AZ

QMİ sədri: Azərbaycan sivilizasiyalararası dialoqa real töhfələr vermək iqtidarındadır

Azərbaycan sivilizasiyalararası dialoqa real töhfələr vermək iqtidarındadır.

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyada keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) "Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda keçirilən X Yubiley Qlobal Forumunda deyib.

Şeyxülislam A.Paşazadə bildirib ki, qütbləşən, real nüvə təhlükəsi ilə üz-üzə qalan dünyada ksenofobiya təzahürlərinin, milli, dini, irqi zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışları artır. Hazırkı dövrdə qlobal miqyasda etimadın bərpası ədalətli və rifahlı gələcəyin formalaşdırılması üçün zəruri şərtdir.

O qeyd edib ki, sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, sivilizasiyalar və dinlərarası dialoq və əməkdaşlıq, multikulturalizm ideyaları xüsusilə özəl əhəmiyyət kəsb edir.

A.Paşazadə deyib ki, müasir dövrün çağırışları bəşəriyyətin qarşısında ciddi vəzifələr qoyur:

"Məhz nifrətin ideoloji təsirləri nəticəsində dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları artır, siyasi məqsədlər üçün din adından sui-istifadə olunur. Biz söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, habelə antisemitizm, islamofobiya və xristianafobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının, mədəni irs nümunələri və abidələrinin təhqir olunması hallarını qətiyyətlə pisləyirik".

QMİ sədri bildirib ki, bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərindəki şəhər və kəndləri bərpa edir.

O, Azərbaycanın dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrini, multikultural ənənələrinə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa etdiyini, minalanmış torpaqları təmizləyərək genişmiqyaslı yenidənqurma işləri apardığı barədə danışıb.

Bildirib ki, Azərbaycanın kultursidə məruz qalmış ərazilərində dini-mənəvi irsin bərpa və qorunması yönündə görülən işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyi bu illər ərzində hər zaman hiss edilib:

Sədrin sözlərinə görə, dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik olan Azərbaycan sivilizasiayalararası dialoqa real töhfələr vermək iqtidarındadır.

"Sivilizasiyaların toqquşdurulması cəhdlərinin qarşısının alınması, qlobal problemlərin həlli üçün dünyada beynəlxalq hüquq normaları ilə yanaşı, ümumbəşəri mənəvi dəyərlərə istinad da zəruridir.

Sivilizasiyalar Alyansı iki onillik zəngin və dəyərli təcrübəsi ilə özünü effektiv dialoq və əməkdaşlıq müstəvisi kimi təsdiq edib. Biz dini liderlər Sivilizasiyalar Alyansının bəşəri sülh və qarşılıqlı anlaşma istiqamətində səylərini təqdir edir, dəstəkləyirik", - A.Paşazadə deyib.

Seçilən
8
2
far.az

3Mənbələr