AZ

ETDİKLƏRİNİZ QABAĞINIZA ÇIXSIN ! - İbrahim Nəbioğlu yazır


20-ci əsrin əvvəlləri, Şotlandiya. 

Bir kəndli işdən evə qayıdır. Bataqlığın yanından keçərkən qəfildən kömək yalvarışları eşidir. Adam səs gələn tərəfə qaçır və bir oğlan uşağının boğulmamaq üçün çabaladığını görür. Tez uzun və qalın bir budaq kəsir, ehtiyatla uşağa tərəf uzadır, dartaraq onu xilas edir.
Qurtulan uşaq tir-tir titrəyir, göz yaşlarına hakim ola bilmirdi. Kəndli onu sakitləşdirmək və isindirmək üçün evinə aparmaq istəyir.
- Yox, yox, - oğlan razılaşmır, - atam məni gözləyir. O, çox narahat olmalıdır.
Uşaq xilaskarına təşəkkür edir, evlərinin yolunu tutur…
Səhər tezdən göstərişli bir araba kəndlinin evinə yaxınlaşır. Yaxşı geyinmiş bir kişi arabadan enib soruşur:
- Dünən oğlumun həyatını sənmi xilas etdin?
Kəndli başı ilə təsdiq edir.
- Sənə nə qədər borcum var?
- Məni incitməyin. Heç bir borcunuz yoxdur. Normal insanın etməsi lazım olanı etdim.
- Yox, oğlum mənim üçün çox dəyərli olduğu üçün bunu belə qoya bilmərəm. İstənilən məbləği söylə deyə qonaq təkid edir.
- Mən bir daha bu mövzuda danışmaq istəmirəm, sağ olun. – Kəndli getmək üçün üzünü çevirəndə evin içindən eyvana bir oğlan çıxır.
- Bu sənin oğlundur? – qonaq soruşur.
Kəndli uşağının başını tumarlayaraq, oğlu olduğunu söyləyir.
- Gəl belə bir iş görək. Oğlunu özümlə Londona aparım, təhsil haqqını ödəyib, onu oxutdurum. Əgər o da atası kimi nəcibdirsə o zaman nə sən, nə də mən bu qərara peşman olmayacağıq…
İllər keçir, kəndlinin oğlu əvvəlcə məktəbi, sonra isə tibb fakültəsini bitirir və tezliklə onu penisilini kəşf edən alim kimi bütün dünya tanıyır.
O, gələcəyin dahi mikrobioloqu, Nobel mükafatı laureatı Aleksandr Fleming idi…
Müharibədən əvvəl zəngin əsilzadənin oğlu ağır sətəlcəm forması ilə Londondakı klinikalardan birinə yerləşdirilir.
Onun həyatını Aleksandr Flemingin kəşf etdiyi penisilin xilas edir.
Flemingi oxutduran centlmenin adı Randolf Çörçill idi. Həyatı xilas edilən uşaq gələcəyin İngiltərə Baş naziri Uinston Çörçill idi…
Atalarımız “Etdikləriniz qabağınıza çıxacaq” sözünü boş yerə deməyiblər.
90 il yaşamış Çörçill görkəmli dövlət xadimi idi. Bütün Dünya onu siyasətçi kimi tanısa da o həm də usta jurnalist, yazıçı, rəssam və Britaniya akademiyasının həqiqi üzvü idi. Çörçill həm də 1953-cü il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı idi. O, sonsuz hesabsız radio çıxışlarında, müsahibələrində, qələmə aldığı yazılarında “Etdiklərimiz bizə geri dönür” ifadəsini dilə gətriməyi çox sevirdi.


Seçilən
12
1
nuh.az

2Mənbələr