1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qarşıda bizi daha 3 oyun gözləyir və pley-offa yüksəlmə şansımız hələ də var".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında Fransanın "Lion" komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
"Azakeşlərimizə təşəkkür edirəm. Soyuq havada komandamıza dəstək oldular. Oyuna gəlincə, hesab üzücü oldu. Futbol bu cür səhvləri bağışlamır. Xüsusilə ikinci qol zamanı Kevin Medinadan bu cür səhv gözləmirdik. Buraxılan qola görə Medinaya hər hansısa iradım yoxdu. Çünki texniki səhv idi. Həqiqətən, futbolçularımdan razı qaldım. Çünki hər iki hissədə qol imkanlarımız oldu. Hesab oyuna görə olmadı. "Lion" həqiqətən yaxşı futbolçulardan təşkil olunan komandadır. Hücumçuları hər zaman eyni tempdə çıxış edirlər. Tam olaraq bəxtimiz gətirmədi sözünü demək istəmirəm. Etiraf etməliyik ki, rəqiblərimiz bizimlə oyunlara çox ciddi yanaşırlar. Avropa futbolu günü-gündən inkişaf edir. Lakin biz öz mübarizəmizi aparırıq. Qarşıda bizi daha 3 oyun gözləyir və pley-offa yüksəlmə şansımız hələ də var. Düşünürəm ki, niyə də uğur qazanmayaq. Sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ" evdə "Lion"a 1:4 hesabı ilə məğlub olub.
Anar Həsənov