100-ə uğur üstəsən, Qulu Məhərrəmlimiz!..
Səmimidirsə, insanlığın cəfakeşidirsə, dünyaya ürəyinin gözü ilə baxırsa, sözü bütövdürsə, onu tanımağa bircə an da bəsdi. Tanıyırsan, düşüncələrində tanıdığın o insanla ünsiyyətə maraq yaranır, ünsiyyət qarşılıqlı münasibətlərə çevrilir. Və onda eşitdiyin bir misra, misra biçimində bir kəlam sənin də düşüncələrinin haləsinə dönür: Nə yaxşı dünyada yaxşılar varmış. Belə şükranlıq Zəngilanın Babaylı kəndində doğulan, Şuşada, sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alan, Azərbaycan Televiziyasında işləyən Qulu Məhərrənliyə də ad edilir. Həm də çox, lap çox...
Qulu Məhərrəmli söz adamıdı, SÖZün sədaqətli cəfakeşidi. Soruşmamışam, düşünmüşəm: Sözə meyili, marağı, sevgisi nə zaman yaranıb? Söhbətlərini xatırlamışam, verilişlərini xatırlamışam, şərhlərini xatırlamışam, kitablarını xatırlamışam və qətiyyətlə qərarlaşmışam ki, belə insanlar yazdığı SÖZlə yaşıd olur, yəni SÖZü yaşada-yaşada sözlə yaşayır...
Qulu Məhərrəmli 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra təyinatla Azərbaycan Televiziyasının “Xəbərlər” baş redaksiyasında reportyor işləməyə başlayıb. Sözü irdələyə-irdələyə, sözü sözdən seçə-seçə, Azərbaycan dilinin şəhd-şəkərini seçdiyi sözlə sevgilərlə ifadə edə-edə “Xəbərlər”ə marağın artmasında məsuliyyətini səfərbər edib, sözünü də sevdirib, özünü də. Bu sevgidə Azərbaycan dilinin mühafizəkarlığı da olub. Bu mühafizəkarlıq sonralar neşə-neçə lüğətin ideya başlanğıcı olacaqdı, Azərbaycan və beynəlxalq jurnalistika sahəsində dəyərli lüğətlər tərtib etməklə Azərbaycan jurnalistikasının beynəlxalq jurnalistikaya inteqrasiyasında da xidmət göstərəcəkdi Qulu Məhərrəmli. Bir deyim düşür yadıma: Haqq əmək itirmir. Qulu Məhərrəmli “Xəbərlər”in redaktoru, sonra böyük redaktoru vəzifəsinə təyin edildi. Telejurnalistikamızın Qulu Məhərrəmlisi 1982-ci ildə AzTV-də yeni yaradılmış “Beynəlxalq icmal” qrupunun rəhbəri oldu.
Bu və ya digər sahədə fəaliyyəti şərtləndirən amillər çoxdu. Başlıcası peşəkarlıqdı, peşəkarlığın arqumenti sevgi deyilsə belə fəaliyyətə el arasında “buz üstə yazılıb gün altına qoyulmuş” yazı da deyirlər; Qulu Məhərrəmli peşəkar xəbərlər aparıcısı kimi tanınırdı, sevilirdi. 1991-ci ildən etibarən “1000 saniyə”, “24 saat” kimi yeni verilişlərin aparıcısı olub Qulu Məhərrəmli. “1000 saniyə” məfhumunun ifadə etdiyi məzmun ictimaiyyət-efir münasibətlərində bir doğmalığın mahiyyəti kimi tarixləşirdi. Bu tarixləşmə azərbaycançılığı ilə tanınan (və sevilən!) Qulu müəllimin (o dövrlərdə ona belə müraciət edirdilər və onun televiziyada fəaliyyətində qeyri-rəsmi pedaqoji çalarlar da vardı, bu baxımdan Qulu Məhərrəmli həqiqətən müəllim idi!)...
Müstəqilliyimizin ilk illərində, konkret olaraq 1993-cü ildə Azərbaycan Televiziyasında yeni veriliş yarandı. Müəllifi Qulu Məhərrəmli, aparıcısı Qulu Məhərrəmli. Yeni yanaşma tərzi, yeni düşüncə, hadisələrə daha gerçək, daha operativ və daha səmimi münasibət “7 gün”ü tanıtdı, tanıda-tanıda sevdirdi. Qulu Məhərrəmli təqdim etdiyi hadisəni (və faktı!) cəmiyyətin ayrılmazlığı bilirdi və hadisəni (faktı) tamaşaçının düşüncələrinə yönəldirdi. Bu missiya istər dövlətçiliyin, istərsə də xəlqiliyin fəlsəfi mahiyyəti kimi dəyərləndirilirdi. Bu dəyərləndirilmə həm rəhbərliyin, həm də SÖZə, SÖZ vasitəsi ilə dövlətçiliyə daha yaxın olanların dəyərləndirməsi idi. Bu vəhdətin zəmanəti peşəkarlıq idi, istedad idi, vətənsevərlik idi, bir də səmimiyyət idi...
Sonralar “Təfsilat”, “Gerçəklik” verilişləri də eyni səmimiyyətlə, eyni maraqla sevilib. Verilişə maraq, sevgi efir vaxtından səmərəli istifadə ilə, aktual mövzuları əhatələməklə, mövzuların təqdimi ilə, şərh ilə, şərhin hansı sözlərə (hansı söz sırasına) istinadən aparılması ilə yaranır. Bunlar jurnalistikanın nəzəri əsaslarına jurnalist münasibəti ilə yaranır. Qulu Məhərrəmli belə bir jurnalistika ülgüsü yarada bilmişdi.
Və Azərbaycan Televiziyasının “Səhər” musiqi-informasiya proqramı. Qulu Məhərrəmlinin jurnalistlik taleyinin səhəri (buna dan yeri desək, daha insaflı səslənər) oldu “Səhər”. Bu proqramın tamaşaçıları sevdikləri jurnalisti daha səmimiliklə sevdilər, tanımayanlar tanıdılar, sevdilər. Bu gözəl sevgi bu gün də xoş xatirələrlə, gözəl könül xoşluğu ilə xatırlanır. 12 il zaman üçün qısa müddət deyil. Qulu Məhərrəmli 12 il “Səhər” misiqi-informasiya proqramına rəhbərlik elədi, proqramı tamaşaçılara dəruni sevgilərlə sevdirə bildi (mənə elə gəlir ki, Qulu müəllim bu sevgini taleyinin şükranlıqlarından biri adlandırır, adlandırmasa, biz adlandıracağıq! Biz – jurnalistlət, biz – televiziya tamaşaçıları!)...
Qulu Məhərrəmli yüksək erudisiyalı, geniş dünyaduyumlu jurnalist kimi tanınırdı, sevilirdi, həm də onun siyasi şərhlər qabiliyyəti də diqqəti çəkibmiş. 1995-ci ilin mart ayında istedadlı (!) jurnalist Qulu Məhərrəmli Azərbaycan Televiziyasının siyasi icmalçısı (və ilk siyasi icmalçısı!) təyin olundu. Bu təyinat Azərbaycan jurnalistikasında bir mərhələ oldu və başlanğıcdan uğurlar qazandı. Qulu Məhərrəmli dövlət tədbirlərindən, beynəlxalq tədbirlərdən canlı yayımlar aparırdı, belə yayımları aparmanın şərtləri sırasında zəngin söz ehtiyatına malik olma, faktlar arasında məntiqi bağlılığı, siyasi və dünyəvi əlaqələri görmə, onları dövlətin, dövlətçiliyin nüfuzu baxımından ayırd etmə qabiliyyəti də vardı və Qulu Məhərrəmlinin təqdimatında verilişlər də, canlı yayımlar da maraqla izlənilirdi; gözəl söz (fikir) düzümü həmişə ehtiramla qarşılanıb. Belə qarşılanma müəllifə, müəllifin timsalında jurnalistikaya böyük ehtiramdır. Qulu Məhərrəmlinin müsahibələri həmişə qarşılıqlı söhbətləşmə biçimində maraqlı olub. Müsahibin fikirlərinə jurnalist müdaxiləsi fikrin (fikirlərin) daha ifadəli olmasına xidmət edib, mövzunun əhatələnməsi baxımından belə müdaxilələri müsahiblər xoş ovqatla dəyərləndirib.
Qulu Məhərrəmlinin müəllifi olduğu verilişlərdə Qarabağ ağrısı həmişə olub. Bu, təkcə Zəngilan amili ilə bağlı deyil, Qulu müəllim üçün bir Azərbaycan dünyası olub, o gözəl, o əsrarəngiz dünyanın Zəngilanı olub. Nə deyibsə, Azərbaycan üçün deyib, nə düşünübsə, Azərbaycan üçün düşünüb. Ehtimallarında da Azərbaycanın taleyi olub, təqdim etdiyi faktlarda da. Nə deyibsə, “bu dünyanın qara daşının göyərməsi” üçün deyib, işğalın sonlandırılması üçün deyib. Böyük dünyaya çıxdığı Şuşanı ruhunun mehrabı bilərək deyib, Azərbaycan gerçəkliklərini yaşaya-yaşaya deyib. Tanınmış siyasətçilərdən müsahibələr almaqla deyib və tarixə bir inamın vədini verərək deyib: Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunacaq!..
Qulu Məhərrəmli üçün həmişə bir SÖZ ucalığı olub, SÖZün ucalığını müqəddəsliyin zərrəsi bilib, bu zərrəni düşüncələrə yönəltməyi jurnalistin mənəvi borcu. Bu borcu əsl vətəndaşlıq borcu kimi yaşayanların sırasında olmağı arzulayıb (və buna nail olub, həm də sədaqətlə nail olub, Qulunun “Babaylıdan yer üzünə düşən yoldu sözüm mənim, Sönən deyil, sönməyəcək odum mənim, közüm mənim, Sözüm Vətən əsgəridi, bir əsgərəm özüm mənim!..” dediyinə zərrəcə şübhəm yoxdu; ruhu rəvan jurnalistdi Qulu müəllim!..).
2005-ci ilin oktyabrından “Xəzər” televiziyasında işləyib. Yeni yaradılan, fəaliyyətə başlayan telekanalın tanınması, tamaşaçıların ehtiramı ilə əhatələnməsi yaxşı verilişlərin yaxşı hazırlanmasından da asılı idi. Bunu bədii təfəkkürə malik jurnalistlər yerinə yetirə bilərdi, belə jurnalistləri düzgün istiqamətləndirən təşkilatçı jurnalistlər yerinə yetirə bilərdi. Qulu Məhərrəmli bu vəzifələrin də cəfakeşlərindən biri oldu. Həm də 2007-2012-ci illərdə “Dost məclisi”, “Gündəm” kimi proqramların aparıcısı kimi tanındı. Bu proqramlar da maraqla qarşılandı, seçildi, sevildi; tele-jurnalistikada Qulu Məhərrəmli üslubu var. Bu üslub üslublar arasında seçilən üslub olub, maraq doğuran üslub olub. Bu üslubda bir yaradıcılıq ahənrübalığı da olub, var, olacaq da. Rəsmi nə qədərdi deyə bilmərəm, Qulu müəllimin öyrəncilərinin, ustadı olduqlarının sayı onlarla ölçülür...
Güney Azərbaycan ifadəsi hamımızın ruhumuzun doğmasıdı. Səsimiz eyni, nəfəsimiz eyni, ruhumuz eyni, düşüncələrimiz eyni. Bu eyniliklər Azərbaycanın yaxın sabahlarının ağ işığı olacaq. Bu inam hamımızın sübh duamızın təkbiridi. Gün (Güney) Az (Azərbaycan ) səs tərkiblərinin vəhdəti ruh dünyamızın işıq zərrələrindəndir: GünAz. Və Qulu Məhərrəmli bu adla fəaliyyət göstərən televiziyada (GünAzTV) da veriliş aparıb. “Mətbuat aynasında” verilişi də kifayət qədər tanınıb...
Qulu Məhərrəmli jurnalistikanın nəzəri problemləri ilə də məşğul olur. Həm də az qala 45 ildi! 1989-cu ildə radio üçün olduqca aktual olan bir problemi araşdırıb. Problemin nəzəri əsaslarının həlli istiqamətlərini göstərib, onun fəaliyyətə tətbiqi yollarını müəyyənləşdirib. “Radiodramaturgiya dili” mövzusunda namizədlik dissertasiyası Azərbaycan Radiosunun inkişafında istinad edilən nəzəri mənbələrdən biri olub. Bu dəyərli elmi əsər radiojurnalistikanın inkişafında metodoloji vasitə kimi bu gün də gənc jurnalistlərin, araşdırıcıların istifadəsində olan əsrlərdədir. Qulu Məhərrəmli təkcə peşəkar jurnalist kimi tanınmaqla kifayətlənməzdi, kifayətlənmədi, elmdə də nəzəri jurnalistikanın Qulu Məhərrəmlisi oldu: cəmi 5 il sonra "Televiziya dili: funksiya və struktur" mövzusunda doktorluq dissertasiyası müdafiə etdi.
Ən yaxşı müəllim öyrədən müəllimdir; Qulu Məhərrəmli elmlər doktoru olmaqla 2006-cı ildən Bakı Dövlət Universitetində işləyir, professordur. Jurnalistikanın nəzəri problemlərini, müxtəlif dil sistemlərini, teleradionun tarixini, efirin də, ekranın da elmi, praktiki problemlərini, ... araşdırır. Araşdırma aşkarlamadır, aşkarlama öyrətmədir. Qulu müəllim bu müqəddəs yolun yorulmazlarındandır...
40-a yaxın kitabın, bir neçə monoqrafiyanın, dərsliyin, dərs vəsaitinin, bir neçə izahlı və etimoloji lüğətin müəllifi olan professor Qulu Məhərrəmlinin “Zamanın rəngləri” və “Gələcəyə ön söz” əsərlərini xatırlayıram. Zamanın rənglərini fərqləndirmək, bu rənglərin harmoniyasını müəyyənləşdirmək istedadın təzahürü deyilmi? Və yaxud anlarla da olsa gələcəyi müəyyənləşdirmək, proqnozlaşdırmaq mümkün deyil, buna baxmayaraq Qulu Məhərrəmli gələcəyə ön söz yazmağa nail olub və gözəl yazıb. Düşündürücüdür. Bu əsərlər ümumən oxucular üçün, “Jurnalistikanın əsasları”, “Televiziya jurnalistikası”, “Radio dərsləri”, “Kütləvi kommunikasiya və dil”, “Radio jurnalistikası: təməl biliklər” əsərləri jurnalistika ilə məşğul olanlar üçündür...
Professor Qulu Məhərrəmli Əməkdar jurnalistdir, Presklub.TV You Tube kanalının rəhbəridir, BDU-nun kafedra müdiridir, AZLEKS elektron lüğətlər toplusunun baş redaktorudur, Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür, Şuranın komissiya sədridir. Xarici dövlətlərdə elmi simpoziumlarda, konfranslarda jurnalistikamızı, elmi jurnalistikamızı böyük azərbaycançılıq məsuliyyəti ilə təmsil edib...
Professor Qulu Məhərrəmli səmimidir, insanlığın cəfakeşidir, sözü bütövdür. ...Onu insaflılar, dünyaya ürəyinin gözü ilə baxanlar belə tanıyıb, belə sevib. 70 yaşın zəmanəti ilə hələ, neçə on illər də jurnalistikamızın, elmimizin, milli-mənəvi ruhumuzun cəfakeşləri sırasında olacaq...
Bir şərqi eşitmişdim: 60 yaş nədir hələ. Bu kəlmələri Qulu müəllimin timsalında 70 yaş nədir hələ kimi də ifadə etmək günah deyil. Heç günah deyil...
100-ə uğur üstəsən, Qulu Məhərrəmlimiz!..
Rəşid Faxralı