AZ

Evimizdəki qatil -onu necə zərərsizləşdirə bilərik?

Bu gün «Azəriqaz» İB üçün abonentlərin təbii qazla təminatı qədər ondan təhlükəsiz istifadə də önəmli məsələdir

Qarşıdan qış gəlir. Qışda isə adətən dəm qazından zəhərlənmələrin saıynda artım olur. Ona görə də belə faciələrin qarşısının alınması bir xidmət sahəsi kimi SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin (İB) üzərinə düşür. Qeyd edək ki, qaz təsərrüfatındakı təhlükəsizlik məsələləri ilə iki  il əvvələdək Fövqəladə Hallar Nazirliyi məşğul olurdu. Bu vəzifə «Azəriqaz»a həvalə olunduqdan sonra Birlikdə  təhlükəsizlik məsələlərinə dair geniş tədbirlər planı hazırlandı. Eyni zamanda, xüsusi kurslarda təlimatlandırılmış əməkdaşlar cəlb edilməklə yoxlamalar və reydlər keçirildi.

Bu gün Birlik üçün abonentlərin təbii qazla təminatı qədər ondan təhlükəsiz istifadə də önəmli məsələdir. Artıq bu istiqamətdə uğurlu nəticələr də mövcuddur. Bəs dəm qazı nədir və ondan necə qorunmaq olar? Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız; havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odu yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur.

Dəm qazını niyə «tanımaq» olmur?

Dəm qazı başqa yanacaq növlərindən istifadə zamanı da, məsələn, kömür yandırılarkən yarana bilər. Onun əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların hava sorucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır. Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır. Mütəxəssislər bunlarla yanaşı, mənzillərdə təbii qazı (metan) və dəm qazını aşkar edən detektorlar quraşdırılmasını da tövsiyə edirlər.

Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçikyaşlı uşaqlar, hətta az miqdarda dəm qazından həyatlarını itirə bilərlər!
Bu kimyəvi maddənin orqanizmə öldürücü təsiri onunla  izah olunur ki, o qanda tez bir zamanda hemoqlobinlə birləşir. Bu zaman toxumaların hüceyrələrinə oksigen daşınmır və oksigen qıtlığı nəticəsində insan huşunu itir. Həmin vaxt bədəndə süstlük əmələ gəlir, nitq tutulur.
Dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım isə belədir: ilk olaraq, zərərçəkəni dərhal açıq havaya çıxarmaq, əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq, ona yarıoturaq vəziyyət vermək (ağciyər ödeminin qarşısını almaq üçün) lazımdır. Bundan başqa, zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq, əgər zərərçəkən nəfəs almırsa və ürəyi dayanmışsa, ürəyi xarici masajı və süni tənəffüslə dərhal reanimasiya tədbirlərinə başlamaq lazımdır.
Əgər insanın huşu üstündədirsə, qızdırıcı içki, çay vermək lazımdır. Huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır. İlkin olaraq, şirin çaya limon qatıb vermək olar.
Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal təcili yardım çağırmaq lazımdır.

Dəm qazından zəhərlənmələrin və təbii qaz partlamalarının əsas səbəblərindən biri də bəzi vətəndaşların məsuliyyətsizliyidir

Araşdırmalar göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin  95 faizi vanna otaqlarında baş verir. Buna səbəb isə orada quraşdırılan su qızdırıcılarının ventilyasiya kanallarına qoşulmaması, həmçinin bina və mənzillərdə tüstü bacaları və ventilyasiya sistemlərinin vaxtaşırı təmizlənməməsidir. Digər səbəb isə kipləşdirilmiş plastik qapıların aşağı hissəsində havanın ventilyasiyası üçün dəliklərin olmamasıdır və vanna otaqlarında asma tavan quraşdırmaqla otağın həcminin kiçildilməsidir. Zəhərlənmələrlə müşayiət olunan hadisələrin digər qismi isə xaricdən gətirilən və bir çox hallarda standartlara cavab verməyən qızdırıcıların quraşdırılmasıdır.

Bütün bunlara rəğmən şəxsi qənaətimi də bölüşmək istəyirəm: dəm qazından zəhərlənmələrin və təbii qaz partlamalarının əsas səbəblərindən biri bəzi vətəndaşların məsuliyyətsizliyidir. Bildikləri halda ki, standarta uyğun olmayan qaz cihazlarından istifadə, mənzil daxilində qaydalara uyğun olmayan qaz çəkilişləri mütləq halda zəhərlənmələrə, partlayışlara səbəb olur - yenə də bu mənfi tendensiyalara rəvac verirlər. Əslində, bu acı gerçəklikləri görəndə insanda belə bir fikir yaranır ki, sanki vətəndaşlar öz həyatlarını təhlükəyə atmaqda «həvəslidirlər.»

Bü gün Azərbaycanda 2 milyon 400 mindən çox təbii qazdan istifadə edən abonent var və onların hər birinə bir nəzarətçi təyin etmək mümkün deyildir. Bu halda faciələrin qarşısının alınmasında ən böyük məsuliyyət  və vəzifə elə abonentlərin özlərinin üzərinə düşür. Ona görə də abonentlər  xüsusilə soyuq qış aylarında  daha ehtiyatlı olmalı, təbii qazdan istifadə  qaydalarına düzgün əməl etməlidirlər. Əks halda, özümüzü evimizdəki dəm qazı adlı qatilə təslim etmiş oluruq. Ümumiyyətlə, təbii qaz elə bir maddədir ki, onun dirisi də, ölüsü də qorxuludur.

Elçin Zaman, «İki sahil»

Seçilən
8
ikisahil.az

1Mənbələr