AZ

“Bəxti gətirən aktyoram, istedad…” – Kamran Ağabalayev

“Mən daha çox bəxti gətirən aktyoram. Ola bilər ki, hətta bu istedaddan daha önəmlidir. Şans… Çünki, mən həddindən artıq istedadlı aktyorlar tanıyıram. Amma şans onların tərəfində olmayıb. Düşünürəm ki, bu şansı da qazanmaq lazımdır”.

Minval.info  xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev dizayner Aynur Xəlilovanın yutubda yayımlanan “Hərşeyşünas” podkastında deyib. Erkən yaşlarında atasını itirən sənətçi onunla bağlı xatirələrdən söz açıb. Anasının onun həyatında daha önəmli yer sahibi olduğunu vurğulayıb:

“Bu günə qədər də bilirəm ki, o yer harada yerləşir. “Pivnoy” deyirlər. Yumru stolun üstündə oturmuşdum. Bəzi insanlar bunu travmaya çevirirlər. Mən isə əksinə, bu mənim xatirəmdir. Mən atamı görməmişəm, onun psixologiyasını bilmirəm. Mənə nələr edərdi və yaxud etməzdi? Bunları bilmədiyim üçündə rahatam. Bütün xoş xatirələrim anamla bağlıdır. O, mənim həm anam, həm atam, həm qardaşım, həm də dostum olub. Bu mənim üçün çox önəmlidir. Heç birinin əksikliyini də hiss etdirməyib. Mən atam üçün darıxmış olsam, anamın haqqına girmiş olaram. Onun haqqına isə girmək istəmirəm. Mən həmişə rahat şəkildə də demişəm ki, “Mən anamın oğluyam”. Atasız böyümüşəm, hə nə olsun? Xatirələri travmaya çevirmək dəb halını alıb. Haradan bu söz gəlib daxil olub leksikalogiyamıza. Niyə xatirələrinizi travmaya çevirirsiniz? Hər bir halda pis və yaxşı bu mənimdir. Soruşsan ki, mənim travmam var? Cavabım olacaq ki, yoxdur. Mən hamısını xatirəyə bağlayacağam. Mənə belə rahatdır.

Mənim üçün dəqiq, yəqinlik olan şeylər var. Allah mənim üçün yəqindir. Yer üzündə onun təmsilçisini də görmüşəm. Peyğəmbəri görməsəm də anamı görmüşəm. Mənim anam mənim üçün onun yer üzərində təmsilçilərindən biridir. Bu mənə bəs edir. Onun ağlamığını görmüşəmsə deməli cəhənnəmi, güləndə isə cənnəti görmüşəm. Onunla münasibətim o qədər yaxşı olub ki, çox dost olmuşuq. Mən dost itirmişəm. 3 il bundan əvvəl qorxdum ki, səsini unutmuşam. Sonradan hətta sözlərini belə xatırladım. Bilirəm ki, Bakı ləhcəsi ilə “Adə, qudurmusan, səsimi yaddan çıxarmısan?” deyərdi”.

Seçilən
11
minval.info

1Mənbələr