Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində Sosial elmlər və psixologiya fakültəsinin təqdimatı keçirilib.TehsilForumu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə rektor Elçin Babayev yubiley çərçivəsində keçirilən belə təqdimatların tələbələrin təhsil aldıqları fakültələrin tarixi, korifey alimləri haqqında məlumat almağına xidmət etdiyini söyləyib. Rektor deyib: “Sosial elmlər və psixologiya fakültəsi sosial inkişafımız üçün önəmli istiqamətlər üzrə mütəxəssislər hazırlayır. Hazırda fakültədə 1750 tələbə təhsil alır. BDU-da təhsil alan əcnəbi tələbələrin böyük bir hissəsi Sosial elmlər və psixologiya fakültəsinin payına düşür. Azərbaycanda ali təhsil müəssisələri arasında ilk dəfə olaraq məhz BDU-da Psixoloji yardım sektoru yaradılıb. Universitet əməkdaşlarının və tələbələrin peşəkar şəxsi inkişafı və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qoruyub saxlamaq və gücləndirmək, tələbələrin öz qabiliyyətlərinin fərqinə varmasına yardımçı olmaq məqsədilə yaradılan sektor bu gün fakültə ilə birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərir”.Dekan Rövşən Cavadov bildirib ki, rəhbəri olduğu Sosial elmlər və psixologiya fakültəsində 8 kafedrada 6 ixtisas üzrə tədris aparılır. Hər bir kafedra bir neçə istiqamətdə elmi-tədqiqat fəaliyyəti ilə məşğul olur. Bu tədqiqatların nəticələri həm ölkədaxili, həm də beynəlxalq səviyyəli tədbirlərdə, əməkdaşların məqalə və tezislərində öz əksini tapır. Fakültədə 79 əcnəbi tələbə və magistrant təhsil alır. Təhsilin keyfiyyətinin artırılması istiqamətində təlim və treninqlər təşkil edilir, mütəmadi olaraq ustad dərsləri, elmi seminarlar keçirilir.Sonra Sosial elmlər və psixologiya fakültəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunu olması ilə fəxr etdiyini bildirib. O qeyd edib ki, BDU-da verilən təhsil, aparılan müzakirələr, burada formalaşan yumşaq və sərt bacarıqlar tələbələrin həyatlarının sonrakı mərhələsində, karyera quruculuğunda önəmli rol oynayır. O, fakültənin sosial tədqiqatlar istiqamətində də böyük potensiala malik olduğunu bildirib.Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta