AZ

Azərbaycanlı rejissor Aytmatov mükafatı alıb

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlament Assambleyasının Çingiz Aytmatov mükafatının təqdimatı keçirilib. Mükafatın laureatı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olub. O, bu mükafata Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının səhnə versiyasına görə layiq görülüb. Mükafatı MDB PA Şurasının sədri, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Qırğız Respublikası parlamentinin sədri Nurlanbek Şakiyev təqdim ediblər.

Nurlanbek Şakiyev qeyd edib ki, Çingiz Aytmatov qırğız xalqının fəxr etdiyi ədibdir. Onun əsərləri müxtəlif mədəniyyətlərə, millətlərə yaxındır, hamımızı birləşdirir. Çingiz Aytmatov ümumi sərvətimiz, ortaq qürurumuzdur, bizi həmfikir edir. Parlamentin sədri çıxışının yekununda qeyd edib ki, bu mükafatın təsis edilməsi barədə qərar Assambleya tərəfindən bütöv xalqları öz əsərləri ilə birləşdirən böyük ədibin xatirəsinə atılan mühüm addımdır. Mehriban Ələkbərzadə mədəniyyət, ədəbiyyat sahəsindəki çoxsaylı xidmətlərinə, mədəniyyətlərin yaxınlaşmasına, MDB ölkələri arasında dostluğun möhkəmlənməsinə verdiyi töhfəyə görə bu mükafata layiq görülüb.

Mehriban Ələkbərzadə yüksək mükafata görə cavab nitqində MDB PA-ya minnətdarlığını bildirib. O filosof-yazıçı Çingiz Aytmatovun adına təsis edilmiş mükafata layiq görüldüyü üçün sevindiyini dilə gətirib. Deyib ki, Ç.Aytmatov bütün dünyada oxşar taleləri yaşayan və gələcək haqqında eyni düşüncədə olan xalqların hamısının yazıçısıdır. O, qırğız xalqına bütün dünyaya belə nadir, fenomenal yazıçı və mütəfəkkir bəxş etdiyinə görə təşəkkür edib. Təqdimat mərasimindən sonra Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova yüksək mükafata layiq görülməsi münasibətilə Mehriban Ələkbərzadəni təbrik edib.

Çingiz Aytmatov mükafatçısı Mehriban Ələkbərzadənin XQ-yə qısa müsahibəsini təqdim edirik.

– Mehriban xanım, Çingiz Aytmatov mükafatına layiq görüldüyünüz üçün Sizi təbrik edirik. Bu mükafatın mahiyyəti, sizin üçün daşıdığı dəyər barədə fikirləriniz maraqlıdır.

– Təşəkkür edirəm. MDB Parlament Assambleyasının Mədəniyyət, İnformasiya, Turizm və İdman Daimi Komissiyası hər il ədəbiyyat sahəsində nailiyyətlərə, görkəmli orijinal əsərlərə və çoxşaxəli ədəbi fəaliyyətləri nəzərdən keçirərək dəyərləndirmə aparır. Mahiyyət etibarilə böyük mükafatdır. Çünki Aytmatov mənim üçün milli və bəşəri anlamda çox böyük yazıçıdır. Böyük ədibin əsərlərindən mənsub olduğu qırğız torpağının, çöllərinin ətri gəlir. Ç.Aytmatov oxşar tarix, taleləri yaşayan bütün xalqların yazıçısıdır. Nəzərə alsaq ki, Ç.Aytmatov uşaqlıqdan oxuduğum sevimli yazıçıdır. Əlbəttə ki, bu, mənim üçün əvəzolunmaz mükafatdır. Bu mükafata Azərbaycanın Xalq yazıçısı Anar Rzayev, rus yazıçısı, şairi, dramaturqu, ssenaristi Yuri Polyakov, Qazaxıstanın şair, yazıçı-ədəbiyyatşünası Oljas Süleymenov, Qırğızıstan Milli Elmlər Akademiyasının Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, ədəbiyyatşünas Abdyldajan Akmataliev və digərləri layiq görülüb.

Mən “Gün var əsrə bərabər” romanının səhnə variantının müəllifiyəm. Əsəri pyes halına çevirmişəm. Mərasimdə xüsusi olaraq qeyd edildi ki, əsərdəki trilogiya bir konteksdə dünəni, bu günü və sabahı özündə ehtiva edən bir-birinə bağlı, bitkin formada təqdim edilib.

– Gələcəkdə Çingiz Aytmatovdan və qırğız ədəbiyyatının digər təmsilçilərindən hansı əsərləri səhnələşdirmək istəyirsiniz?

– Aytmatov oxucunu cəmiyyətə, dünyaya, təbiətə, taleyinə düşündürür, hətta yeni gözdən baxmağa vadar edir. O, dərin milli, eyni zamanda, bütün dünyada başadüşülən yazıçı idi. Düşünürəm ki, onu bir mütəfəkkir kimi unikal edən də budur. Bu səbəbdən gələcəkdə onun “Plaxa” (“Edam kötüyü”) əsərini səhnələşdirmək barəsində düşünürəm. Dünyada bundan yüksək məqsəd ola bilməz. Ruhun parlaq kamilliyinə yüksəlmək üçün rasional varlığı da insanın özünü təkmilləşdirməsidir. İnsanın gündən-günə insani vərdişlərə yiyələnməyinin bariz nümunəsi də elə “Edam kötüyü”dür.

Xatırladaq ki, Çingiz Aytmatov mükafatı 2012-ci ildə Qırğız Respublikası Joqorku Keneşinin (Parlament) təşəbbüsü ilə təsis edilib. O, hər il ədəbiyyat sahəsində nailiyyətlərə, görkəmli orijinal əsərlərə və çoxşaxəli ədəbi fəaliyyətə görə verilir.

R.FİKRƏTOĞLU
XQ

Seçilən
11
xalqqazeti.az

1Mənbələr