üçün istər-istəməz uzaqlaşırlar. Eyni layihədə rol aldığın aktyorla münasibətlərin daha yaxşı olur. Ancaq aktyorların layihələr bitdikdən sonra bir-birilə görüşmək imkanları çox olmur.
- İndiyə kimi “Arka Sokaklar”da bir neçə dəfə rol almısınız. Son olaraq ötən mövsüm “Rahmi” obrazına həyat verirdiniz. Lakin anidən layihədən ayrılmağınız təəccüb doğurdu. Bu ayrılıq niyə yaşandı?
- Mən “Arka Sokaklar”da indiyə kimi 5 fərqli obrazda çəkilmişəm. Keçən mövsümisə ekran işinə əsas heyət üzvü kimi qatıldım. Serialda “Rahmi” obrazını canlandırdım. Lakin baş rol “Mesut” obrazını oynayan Şevket Çoruhun yenidən “Arka Sokaklar”a qayıtması ssenarinin dəyişməsinə səbəb oldu. Nəticədə, artıq mənim səhnələrim və replikalarım azaldı. Mən də səhnələrimin azalması ilə bağlı etiraz etdim. Ancaq “Mesut” obrazı qayıtdığı üçün bundan sonra onun üzərinə fokuslanacaqlarını dedilər. Mən də menecerimlə danışdım və müqaviləmə xitam verərək layihədən ayrıldım.
- Son illər çəkildiyiniz iddialı seriallardan biri də “Teşkilat” idi. Amma buna baxmayaraq, oradakı hekayəniz də çox qısa müddətdə bitdi...
- Əslində, “Demirci İbrahim” obrazının daha uzun müddət davam edəcəyini gözləyirdim. Obrazımın öləcəyi ilə bağlı ssenari gələndə təəccübləndim. Hətta Gürkan Uygun rejissora “Arif bəy obrazı yaxşı oynayır, onun obrazını belə tez öldürməyək, ssenarini dəyişdirək” dedi. Həmçinin, “Demirci İbrahim”in oğlu deyil, özünün davam etməsi barədə danışıldı. Onlar da dedilər ki, kaş ki, hekayəni sizin üzərinizdən davam etdirərdik. Lakin nəticə etibarilə yazılmış hekayəni dəyişdirmədilər. Yəni onlar da, biz də məyus olduq.
- Yaxın zamanda hansısa serial və ya filmdə çəkiləcəksiniz?
- Hazırda bir film üzərində çalışırıq. Filmin yarısı Türkiyədə, yarısı da Almaniyada çəkiləcək. Beynəlxalq bir film olacaq və orada fərqli bir obrazda çəkiləcəyəm. Seriallarla bağlı isə ata və ya əmi olaraq ailə hekayəsinin içərisində yer almaq istəyirəm. Buna uyğun bir təklif gəlsə, qəbul edərəm.
- Azərbaycanın mərhum Əməkdar artisti Cavanşir Məmmədov sizin keçmiş qayınatanız olub. Bu səbəbdən də onun ölüm xəbərini necə aldığınızı bilmək istərdim...
- Cavanşir Məmmədov mənim keçmiş qayınatam olduğu üçün vəfat xəbərini mediada yayılan kimi bir çox dostum, tanışım mənə göndərdilər. Həm elə öyrəndim, həm də özüm və qohumlarım keçmiş həyat yoldaşım Xatirə xanımla arada danışırdıq. Ona görə xəbərin doğru olub-olmadığını öyrənmək üçün
Xatirə xanıma zəng etdim. Təəssüf ki, o da Cavanşir Məmmədovun ölüm xəbərini təsdiqlədi.
O an çox məyus oldum, gözlərim yaşardı. Hər halda uzun müddət mənim qayınatam olub. Üstəlik, Cavanşir Məmmədov çox yaxşı adam idi. Onunla birlikdə çörək kəsmişik, eyni evi paylaşmışıq, zaman keçirmişik. Mən onu, o, məni çox istəyirdi. Bütün bunlara görə də çox pis oldum.
- Cavanşir Məmmədovla bağlı xatirələrinizi bizimlə bölüşə bilərsiniz?
- Mən Xatirə xanımla evlənəndə Bakıda yaşayırdım. Azərbaycan adətlərinə uyğun olaraq tez-tez Cavanşir bəyin evinə də ziyarətə gedirdik. Mən hər qonaq gedəndə, Cavanşir Məmmədov türk yeməklərinə bənzəyən yeməklər hazırlatdırardı. Habelə Azərbaycanın çox gözəl yeməklərini də mənə təqdim edirdi. Onunla birlikdə maraqlı söhbətlər edirdik, bir-birimizə böyük hörmət bəsləyirdik.
Hətta 2023-cü ildə Hatayda baş verən dəhşətli zəlzələdə də Cavanşir Məmmədov mənə zəng etmişdi. Neçə il öncə Xatirə xanımla boşanmağımıza baxmayaraq, Cavanşir bəy xəbərləri görən kimi dərhal mənə zəng edərək, keçmiş olsun diləklərini çatdırdı. Üstəlik, ailəmlə birlik də məni Bakıya- evinə dəvət etdi. Yəni, boşansaq da aramızda küslük olmadı və mütəmadi olaraq əlaqə saxlayırdıq.
- Amma bildiyim qədərilə, o dönəm Hatayı tərk etməmişdiniz...
- Bəli, Hatayda qaldım. Təəssüf ki, həmin zəlzələdə bir çox qohumum həlak oldu. Lakin zəlzələ olduğu üçün ailəmi və qohumlarımı yalnız buraxmaq istəmədim. Ona görə də dəvəti qəbul edə bilmədim.