AZ

Sertifikasiya: Bu şəxslərin də əmək müqaviləsinə xitam VERİLƏCƏK

2022-ci ildən etibarən müəllimlərin sertifikatlaşdırma prosesi başlanılıb. Son zamanlar isə məktəəb psixoloqlarının sertifikatlaşdırmadan keçməsi məsələsi gündəmə gəlir.

 

Məktəb psixoloqlarının sertifikatlaşdırmadan keçməsinin təhsilə hansı faydası olacaq?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlama verib.

150143

R.Nurəliyev qeyd edib ki, məktəb psixoloqlarının sertifikasiyadan keçməsi mütləqdir:

 

“Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikasiya imtahanı Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən mərhələli olaraq keçirilir. Ötən illərdə azərbaycan dili, ibtidai, riyaziyyat və xarici dil müəllimlərinin sertifikasiya imtahanı baş tutdu. Nəticələrə əsasən 30%-ə yaxın pedaqoji heyətin müsabiqədə zəif nəticə göstərdiyi məlum oldu. Sertifikasiyada 50%-dən aşağı nəticə göstərənlər qənaətbəxş hesab olunmur və növbəti mərhələyə - müsahibəyə buraxılmırlar.

 

Bəzi mənbələrdə gələn il sertifikasiya olunacaq fənlərin adları da qeyd olunur, ancaq təəssüf ki, hələ də məktəb psixoloqlarının sertifikatlaşdırılması ilə bağlı addımlar yoxdur. Ancaq məktəb psixoloqlarının sertifikasiya imtahanından keçirilməsi mütləqdir.

 

Məktəbdə tədrislə yanaşı tərbiyə verilməsi, eləcə də psixoloji və sosioloji dəstəyin göstərilməsi hər bir valideynin arzusudur. Amma çox təəəssüf ki, bizim məktəb psixoloqlarının 50%-ə yaxını öz ixtisası üzrə məktəblərdə fəaliyyət göstərmirlər. Məktəb rəhbərliyi hansı dərslər boşdursa, yaxud da psixoloqun fəaliyyətindən əlavə nə qədər iş varsa, o işləri məktəb psixoloqu vakantlarına verirlər. Bu doğru deyil.

 

Təəssüflər olsun ki, məktəblərdə neqativ hadisə baş verdikdən sonra məktəb psixoloqları məsələyə münasibət bildirir, şagirdlərlə görüş keçirir. Məktəb psixoloqlarının təlimatnaməsində də qeyd olunub ki, məktəb psixoloqları neqativ fəaliyyətlə məşğul olma ehtimalı olan şagirdləri sinif rəhbərindən öyrənməli, həmin şagirdlərlə mütəmadi şəkildə görüşlər təşkil etməlidir. Lakin bizdə “İş işdən keçəndən sonra” psixoloq uşaqlarla görüşür”.

 

Müsahibimiz qeyd edib ki, ölkəmizdə məktəb psixoloqu çatışmazlığı var. Bu çatışmazlığın aradan qaldırılması üçün addımlar atılmalıdır:

 

“Problemin kökü məktəb psixoloqlarının sahə mütəxəssisi olmamalarından qaynaqlanır. Azərbaycanda 4500-ə yaxın ümumi təhsil məktəbləri var.  Normalda həmin məktəblərdə 8000-ə yaxın məktəb psixoloqları fəaliyyət göstərməlidir.  Amma hazırkı say tələbatı ödəyirmi? Xeyr!

 

Məktəb psixoloqları ilk növbədə öz peşəsinin mütəxəssisi olmalıdırlar. Hazırda ali təhsil müəssisələrindən “Təhsildə sosial-psixoloji xidmət” ixtisasından məzun olan minlərlə məzunumuz var ki, onlar işsizdirlər. Düşünürəm ki, məktəb psixoloqlarının sertifikasiya imtahanı həmin kadrların əmək fəaliyyətinə cəlb olunmasına da şərait yaradacaq. Çünki sertifikasiya imtahanından məqbul bal toplamayan, qeyri-ixtisasa aid olan kadrların əmək müqaviləsinə xitam veriləcək, əvəzində isə MİQ imtahanında iştirak edən,  təhsildə sosial-psixoloji xidmət, eləcə də psixoloq ixtisasının məzunları həmin vakant yerlərə yerləşdiriləcəklər. Beləcə məktəb psixoloqlarının sertifikasiyası kadr çatışmazlığının qarşısını alacaq və məktəb psixoloqlarının ixtisaslı kadr kimi işləmələrinə yardımçı olacaq.

 

Mütləqdir ki, təhsildə sosial-psixoloji xidmət ixtisasın mütəxəssisi məktəb psixoloqu sahəsində xidmət göstərsin. Gənc kadrlar 1-2-3 il sonra fəaliyyətlərini professional şəkildə davam etdirəcəklər. Elm və Təhsil Nazirliyi, eləcə də təhsil idarələri məktəb psixoloqlarına metodbirləşmələr vasitəsi ilə həmin kadrların ixtisasını daha yaxşı mənimsəməsinə, tədris etməsinə dəstək verəcək. Bu addıma ehtiyac var. Çünki məktəb psixoloqlarının böyük qisimi öz sahəsini düzgün tədris edə bilmir, onlara verilən plan və proqram üzərində məktəbdə fəaliyyət göstərmir. Bu isə çox böyük problemdir. Problemin həlli isə yalnız sertifikasiyadır.

 

Nazirlər Kabinetinin 2020-ci il 70 saylı qərarına əsasən, 1000 nəfərlik kontingenti olan məktəblərdə 1 psixoloq, 1000-3000 şagird yerlik məktəblərdə 2, 3000 nəfərdən daha çox şagirdin cəmləşdiyi məktəblərdə isə 3 məktəb psixoloqunun olması öz əksinə tapır. Amma hazırkı vəziyyətə görə bu belədirmi? 

 

Əvvəlki illərdə məktəb psixoloqu kimi vakant yerlərə məktəb rəhbərləri kitabxanaçıları, dərs saatı az olan fənn müəllimlərini cəlb ediblər. Bu doğru deyil. Hər sahənin öz mütəxəssisi fəaliyyət göstərməlidir.

 

Sertifikasiya təkcə peşəkar kadrların vakant yerlərə cəlb olunmasına deyil, psixoloq kimi işləyənlərin özünə də faydalıdır. Müəyyən nəticə əldə edənlər əmək haqlarını əlavələrlə alacaqlar. Ona görə də psixoloqlar özləri də sertifikasiyaya maraqlı olmalıdırlar”.

Seçilən
7
azedu.az

1Mənbələr