Bu günlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı danışarkən bildirib ki, Mənzilləri kirayəyə verərkən kirayə gəliri əldə edən şəxs uçota durmalıdır və gəlir vergisi bəyannaməsi verməlidir. Mənzillərini kirayə verən şəxslərin vergi verməsi nə dərəcədə mümkündür? Verginin tətbiqi kirayə mənzil bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Referans.az" target="_blank">Referans.az - a açıqlamasında bildirib ki, əslində bu məqam vergi qanunvericiliyində nəzərdə tutulubdur. Amma ölkəmizdə bu verginin tətbiqi geniş yayılmayıb. Təəssüf ki, vətəndaşlar bu məsələyə ciddi yanaşmırlar. Amma son vaxtlar əldə etdiyimiz məlumatlar da göstərir ki, artıq vergi orqanları tərəfindən aidiyyatı istiqamət üzrə araşdırmalar aparılır və qanunvericiliyə uyğun şəkildə tədbirlər görülür.
Ekspert hesab edir ki, bu məsələ çox vacib məsələdir. Azərbaycan qanunvericiliyinin tələblərinə əməl edilməsi şərtdir. Bunun həm hüquqi həm də iqtisadi cəhətdən əhəmiyyəti var.
Ramil Osmanlı mənzilini kirayə verən şəxslər üçün vergi ödənilməsinin kirayə qiymətlərinə təsiri barədə də fikir bildirib. O vurğulayıb ki, verginin tətbiqi kirayə mənzil qiymətlərini müəyyən qədər artıra bilər. Lakin biz istənilən halda bu prosesə adaptasiya olmalıyıq.
Ekspert onu da bildirib ki, mənzilin kirayə verilməsi ilə bağlı vergi 14 faizdir. Vətəndaşların bu vergidən yayınması doğru deyil. Əksinə vergini ödəmək ən doğru yanaşmadır. Məsələ burasındadır ki, dövlət vergi orqanlarının bu prosesi tam nəzarətdə saxlamaq imkanları hələlik ki real görünmür. Lakin gələcəkdə bu məsələ ilə bağlı elektron sistem və digər istiqamətlər araşdırılacaq və nəticədə də vətəndaşlar mənzillərini kirayə verərkən vergi ödəməyə məcbur olacaqlar.
Bünyamin Bünyadzadə