AZ

Müəllimlərin müəyyən hissəsinin bilik səviyyəsi əvvəlkilərdən aşağıdır

“Necə oldu ki, müqəddəs hesab etdiyimiz müəllim, məbədgah saydığımız məktəb, cəmiyyətin qınaq obyektinə çevrilmiş oldu?”TehsilForumu.Az AzEdu.az-a istinadən bildirir ki, bu fikri açıqlamasında təhsil eksperti Nadir İsrafilov  səsləndirib.Ekspetin sözlərinə görə, bu gün dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib:“O qədər də uzaq olmayan 70-80-ci illərdə biz də müəllim işləmişik, cəmiyyətin ən şərəfli peşə sahibi olmağımızla qürur duymuşuq. Bir çox milli və bəşəri dəyər və ənənələrimizə diqqət və sayğı göstərdiyimiz kimi, ciddi səylər və böyük zəhmət hesabına əldə etdiyimiz təhsil dəyərlərimizi və ənənələrimizi də qoruyub saxlamış, bu şərəfli və məsuliyyətli missiyada əlimizdən gələni əsirgəməmişik. Nə qədər emosiyalara qapılmamağa çalışsam da, bu günün müəlliminin əvvəlki diqqət, qayğı və hörmət sahibi olmamasına heç cür təəccüb və təəssüf hissimi gizlədə bilmirəm.Yəni, necə oldu ki, müqəddəs hesab etdiyimiz müəllim, məbədgah saydığımız məktəb, cəmiyyətin qınaq obyektinə çevrilmiş oldu? Nə baş verdi ki, birdən-birə müəllim nüfuzu bu dərəcədə sarsıldı, məktəb mühiti deqradasiyaya uğradı, müəllim məktəbdən, şagird müəllimdən ayrı düşdü, təhsil prosesinin iştirakçıları arasında yaranan soyuq münasibətlər qarşıdurma həddinə çatdırıldı.İş o yerə çatdı ki “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda “təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarını inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” zəruriliyi önə çəkildi.İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi, müəllim faktorunun önə çəkilməsi, dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması, onların bilik və bacarıqlarının ölçülməsi, müəllimləri daim inkişafda saxlanılması, səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsi, təlim ehtiyaclarını öyrənilməsi, yüksək bal toplayanların əmək haqqına differensial yanaşılması-fərqlənənlərin məvacibində müəyyən artımlar edilməsi məqsədilə sertifikasiya prosesinə başlanıldı..Bununla belə tətbiq olunmağa başladığı ilk vaxtlardan bu prosedur kurikulumlarda olduğu kimi, heç də hamı tərəfindən birmənalı qarşılanmadı, müəyyən dairələrdə diskomfortla müşayət olundu, bir çoxlarının şüurunda reallığı əks etdirən təsəvvür və anlayışların məcmusunu ifadə etmədi, onlarda narahatlıq və narazılıq doğurdu.Razılaşaq ki, bu gün dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü kimi müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib”.Həmsöhbətimiz vurğulayıb ki, bugünkü müəllimlərin müəyyən hissəsinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi də əvvəlkilərlə müqayisədə xeyli aşağıdır:“Ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ “yeni peşə sahiblərinin”- repetitorların, markerlərin, hətta el arasında deyildiyi kimi “bunker repetitorlarının” dəbə düşməsinə və bunların müştərilərinin də xeyli sayda artmasına rəvac verib. Onu da qəbul edək ki, bugünkü müəllimlərimizin müəyyən hissəsinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi də əvvəlkilərlə müqayisədə xeyli aşağıdır.Onu da qəbul edək ki, müəllimə verilən dəyərin aşağı düşməsinin bir çox obyektiv və subyektiv səbəbləri var və məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, bunu təhsilin mövcud durumu ilə tam əlaqələndirmək də düzgün deyil. Müəllimin nüfuzunun aşağı düşməsi daha çox sosial xarakterli məsələdir. Lakin bütün bu obyektiv və subyektiv faktorlar bizə əsas verirmi ki, müəllimi bu dərəcədə aşağılayaq, xidməti istifadədə təhlil olunub, ölçü götürülməli faktları ictimailəşdirim, müəllimin onsuz da sarsılmış nüfuzunu daha da zədələyək?O da təkzib olunmaz faktdır ki, təhsilin keyfiyyəti müəllimin peşəkarlığından, müəllimin nüfuzu isə təhsilin keyfiyyətindən asılıdır. Müəllimin peşəkarlığı və nüfuzu artmadan təhsilin keyfiyyəti, təhsilin keyfiyyəti artmadan isə müəllimin nüfuzu və hörməti arta bilməz. Nəzərə alsaq ki, bu gün məktəblərimizdə müəllim adını yaşadanlarla yanaşı, sadəcə müəllim adını daşıyanlar da az deyil, deməli, əsas vəzifələrimizdən biri də bu adı daşıyanlarla bu adı yaşadanlar arasındakı fərqi minimuma endirmək və tədricən bu fərqi aradan qaldırmaqdır.İstənilən statistik təhlil, obyektiv və sağlam düşüncəyə əsaslanan tənqid təhsilimizin daha da təkmilləşdirilməsi və gələcək inkişafı baxımından nəinki lazımdır, hətta zəruridir. Lakin nədənsə biz çox halda, əsasən "nəticə"ni vurğulamağa daha çox meylliyik, nəinki "səbəb" barədə düşünüb, nə isə konkret bir təklif verməyə”.​N.İsrafilov qeyd edib ki, nə qədər ki, təhsildə təhsilə yad olan elementlərdən təmizlənməyəcək, müəllimə qarşı “səlib yürüşü”nə birdəfəlik son qoyulmayacaq:“Bəli, getdikcə sürət götürən qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların inkişafı və insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib. Bu gün “TikTok”, “messenger”, “instagram”, “telegram” və s. bu kimi sosial şəbəkələr yeniyetmə və gənclərə daha çox təsir gücünə malikdirlər nəinki, məktəb mühiti, müəllim və valideyn öyüd-nəsihəti.Deməyim odur ki, təhsil kommunikasiyası yenidən qurulmayacaqsa, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, məktəb-ailə münasibətlərinin optimal variantı tapılmayacaqsa, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmiş, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə, habelə məktəblərdə baş verən bəzi xoşagəlməz hadisələrin qarşısını almaqda problemlərlə üzləşməyimiz zərurətə çevriləcək. Daha konkret desək, situasiyanı biz idarə etməliyik, yoxsa situasiya bizi idarə edəcək...Nə qədər ki, təhsilimiz təhsilə yad olan elementlərdən təmizlənməyəcək, müəllimə qarşı “səlib yürüşü”nə birdəfəlik son qoyulmayacaq, peşəkarlara qeyri-peşəkarların rəhbərlik etməsinə dözümlülük göstəriləcək, bir para təhsili idarəetmə orqanı məmurları tərəfindən tabeliyində olduqlarına yuxarıdan aşağı baxmaq mövqeyi sərgilənəcək, təhsil prosesi subyektləri arasında qarşıdurma meyilləri aradan qaldırılmayacaq, müəllimin əlavə yükdən – diaqnostik, formativ qiymətləndirmələrdən, KSQ və BSQ-lərdən azad edilib, öz peşə fəaliyyəti ilə məşğul olmasına lazımi şərait yaradılmayacaq.Həmçinin, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edən repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi rəğbət qazanmaqda davam edəcək, təhsilalanların tərbiyəsinə cavabdehlik daşınmasında müəllimlə yanaşı, valideynin də eyni dərəcədə məsuliyyəti rəsmiləşdirilməyəcək, müəllim məktəbə, şagirdin sinfə qaytarılması üçün zəruri tədbirlər görülməyəcək, cəmiyyət üzvləri arasında məktəb deyəndə müəllim, müəllim deyəndə məktəb düşüncəsi formalaşmayacaq, müəllim fenomeni şagird və valideynlərin ümid, inam və güvən mənbəyinə çevrilməyəcək. Müəllim nüfuzunun qaldırılması cəhdləri də bir o qədər real görünməyəcək. Onu da unutmayaq ki, dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik. Bir də ki, qloballaşmanın mental dəyərlərdən uzaqlaşma kimi fəsadlarına qarşı mübarizə təkcə məktəbin işi deyil, bütövlükdə cəmiyyətin işidir”. 

Seçilən
53
tehsilforumu.az

1Mənbələr