“Qazaxıstan Rusiyanın Qərbin sanksiyalar məngəsindən çıxmasına münbit şərait yaradır”.
Bu sözləri politoloq Samir Hümbətov “Cebheinfo.az”-a şərhində Rusiya ilə Qazaxıstan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair imzalanan birgə bəyanatın əhəmiyyətindən danışarkən bildirib. Onun sözlərinə görə, Rusiya Qazaxıstana çox ehtiyac duyur.
“Vladimir Putin və Kasım Jomart-Tokayev arasında imzalanan strateji tərəfdaşlıq müqaviləsi Rusiya-Qazaxıstan münasibətlərinin dərinləşməsinə xidmət edir. Nəzərə almaq lazımdır ki, Rusiya və Qazaxıstan bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlıq edirlər.
Düzdür, hər iki tərəf arasında müəyyən fikir ayrılıqları var, hər iki tərəf bir-birinə ərazi iddiaları irəli sürür. Amma buna baxmayaraq, hər iki tərəf arasında strateji münasibətlər daha da genişlənir. İstər Avrasiya İqtisadi İttifaqı, istərsə Şanxay Əməkdaşlıq Təşkilatı, istərsə də Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatında Rusiya və Qazaxıstan birgə fəaliyyət göstərirlər. Yeni imzalanan strateji tərəfdaşlıq müqaviləsi ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək”.
Ekspert bir məqamı da qeyd edib ki, Qazaxıstanla iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi Qərbin sanksiyalar məngəsində sıxılan Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir:
“Ona görə ki, Rusiya Qazaxıstan üzərindən həm öz neftinin satışını, həm maliyyə və ticarət dövriyyəsinin artmasını, həm də bank əməliyyatlarının intensivləşməsini həyata keçirəcək. Bu da Rusiyanın sanksiyalar məngəsindən çıxmasına şərait yaradacaq”.