"Zurabişvilinin də itiriləcəyi təqdirdə..." — Gürcüstan seçim qarşısında
“Gürcüstan ictimaiyyəti hazırda iki yerə bölünmüş vəziyyətdədir. Bir qismi Mixail Saakaşvili tərəfindən başladılmış avrointeqrasiyanın davam edilməsini, Salome Zurabişvilinin və ya onun kimi birisinin prezidentliyə gətirilməsini tələb edir. Digər bir qisimsə Ukrayna ilə Rusiya arasındakı müharibəni nəzərə alaraq avrointeqrasiyanın saxlanmasını, hər şeyin daha əvvəl olduğu kimi davam etməsini istəyir, Gürcüstanın gələcəyini Rusiya ilə əməkdaşlıq şəklində görürlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib. Ekspert bildirib ki, Donald Tramp ABŞ-də hakimiyyətə gələnə qədər Gürcüstan cəmiyyəti hazırkı real vəziyyət barədə qərar verməlidir:
“İstər parlament seçkilərindən sonrakı etirazlar, istər xarici agentlər haqqındakı qanunun qəbul edilməsinə qarşı olan etirazlar, istərsə də Salome Zurabişvilinin xalqa müraciətindən sonra parlamentin legitim olmamasını əsas gətirərək etirazlarda iştirak edənlər Gürcüstan ictimaiyyətinin eyni qrup insanlarıdır. Bu insanlar həm iqtidara qarşı çıxırlar, həm Rusiya tərəfdarı məmurlara qarşı çıxırlar və Gürcüstanın Avropa yönünüdə inkişaf etməsini istəyirlər.
S.Zurabişvilinin tərəfdarları çox olarsa, parlament boykot edilərsə, onun aldığı qərarları qəbul etməsələr, nəticə etibarilə Gürcüstan tarixində ilk dəfə prezidentin səsvermə yolu ilə deyil, seçici qruplar tərəfindən təyin edilməsinə qarşı çıxacaqlarsa, ölkədə çox ciddi dəyişikliklər ola bilər. Çünki Donald Trampın hakimiyyətə gəlməsinə, andiçmə mərasiminə bir neçə ay qalıb. O, hakimiyyətə gəldikdən sonra Gürcüstanın Salome Zurabişvili kimi insanların gücünü qoruması qeyri-mümkün olacaq”.
F.Abbasovun fikrincə, nə qədər ki Bayden hakimiyyəti davam edir, Gürcüstan bu fəaliyyətlərini elə bir şəkildə aparmalıdır ki, Tramp gəldikdən sonra onun üçün gec olmasın:
Zurabişvili ölkədə müxalif kimliyə sahib yeganə gücdür. Onun da itiriləcəyi təqdirdə Gürcüstan demək olar ki, Mixail Saakaşviliyə qədərki dönəmə geri qayıtmış olacaq, Eduard Şevarnadzenin Gürcüstanına geri qayıtmış olacaq. İndiyə qədər ölkədə aparılmış islahatlar demək olar ki, sıfırlanacaq”.
Törə Zeynallı
Demokrat.az