Avropa Parlamentinin üzvləri Kiyevi dəstəklədiklərini bildiriblər və Aİ ölkələrini Ukraynaya hərbi yardımı gücləndirməyə, o cümlədən döyüş təyyarələri və uzaqmənzilli raketlərin tədarükünü artırmağa çağırıblar.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat Avropa Parlamentinin saytında dərc edilmiş sənəd layihəsində əksini tapıb.
“Avropa Parlamenti Avropa İttifaqını və onun üzv dövlətlərini Ukraynaya hərbi dəstəyi artırmağa davam etməyə çağırır. Xüsusilə, təyyarələrin, uzaqmənzilli raketlərin, o cümlədən “Taurus”un, Patriot və SAMP-T kimi müasir hava hücumundan müdafiə sistemlərinin və döyüş sursatlarının tədarükü artırılsın. Həmçinin, Ukrayna hərbçiləri üçün təlim proqramlarını genişləndirmək lazımdır”, - sənəddə qeyd olunur.
Bundan əlavə, parlamentarilər Avropa paytaxtlarına müraciət edərək ABŞ-dan nümunə götürmək və Ukraynanın onun silahlarından istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmaq niyyətindədirlər. Avropa Parlamentinin üzvləri Ukraynaya dəstək olaraq qəbul edilən qətnamədə Aİ ölkələrini Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıblar. Xüsusilə, metallurgiya, nüvə enerjisi, kimya sənayesi və bank işi kimi sənaye sahələrində məhdudiyyətlərin genişləndirilməsi təklif edilir. Cümə axşamı Strasburqda keçiriləcək plenar iclasda Avropa Parlamenti Ukraynaya dəstəyi ifadə edən yeni qətnaməyə səs verəcək. Avropa Parlamentinin xarici siyasət məsələlərinə dair qərarları məsləhət xarakteri daşıyır və Avropa İttifaqı və ya Aİ-yə üzv dövlətlərin təsisatları üçün məcburi deyil. Bir müddət əvvəl “Foreign Policy” yazıb ki, üç ilə yaxındır davam edən Ukrayna münaqişəsindən təngə gələn Qərb dövlətləri onun həlli yollarını axtarır.
Nigar HƏSƏNLİ,
Musavat.com