Rusdilli “Azadlıq” dövlət telekanalının Bakıda keçirilən COP29 sammitini istehzalı tonda şərhi haqlı narazılıq doğurdu; deputat: “Azərbaycan dövlətinin və xalqının Ukrayna üçün etdikləri...”
Ukraynanın informasiya məkanında Azərbaycana qarşı növbəti təxribat baş verib. Minval-LIVE xəbər verir ki, bu dəfə “Azadlıq” telekanalı “fərqlənib”. Belə ki, telekanal Bakıda keçirilən COP29 sammitini istehzalı tonda şərh etmək qərarına gəlib. Kanalın “ekspertlərinin” fikrincə, COP29 “yalnız BMT-nin baş katibi və Azərbaycan Prezidenti tərəfindən uğurlu” adlandırılıb. Kanalın redaksiyası nədənsə ən sadiq müttəfiqləri olan ABŞ prezidentinin, Böyük Britaniyanın baş nazirinin iqlim sessiyasının uğurlu başa çatması münasibətilə Azərbaycana göndərdikləri təbrikləri belə “görməzdən gəlib”.
Bunun əvəzində isə telekanal Azərbaycana bəzi dairələrin “tədbir niyə neft ölkəsində keçirildi”, “iştirakçı sayı yetərsiz idi” kimi mənasız tezislərinə yer verib.
Azərbaycana qarşı düşmən münasibətini gizlətməyən Fransa və onun əlaltı cırtdan ölkələrinin Bakının uğurlu ev sahibliyi etdiyi COP29-a münasibətinin səbəbi bəllidir. Bəs Ukrayna telejurnalistlərinin Azərbaycana qarşı istehzalı tonunu necə izah etmək olar? Müstəqil telekanalların mövqeyini yenə də başa düşmək olar, lakin rusdilli “Azadlıq” Ukrayna dövlət telekanalıdır. Yəni onların söylədikləri həm də rəsmi Kiyevin mövqeyidir.
Dövlət telekanalı Azərbaycanın Ukraynaya indiyədək hər cür humanitar dəstəyini əsirgəməməsindən, müharibədən əziyyət çəkən ukraynalı uşaqların Bakıda qayğı ilə əhatə olunmasından xəbəri yoxdurmu?
Telekanalın daxil olduğu dövlət müəssisəsinin baş direktoru Yuliya Bin “Minval.az”a göndərdiyi məktubda vurğulayıb ki, “Özünə bax” proqramı ukraynalı jurnalist Vladimir Runtsun müəllif layihəsidir. Proqram kanalın tərəfdaşları olan “SLM News” şirkəti tərəfindən hazırlanır. “MPİU” dövlət müəssisəsi, Ukrayna qanunvericiliyinə əsasən, “söz azadlığı və senzuranın qadağan edilməsi prinsiplərinə riayət edərək, jurnalistlərin redaksiya siyasətinə və fəaliyyətinə müdaxilə etmir”.
Qeyd olunur ki, “proqramda səslənən fikirlər müstəsna olaraq müəllifin subyektiv fikirləridir və "Freedom" telekanalının və ya Ukrayna dövlətinin rəsmi mövqeyini əks etdirmir".
Minval.az haqlı olaraq qeyd edir ki, söz azadlığının öz həddi var - ölkəni alçaldan şərhlər və istehzalar söz azadlığının təzahürü sayıla bilməz. “Proqramda Rusiyaya qarşı müsbət və ya ABŞ və Kiyevin müttəfiqlərinə mənfi münasibət bildirilsəydi, telekanalın müdaxilədən çəkinəcəyinə inanmaq bizim üçün çətindir”.
Yada salaq ki, bu ilin avqustunda Ukraynada Azərbaycanın dövlət şirkəti SOCAR-ın yanacaqdoldurma məntəqələrini boykot çağırışı edilmişdi. Halbuki “SOCAR Energy Ukraine” müharibə başlayandan bəri təcili yardım maşınları və Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti üçün pulsuz olaraq 200 min litrdən çox yanacaq verib. Amma rəsmi Kiyev həmin anti-Azərbaycan əhvalına qarşı bircə kəlmə də söz demədi, prosesi kənardan izlədi.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Ukrayna hakimiyyətinin nəzarətində olan “Azadlıq” dövlət telekanalında COP29-un hədəf alınması açıq-aşkar sifariş əsaslı bir addımdır: “Azərbaycanın Rusiya və Ukrayna müharibəsində siyasi mövqeyi ölkəmizin beynəlxalq münasibətlərdəki prinsipial yanaşmalarına əsaslanır. Müharibənin başladığı dövrdən etibarən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü və münaqişənin sülh yolu ilə həllini dəstəkləyən mövqe sərgiləyib. Bu, Azərbaycanın BMT və digər beynəlxalq təşkilatların prinsiplərinə uyğun olaraq, müstəqillik, suverenlik və ərazi bütövlüyü hüququna həssaslığından qaynaqlanır. Müharibə müddətində Azərbaycanın Ukraynaya humanitar yardımlar etməsi də məhz bu mövqeyin bir hissəsini təşkil edir. Ölkəmiz rəsmi Kiyevi mütəmadi olaraq ərzaq məhsulları, tibbi avadanlıqlar və digər zəruri ehtiyaclarla təmin edir və humanitar təşkilatlarla əməkdaşlıq edərək yardımların daha effektiv və məqsədyönlü şəkildə çatdırılmasını təmin etməyə çalışır. Beləliklə, Azərbaycanın Ukrayna müharibəsindəki siyasi mövqeyi və etdiyi humanitar yardımlar Zelenski hökumətinə dəstək xarakteri daşıyır. Lakin biz rəsmi Kiyevdən eyni rasional yanaşmanı müşahidə etmirik. Xüsusilə son dövrlər Ukraynanın media müstəvisində ölkəmizi hədəf alan çıxışlar edilir və məqalələr dərc olunur. Bu, ilk növbədə ikitərəfli əlaqələrin səviyyəsinə və münasibətlərin xarakteristikasına zidd davranışlardır. Belə bir məqamda Ukrayna hakimiyyətinin nəzarətində olan "Azadlıq" dövlət telekanalında COP29-un hədəf alınması açıq-aşkar sifariş əsaslı bir addımdır. Görünür, Fransanın Avropada həyata keçirdiyi anti-Azərbaycan kampaniyası qərbmeylli Zelenski hökumətinin də mövqeyinə təsir göstərməkdədir. Azərbaycanla münasibətləri korlamaqdan zərərli çıxan tərəf Ukrayna olacaq. Hesab edirəm ki, rəsmi Kiyev yanaşmalarını bir daha nəzərdən keçirməli və Azərbaycan dövlətinin və xalqının Ukrayna üçün etdiklərini görməzdən gəlməməlidir".
Vüqar İsgəndərov
Deputat Vüqar İsgəndərov Azərbaycan tərəfindən Ukraynaya yanaşılan diqqət və qayğının artıq unudulmaq üzrə olduğunu qeyd etdi: “Azərbaycan Rusiya ilə yaxın münasibətdə olsa da, həmişə Ukrayna ilə də yüksək səviyyəli əlaqələr qurub. Müharibə yeni başlayanda Avropa dövlətlərinin hay-küylü çağırışları fonunda biz ilk yardım əlini uzadan ölkələrdən olduq. Humanitar yardımlar, Ukrayna vətəndaşlarının ölkəmizə qəbul edilməsi, uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşılma, görünür, artıq unudulub. Ancaq bu gün biz görürük ki, Ukrayna yenə də Avropa deyən "mahnıya oynamaq istəyir". Ölkəmiz COP29 kimi bir mötəbər tədbiri ən yüksək səviyyədə təşkil etməklə öyünür və dünyaya da nələrə qadir olduğunu göstərir. Ancaq həmişə yardım əlini uzatdığımız Ukrayna belə bir tədbirin keçirilməsinə kölgə salmaq niyyətinə düşür. Adını da “mətbuatın söz azadlığı” qoyur. Yəqin ki, rəsmi Kiyevin mətbu orqanı rəsmilərdən xəbərsiz və icazəsiz heç nə paylaşmaz. Biz isə bu münasibətlərdən, sadəcə, təəssüflənirik".
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bunu rəsmi Kiyevin mövqeyi kimi qəbul etmir: “Azərbaycanı beynəlxalq aləmdən təcrid etmək və gözdən salmaq istəyən qüvvələr təkcə iftira və qarayaxma kampaniyası ilə kifayətlənmir, onlar əllərində və təsir altında olan vasitələri də buna səfərbər ediblər. Məlumdur ki, Ukrayna ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur və hər iki xalqın bir-birilərinə böyük simpatiyası var. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Moskvanın heç bir basqısına məhəl qoymadan həm humanitar, həm maliyyə, həm də digər yardımları göstərməkdə davam edir. Ukraynada müharibədən əziyyət çəkən uşaqlara, həmçinin Ukrayna vətəndaşlarına qucaq açıb, onlara qaçqın kimi hər cür şərait yaradıb. Təəssüflər olsun ki təxribatçı qüvvələr müxtəlif üsullarla, o cümlədən media vasitəsilə Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinə xələl gətirən məsuliyyətsiz addımlar atır, etimadsızlıq mühiti yaratmağa çalışırlar. Mən zənn etmirəm ki, Ukraynanın rusdilli "Azadlıq" telekanalında Azərbaycanla bağlı, Azərbaycanda yüksək səviyyədə keçirilən COP29 haqqında hazırladığı reportaj rəsmi Kiyevin mövqeyi olsun. Görünür, bu uğuru həzm edə bilməyənlər daha çirkin oyunlar qurmağa çalışır. Təbii ki, Ukraynada Azərbaycana qarşı yol verilən bəzi dairələrin xoşagəlməz hərəkət və hərəkətsizliyi cəmiyyətdə haqlı narazılıqlar doğurur. Ukraynadakı müharibə Azərbaycanın müharibəsi deyil və Azərbaycan suveren və müstəqil dövlətdir. Beynəlxalq münasibətlər sistemində əlaqələri və əməkdaşlığı, həmçinin xarici siyasi kursu öz milli və dövlət maraqlarına uyğun şəkildə qurur. Odur ki, beynəlxalq hüququn tələblərinə əməl edən Bakıya qarşı Kiyevdən hər hansı bir etirazın və narazılığın gəlməsi yersizdir. Əksinə, bu, Ukraynanın ziyanınadır və Azərbaycan kimi güclü bir dövlətin dost itkisinə gətirib çıxara bilər”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”