Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı Çinin 5 və Rusiyaya aid 6 hərbi təyyarəsinin xəbərdarlıq etmədən Cənubi Koreyanın hava hücumundan müdafiə identifikasiya zonasına (KADIZ) daxil olduğunu açıqlayıb.
APA”Yonhap” agentliyinə istinadla xəbər verir ki, Çin və Rusiya təyyarələrinin hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub-çıxmaları yerli vaxtla saat 9:35 və 13:53 arasında baş verib.
Bildirilib ki, Çin və Rusiya hərbi təyyarələrinin Cənubi Koreya hava müdafiə zonasına daxil olması bu ölkənin təyyarələrini cavab olaraq göndərməsinə səbəb olub.
Cənubi Koreya rəsmisi təyyarələrin hava məkanını pozmadığını bildirib və uçuşun Çin və Rusiya arasında birgə hava təliminin bir hissəsi olduğunu qiymətləndirib.
Qeyd edək ki, Çin və Rusiya təyyarələri son illərdə tez-tez Cənubi Koreyanın hava hücumundan müdafiə zonasına daxil olub.