AZ

“İşğaldan azad olunmuş ərazilərdə mühüm arxeoloji işlər görülür” - MÜNASİBƏT BİLDİRİLDİ

“İşğaldan azad edilən ərazilərimiz Azərbaycan tarixində arxeoloji, etnoqrofik və mülki tarix anlamında ən əhəmiyyətli ərazilərdir. Buna görə də Sovet dönəmində bu ərazilərdə arxeoloji qazıntılar aparılsa da təəssüf ki, muxtar qurumda ermənilər bu ərazini özününkü kimi göstərmək üçün yüzlərlə arxeoloji abidəni təhrif etmiş və istiqamətini ermənilərə tərəf döndərmişdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

O bildirib ki, Azərbaycan yenidən öz torpaqlarının sahibi olduqda, yəni torpaqlarımızı işğaldan azad etdikdən sonra həmin ərazilərdə yenidən arxeoloji araşdırmalar aparılır: “Gələcəkdə bu istiqamətdəki işlər daha da genişləndiriləcək və yeni tarixi faktlar üzə çıxacaq. Bu mənada Azərbaycan Arxeologiya və Etnologiya İnstitutu bu istiqamətdə aparılan arxeoloji qazıntıların sayını və keyfiyyətini artırıb. Eyni zamanda arxeoloji qazıntılarla yanaşı ermənilər tərəfindən dağıdılan abidələrin bərpası ilə bağlı da uğurlu işlərə imza atılıb. Belə ki, Ağdam şəhərində və ətrafında düşmən tərəfindən dağıdılan, Pənahəli xanın dövründən əvvəlki əsrlərə aid olan abidələr də artıq yenidən öyrənilir, araşdırılır və bərpa olunur. Bəzi bərpa işlərinin həyata keçirilməsi üçün xaricdən belə mütəxəssislər dəvət olunub.

İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri uğurla aparıldığı kimi arxeologiya sahəsində də kifayət qədər uğurlar qazanılır. Azərbaycan arxeoloqları da bu işə öz töhfələrini verirlər. Gələcəkdə də həm Şərqi Zəngəzur, həm də Qarabağ ərazisində arxeoloji qazıntıların nəticələri və bu nəticələrin kitab şəklində çap olunaraq dünya dillərinə tərcümə edilməsinə ehtiyac var. Bununla dünya bir daha bu ərazilərdə min illər boyu türk müsəlman əhalinin yaşadığının şahidi olacaq”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
9
sia.az

1Mənbələr