AZ

Cümhuriyyət tələbəsinin məzarı

Ötən həftə Ankarada olarkən Cəbəci Əsri məzarlığını bir daha dolaşdım. “Son mənzili Ankara olan azərbaycanlılar” kitabını hazırladığım üçün İstanbuldan sonra buradakı məzar yerlərimizin də siyahılaşdırılması, təsvirlərinin çəkilməsi ilə məşğul idim. İlk üz tutduğum yer Cümhuriyyət tələbəsi Hüseyn Şıxıyevin məzarı oldu.

Türkiyədə Argüder soyadını alan Hüseyn Şıxıyev 1898-ci ildə Qazaxın Salahlı kəndində doğulub. 1911-ci ildə Bakıda edadi məktəbinə daxil olub, 1918-ci ildə tamamlayıb. Bakı Şəhər İdarəsinin təqaüdçüsü olub.

Orta məktəbi bitirdikdən sonra 19 avqust 1919-cu ildə Cümhuriyyətin maarif nazirinə məktub yazıb, Almaniyada Elektrotexnika İnstitutunun gəmiqayırma bölümünə göndərilməsini xahiş edib. Bu müddətdə müəllim işləyən Hüseyn bəy 15 noyabr 1919-cu ildə yazdığı digər ərizəsində Berlindəki Şarlottenburq Politexnikumunun dağ bölümündə oxumaq istəyini bildirib.

Hüseyn bəyin ərizələri müsbət dəyərləndirilib və o da Cümhuriyyətin yüz tələbəsindən biri olub. 12 yanvar 1920-ci ildə o, təhsilini tamamladıqdan sonra ölkəyə qayıdıb 4 il ərzində hökumətin göstərəcəyi yerdə işləyəcəyinə dair iltizam verib. 16 yanvarda isə təhsil üçün Avropaya üz tutub.

Hüseyn bəy öncə Berlində, sonra Darmştadtda elektrotexnika ixtisası üzrə oxuyub. 1927-ci ilə qədər Almaniyada işləyib, daha sonra Azərbaycana qayıdıb.

Vətəndə ailə qursa da, ölkədəki repressiyaların ondan da yan keçməyəcəyini bildiyi üçün digər Cümhuriyyət tələbələri olan Məhəmmədəmin Əfəndiyev, Mirismayıl Seyidzadə ilə birlikdə mühacirətə getməyə qərar verib. 1929-cu ildə onlar əvvəlcə Güney Azərbaycana, daha sonra Türkiyəyə gedə biliblər. Bu qaçış hadisəsini Mirismayıl Seyidzadə (Türkiyədə İsmayıl Saryal) “Bakı rüzgarı” adlı xatirələrində detallı şəkildə təsvir edib.

Argüdər Türkiyədə yenidən ailə həyatı qurub. Türkiyə mətbuatında yer alan bir məhkəmə hadisəsindən aydın olur ki, həyat yoldaşı Sultan xanımla münasibətləri yaxşı olmayıb. Onlar Ankarada Yenidoğan məhəlləsində Kirec Ocağı caddəsində yaşayıblar.

Təəssüf ki, Hüseyn bəyin Türkiyədəki həyatı haqqında əlimizdə kifayət qədər məlumat yoxdur. Mətbuatdakı kiçik xəbərlərdə o, yüksək elektrik mühəndisi kimi təqdim olunub. “Akşam” qəzetində verilən vəfat elanında onun 1945-ci il martın 11-dən 12-nə keçən gecə vəfat etdiyi yazılıb. “Ulus” qəzetindəki nekroloqdan isə onun Etibank elektrik şöbəsinin baş mühəndisi olduğunu öyrənirik. Həmçinin qısa müddət xəstə yatdıqdan sonra vəfat etdiyi, mühitində dürüstlüyü və çalışqanlığı ilə sevilən bir şəxs olduğu yazılıb.

Şıxıyevin atasının adı Hacı Mustafa Şıxı oğlu, anasının adı Sayalı Daşdəmir qızı olub. Professor Ədalət Tahirzadənin yazdığına görə, rusca doğum şəhadətnaməsindəki atasının adını sonrakı məmurlar yanlışlıqla “Qasım” kimi oxuduqlarına görə digər bütün sənədlərdə də Hacı Mustafa əvəzinə Qasım Mustafa yazılıb. Ankara bələdiyyəsinin məzarlıqlarla bağlı elektron sisteminə baxdığımızda da atasının adının Kasım, anasının adının Sayalı yazıldığını gördük. Bu sənədlərdə doğum tarixi 1901-ci il göstərilib. Məzar daşında isə köhnə təqvimlə 1314 tarixi qeyd olunub.

Türkiyə mətbuatında Hüseyn Argüderin adı keçən kiçik bir xəbər də var. Orada baldızı Leyla Oray ilə baytar Mehmed Əli Azərin ailə həyatı qurduqları yazılıb. Bu hadisə onun vəfatından cəmi 10-11 gün öncə olub.

Beləliklə, Cümhuriyyət tələbəsi Hüseyn bəyin Türkiyə həyatı ilə bağlı əldə etdiyimiz yeni məlumatlar hələlik bu qədərdir.


Müəllif: Teleqraf.com
Seçilən
15
teleqraf.com

1Mənbələr