"Bir hədisdə Peyğəmbərimiz zaman yaxınlaşdırılacaqdır, deyə buyurur. Yəni qiyamətə yaxın zaman sürətlə keçəcəkdir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, i.f.d. Vüqar Səmədov deyib.
O bildirib ki, il ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi, saat da bir qığılcımın yanıb-sönməsi qədər sürətlə keçəcəkdir: "Vaxt sürətlə keçmədikcə, zaman yaxınlaşdırılmadıqca qiyamət qopmayacaqdır. Birinci növbədə vaxtın sürətlə keçməsi qiyamətin əlaməti olaraq görünür.
Vaxt elə bir şeydir ki, Peyğəmbərimizin də başqa bir hədisində deyilir ki, iki şey vardır ki, insanlar bunun dəyərini bilmir. Birinci səhhətdir, insanlar səhhətlərinin dəyərini bilmirlər. Rahatlıqla deyə bilərik ki, zərərli alışqanlıqlarla səhhətlərini korlayırlar. Canlarını verib pul qazanandan sonra pullarını verib canlarını qazana bilmirlər. Peyğəmbər buna diqqət çəkir.
İkincisi də vaxtdır. Vaxt elə bir şeydir ki, dünyada bəlkə, hər şeyi ala bilərsən, amma ömründən bir an getdisə, geriyə almaq mümkün deyil. Vaxt bıçaq, qılınc kimidir, sən onu kəsməsən, o səni kəsər, deyə bir ərəb sözü var. Başqa bir hədisdə qeyd olunub ki, zaman sürətlə keçəcəkdir. Burada zamanın bərəkətsizliyinə diqqət çəkir ki, baxacaqsan, zaman sürətlə keçib, əldə heç nə yoxdur. Əvvəllər illərə böyük işlər sığdırırdın, baxacaqsan ki, illər keçib əlində bir saatlıq iş görmüsən, ya da görməmisən. Bunu hədisin açıqlamasında qeyd edirlər. Həmçinin də, bu, zamanın bərəkətsiz olması mənasına gəlir. Qiyamətdə yaxın belə olacaqdır. Yaxud da, zamanın necə gəlib keçmədiyini görəcəksən.
Başqa hədisin sonunda deyilir ki, əməl azalacaqdır. Yəni insanların yaxşı əməllərdən uzaqlaşması, bir-birinə kini, nifrəti artacaqdır. İnsanların səbəbsiz yerə bir-birini fitnəyə salması, nifrətlə baxması, hərc-mərclik çoxalacaqdır. Hədislərdə bunlar qeyd olunur. İnsanların vəfasızlaşması, insanların bir-birinə kinlə baxması, öldürməsi kimi xususlara hədis diqqət çəkir".