AZ

ABŞ Ermənistanın qərbyönlü partiyalarını ələ alır

Onlar Gürcüstanın yolu ilə gedəcəyi təqdirdə Paşinyanın qarşısına çıxacaqlar

Son illərdə ABŞ Ermənistan üzərində təsirini artırmaqdadır. Bu, baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra daha intensiv xarakter alıb. Ermənistanın hazırkı hökuməti bütün mümkün vasitələrlə Rusiyadan uzaqlaşaraq Qərbə, ABŞ-yə yaxınlaşmaq xəttini ardıcıl davam etdirir. Bu istiqamətdə addımlar xüsusilə KTMT-yə münasibətdə daha aydın nəzərə çarpır. Ermənistan artıq bir neçə ildir ki, bu təşkilatın iclaslarına qatılmır, amma MDB-də, Avrasiya İqtisadi İttifaqında və digər qurumların işində iştirak edir.

Budur, dünən Astanada KTMT-nin yeni sammiti öz işinə başlayıb. Amma Ermənistan əvvəlcədən elan etdiyi kimi, tədbirə qatılmayıb. Dünən baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib: “Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək”. Sammitdə iştirakdan imtinanın səbəbləri barədə danışan mətbuat katibi qeyd edib: “Ermənistan Respublikasının KTMT-nin fəaliyyətində iştirakının dondurulması ilə bağlı mövqeyi dəyişməyib”.

Lakin İrəvanın bu addımları KTMT ölkələrində birmənalı qarşılanmır. Dünən Paşinyan komandasının hərəkəti Belarus Prezidenti Aleksandr Lukaşenkonu bərk əsəbiləşdirib. O, sammitdəki çıxışında bəyan edib ki, KTMT-nin Astanada keçirilən sammitində Ermənistan nümayəndəsinin iştirak etməməsi regionda mövcud geosiyasi vəziyyəti xarakterizə edir: “Bu, regiondakı hazırkı geosiyasi vəziyyəti və müəyyən dərəcədə bizim təşkilatımızı xarakterizə edir”.

Lukaşenko hesab edir ki, KTMT Avrasiyada hərbi-siyasi sütunlardan birinə çevrilməli və bütün regional təhlükəsizlik gündəliyi üçün trend müəyyən etməlidir: “Mövcud problemlərin həllinin və effektiv təhlükəsizlik mexanizmlərinin yaradılmasının açarı müxtəlif xalqların birgə həyatı, mədəniyyətlərin və sivilizasiyaların bir-birinə nüfuz etməsinin min illik təcrübəsi olan Avrasiyamızdadır. KTMT Avrasiya qitəsinin formalaşmaqda olan təhlükəsizlik arxitekturasının hərbi-siyasi sütunlarından birinə çevrilməli, bütün regional təhlükəsizlik gündəliyi üçün tendensiya təyin etməlidir”.

Paşinyanın bir tərəfdən, KTMT-ni boykot etməsi, digər tərəfdən, Rusiya ilə bağlı başqa təşkilatların tədbirlərinə qatılması istər yaxın, istərsə də uzaq Qərb ölkələrində onun “iki stulda oturmaq istəyi” kimi qiymətləndirilir. Xüsusən Gürcüstanın son təcrübəsindən, Tbilisinin Avropa İttifaqından uzaqlaşaraq Rusiyaya yaxınlaşmasından sonra. İndi ABŞ-də Ermənistanın da Gürcüstanın yolu ilə gedəcəyindən ehtiyat edilir. Bu da Vaşinqtonu İrəvana qarşı əks addımlar atmağa vadar edir.

Bu günlərdə Rusiya tərəfinin yaydığı aşağıdakı informasiya bu məsələnin üzərinə işıq salmış oldu. Belə məlum olur ki, ABŞ Ermənistanın Qərbyönlü partiyalarını ölkədə 2026-cı ildə keçiriləcək seçkilərdə parlamentə daxil olmağa həvəsləndirərək ələ almağa, onların təbliğatı ilə məşğul olmağa başlayıb. Bu barədə noyabrın 27-də Rusiya Xarici Kəşfiyyat Xidmətinə istinadən “İzvestiya.ru” məlumat yayıb.

RF Kəşfiyyat Xidmətinin məlumatında bildirilir: “Ermənistandakı “demokratiyanın dönməz tərəfdarlarına” belə bir vəzifə tapşırılır ki, əgər Ermənistanın icra hakimiyyəti qonşu Gürcüstan hökumətindən nümunə götürərək, erməni xalqının obyektiv milli maraqlarına, adət-ənənələrinə və dəyərlərinə üstünlük vermək niyyətinə düşərsə, o zaman onun (Paşinyanın – red.) ağzından vursunlar”.

Xidmətin məlumatına görə, ABŞ Ermənistanı tamamilə özünə tabe etmək niyyətindədir. Bununla belə, oxşar təcrübələr digər ölkələrdə və regionlarda, eləcə də Yaxın Şərq, Latın Amerikası və Afrikada öz dağıdıcı mahiyyətini göstərmişdir. Bundan əlavə, Ukraynadakı mövcud vəziyyət də bunu açıq-aşkar təsdiq edir.

Məlumatda xatırladılır ki, bu ilin iyun ayında Ermənistan və ABŞ təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalayıblar. İyulda İrəvanda ABŞ və Ermənistan Silahlı Qüvvələrinin “Qartal tərəfdaşı - 2024” birgə hərbi təlimləri keçirilib. Daha sonra, sentyabrın 13-də ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı enerji, ticarət və investisiya sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər. Dövlət katibi Paşinyanı ABŞ-nin Ermənistanın çiçəklənməsinə və ölkədə demokratik proseslərə dəstək verməyə çalışdığına inandıra bilib.

Sentyabrın 20-də Paşinyan ölkədə institusional islahatların həyata keçirilməsi və demokratiyanın tətbiqi üçün Vaşinqtonun dəstəyinin vacibliyindən danışaraq qeyd edib ki, bu məqsədlə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi tərəfindən İrəvana ayrılacaq vəsaitlər artırılacaq.

Nəhayət, noyabrın 7-də ABŞ Dövlət Departamenti İrəvanın siyasi yönümünü Qərbə doğru dəyişdirməsi prosesini sürətləndirmək üçün Ermənistanın siyasi elitasına Qərbyönlü strukturların təsirini gücləndirib. Bununla da, ABŞ artıq Ukrayna və Moldovada sınaqdan keçirilmiş sxemlərdən istifadə edərək, Ermənistana Qərbyönlü inkişaf yolunu təlqin etməyə çalışır.

Bu isə Rusiya tərəfində, eləcə də KTMT-də narahatlıq və narazılıq yaradır. Odur ki, ABŞ Ermənistanın Gürcüstan təcrübəsini tətbiq etməsinin qarşısını ermənilərin öz əli ilə – müxalif partiyalarının hökumətə təzyiqini gücləndirmək vasitəsilə almağa çalışır. Bunun üçün bir sıra partiyalara parlamentə düşmək şansı yaradılacağı vəd olunur. Amma yəqin ki, artıq Moskvada bu planların qarşısını almağın yolları axtarılır. Nəticəni yaşayarıq, görərik...

Paşa ƏMİRCANOV
XQ

Seçilən
15
xalqqazeti.az

1Mənbələr