AZ

Molla rejimində parçalanma başladı

 

İranda dini lider Əli Xamineyinin varis barədə açıqlamasından sonra rejim mənsubları arasında qarşılıqlı ittihamlar artmağa başlayıb. Tribunainfo.az xəbər verir ki, ilk “atəş” mühafizəkar qanaddan gəlib.
Belə ki, İran parlamentinin spikeri, eyni zamanda sağçıların əsas fiqurlarından biri olan Məhəmməd Baqer Qalibaf prezident Pezeşkianın müşaviri Məhəmməd Cavad Zərifi tənqid edib. O deyib ki, Zərifin oğlanları İran vətəndaşı deyillər. “Zərifin övladları İran vətəndaşı deyillər. Onların başqa ölkələrin qarşısında öhdəlikləri var. Bu məsələ araşdırılmalıdır”.
Zərif isə Qalibafa cavab olaraq bildirib ki, onun övladlarının hansı ölkə vətəndaşı olmasının ultra sağçıları heç bir aidiyyatı yoxdur. “Siz mənim ailə məsələlərimi, övladlarımı deyil, mənin fəaliyyətimi təftiş edin və qiymət verin. Bu, özünə dindar deyən bir şəxsə yaraşmayan hərəkətdir”.
Amma ultra sağçılar bununla kifayətlənməyiblər. Tribunainfo.az xəbər verir ki, bu dəfə həmin qanadın lideri, son seçkilərdə prezidentliyə namizəd olmuş Səid Cəlilinin tərəfdarları vitse prezident Arefin üzərinə hücum çəkiblər. Onlar vitse prezidenti öz işləri ilə məşğul olmadığını, başqalarının işinə qarışdığını, kadr dəyişiklikləri etdiyini, istədiyi adamı vəzifəyə gətirdiyini vurğulayıblar.
Bu məsələyə sonuncu mətbuat konfransında prezident Məsud Pezeşkian özü reaksiya verməli olub. O deyib ki, Aref məhz kadr məsələləri üçün vəzifə başına gətirilib.
Əslində, İranda bu gün baş verənlər Xamineyinin sağlamlıq durumunun yerində olmadığı, bu səbəbdən proseslərə təsir göstərmək imkanlarını tədricən itirdiyindən xəbər verir. İranın dini liderinin tez zamanda varisini müəyyən etmək cəhdləri, daha əvvəlki kimi addımlar atmaq iqtidarında olmaması da bunu təsdiqləyir.

Seçilən
9
tribunainfo.az

1Mənbələr