“Biz bu ilin sonuna 92 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını hədəfləmişik”.
“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
Nazir müavini qeyd edib ki, ünvanlı yardımla bağlı proseslər Nazirlik tərəfindən tam şəffaf şəkildə reallaşdırılır:
“Tək ünvanlı sosial yardım yox, həm əlillik təyinatı, həm məşğulluqla bağlı məsələlər, bu sahədə geniş tədbirlər həyata keçirilir. Bildiyiniz kimi, biz DOST konsepsiyası çərçivəsində DOST modelinin qurulmasına, xidmətlərimizin elektronlaşmasına nail olmuşuq. Bu gün qabaqcıl Avropa ölkələri gəlib bizdən bu modelləri öyrənirlər və yüksək qiymətləndirirlər.
Biz bu ilin sonuna 92 minə yaxın şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını hədəfləmişik. 2025-ci ildə isə bu proqrama cəlb olunanların sayı 100 minə çatacaq.
Biz bu proqramlar vasitəsilə vətəndaşların kiçik təsərrüfatlarının, mikrobizneslərinin yaradılmasını hədəfləmişik. 30-dək fəaliyyət istiqaməti üzrə tədbir həyata keçirilib. Paylanan aktivlərin keyfiyyətinə Nazirlik tərəfindən ciddi nəzarət edilir, onlara zəmanət verilir, bütün müqavilələr, təhvil-təslim aktları, şəkillər, videoçəkilişlər şəffaflığın təmin olunması üçün hələ 2000-ci ilin əvvələrindən, 2019-cu ilin sonlarından Nazirliyin saytına yerləşdirilir və geniş ictimaiyyətə təqdim olunur. Dünya Bankı tərəfindən Azərbaycanın özünüməşğulluq proqramı xüsusi mükafata layiq görülüb”, - deyə nazir müavini bildirib.
Nuranə Daxilqızı