Keçmiş UFC çempionu, məğlub olmayan dağıstanlı Həbib Nurməhəmmədov iki çəkidə keçmiş UFC çempionu irlandiyalı Konor Makqreqorla məhkəmə çəkişməsi üçün vəsait toplamaq ideyasını dəstəkləyib.
Nurməhəmmədov X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Afərin, uşaqlar, mən sizi tam dəstəkləyirəm, bu oğlan cəzalanmağa layiqdir”.
Xatırladaq ki, Makqreqor cinsi zorakılıq işində təqsirli bilinib və indi qurbana 250 min avro məbləğində təzminat ödəməlidir. Makqreqor zərərçəkənlə cinsi əlaqədə olduğunu təsdiqləsə də, hər şeyin qarşılıqlı razılıq əsasında baş verdiyini bildirib.
İrlandiya Ali Məhkəməsi Makqreqoru təqsirli bildikdən dərhal sonra pul toplama saytı yaradılıb.
Onu da qeyd edək ki, bir neçə il öncə Həbib və Konor çempionluq uğrunda mübarizə aparıblar. Dueldən əvvəl Makqreqor Nurməhəmmədova qarşı ləyaqətsiz davranışlar sərgiləyib, ancaq sonda dağıstanlı döyüşçü irlandiyalını ağır məğlubiyyətə uğradıb.
Musavat.com