“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Lion” oyunu (1:4) sonrası mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis futbolçuların performansı barədə danışıb. O, oyunçuların cəzalanıb-cəzalanmayacağı barədə verilən suala belə cavab verib:
“Biz fərqli gözlə baxırıq. O qədər detallar var ki, futbolun inkişafı haqda, turnir haqda danışmaq olar. Mən məşqçi kimi bunu sizə bildirsəm, düzgün çıxmaz. Futbolçulara narazılıq bildirdiyimiz vaxtlar olub. Hətta qalib gəldiyimiz vaxtda da. Bəzən uduzmuşuq, amma oyundan razı qalmışam. İşimizin bir hissəsidir. Cərimələr də olur, narazılıq da bildirilir. Həm fərdi, həm də kollektiv şəkildə. Bu oyuna görə futbolçulara narazılıq bildirmədim. Narazılığın həddi var. Hansı formada narazılıq edirik. Siz rahat olun, lazım olanda etiraz da bildiririk, cərimələr də olur. Lazım olanda, özümü də cərimə etmişəm. Biləsiz. İş prinsipimizdir. Bu futbolçulara bəzən təşəkkür edirəm ki, neçə illərdir, minimum bu səviyyəni qoruyub saxlayıblar. Bu turnirə Çempionlar Liqası gözü ilə də baxa bilərik. “Ayaks”, “Tottenhem”, “Lion” rəqiblərimizdir. Elə liqalardan gəlirlər ki… Bu cür komandalara qarşı oynamaq futbolçulara həyəcan verir. Biz bu cür rəqiblərə qarşı çəkinmədən mübarizə aparırıq. Komandamı müdafiədə oynada bilərdim. Amma bu cür inkişaf etməyi mən istəmirəm. Qoy belə risklərə gedək, futbolçular uduzsun. Futbol tam başqa səviyyədədir. Sadəcə futbolçulardan istəyirəm ki, cəsarətli olsunlar, istənilən rəqibin üzərinə getsinlər. Səhv etsin. “Qarabağ” olaraq qorxaq futbol oynasaydıq, az səhv etməyi düşünsəydik, bu nəticələri verməzdik. Bu gün istifadə edə bilmədik. Bəlkə sabah başqa cür olacaq. Narahat olmayın. Hər tərəfdən futbolçular idarə olunur. Özüm də tələb edirəm ki, daha yaxşı olmaq, daha da böyümək lazımdır”.