2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 140 mln. 787 min manata yüksəlib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.2% və ya 5 mln. 708 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-oktyabr aylarında 135 mln. 79 min manat sığorta haqqı toplanılmışdı.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 105 mln. 349 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 28.6% və ya 23 mln. 436 min manat çoxdur. Ötən ilin ilk 10 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 81 mln. 913 min manat olub.
Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 23.4% artırıb. Belə ki, 2023-cü ilin yanvar-oktyabr aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 60.6 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 10 ayında bu rəqəm 74.8 manata yüksəlib.