AZ

Saakaşvili: “Gürcüstan dövlətçiliyin məhvinin son mərhələsinə daxil olub”

“Sonuncu belə hadisə Roma İmperiyasında, Kaliqula atını Senata təyin edəndə baş verdi”

“Gürcüstan dövlətçiliyin məhvinin son mərhələsinə daxil olub”. Turkustan.az xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili “Facebook”da yazıb.

Saakaşvili “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının keçmiş futbolçu, indiki deputat Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi irəli sürməsini belə şərh edib: “Sonuncu belə hadisə Roma İmperiyasında, Kaliqula atını Senata təyin edəndə baş verdi. Bunun məqsədi gürcü xalqının özünə hörmətini mümkün qədər aşağı salmaqdır”.

Qeyd edək ki, çərşənbə günü Bidzina İvanişvili şəxsən Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi təqdim edib. O, "Gürcü Arzusu"nun səs çoxluğuna malik olduğu deputatlardan və regional nümayəndələrdən ibarət seçki kollegiyası tərəfindən seçilməlidir. “Seçkilər” dekabrın 14-də keçiriləcək. Hazırda prezidentliyə başqa namizəd yoxdur.

Kavelaşvili bu günə kimi Gürcüstanın populyar siyasi xadimi kimi tanınmayıb. Media qeyd edir ki, Kavelaşvilinin ali təhsili yoxdur və 2016-cı ildə “Gürcü Arzusu” siyahısında parlamentdə mandat qazananadək idmanla məşğul olub. Müxalifət nəşrləri hakim partiyanın yaradıcısı Bidzina İvanişvilinin Kavelaşvilini şəxsən ona sədaqətinə görə seçdiyini bildirir.

“Gürcü Arzusu” isə bildirir ki, Kavelaşvili “ruhu, qəlbi və bədəni ilə əsl gürcüdür”. Hakim partiya rəsmisi Mamuka Mdinaradze isə deyib ki, “Kavelaşvili hətta diplomu olmayan bir çoxlarından daha savadlıdır” və Gürcüstan Konstitusiyası bu sənədi tələb etmir. /AYNA/

Seçilən
11
turkustan.az

1Mənbələr