AZ

Türkiyə üçün böyük fürsət: Avropa İttifaqı qapıları açır

Avropa İttifaqının (Aİ) müdafiə sənayesini müharibəyə hazır vəziyyətə gətirmə planları Türkiyə müdafiə sənayesi şirkətləri üçün də qapını açır.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” (DW) qəzeti yazır.

Nəşrin məlumatına görə, müdafiə sənayesini gücləndirmək və birgə silah istehsalı və tədarükünü təşviq etmək məqsədi daşıyan Avropa Müdafiə İnvestisiya Planı (EDIP) ilə bağlı Aİ-yə üzv dövlətlər arasında aparılan danışıqlarda ciddi inkişaf var. İndiyədək EDIP-in maliyyə resurslarından yalnız Aİ-yə üzv ölkələrin faydalana biləcəyini təkid edən Fransa sonda münasibətini dəyişib.

Brüsseldə keçirilən texniki danışıqlarda Fransa Aİ büdcəsindən ayrılan maliyyə vəsaitlərinin 35 faizinin ittifaqa üzv olmayan ölkələrin müdafiə məhsullarının alınmasına xərclənməsinə icazə verən təklifə “yaşıl işıq” yandırıb.

Təklif Aİ-nin dönəm sədri Macarıstan tərəfindən hazırlanıb, burada Fransa, Almaniya, İtaliya və İspaniyanın da töhfələri var.

Alman analitik Yens Bastian Fransanın münasibətinin dəyişməsinin mühüm bir hadisə olduğuna diqqət çəkib:

“Danışıqlar kompromisə doğru gedir. Bu kompromis ABŞ, Böyük Britaniya, İsrail və Türkiyə üçün belə birgə müdafiə yatırımlarında iştirak üçün qapı açır. Nəticədə bu dörd ölkənin şirkətləri bu tenderlərə qoşula biləcəklər”.

Brüsseldə müzakirə edilən tənzimləmə yaxın həftələrdə əvvəlcə üzv dövlətlər, sonra Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir. Prosesin 2025-ci ilin əvvəlinə qədər başa çatdırılması nəzərdə tutulur.

Avropa Qonşuluq Şurasının (ENC) direktoru Samuel Doveri Versterbye Fransanın münasibət dəyişikliyini “Türkiyə üçün yaxşı xəbər” adlandırıb. Onun fikrincə, Fransanın Aİ-yə üzv olmayan ölkələrin şirkətlərinə qapıları tamamilə bağlamaq mövqeyini uzun müddət saxlaya bilməyəcəyi məlum idi.

Vesterbye vurğulayıb ki, Fransanın səyləri Türkiyənin bu əməkdaşlıqdan kənarda qalmasına səbəb ola bilərdi, amma bu baş vermədi.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
15
teleqraf.com

1Mənbələr