Dekabrın 24-25-də İslamabadda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
“Far.Az” Pakistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin özəlləşdirmə və investisiya naziri Abdul Alim Xan məlumat verib.
Alim Xan noyabrın 28-də investisiya və özəlləşdirmə məsələlərində irəliləyişin qiymətləndirilməsinə həsr olunmuş görüşə sədrlik edib. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin də videobağlantı vasitəsilə görüşdə iştirak edib.
Səfir bildirib ki, Azərbaycan Pakistana G2G modeli üzrə investisiya qoymaqda və dövlət müəssisələrinin özəlləşdirilməsində iştirakda maraqlıdır. O əlavə edib ki, Azərbaycan Pakistanda M6 (Sukkur-Heydərabad) və M9 (Kəraçi-Heydərabad) altı zolaqlı magistral yollarının tikintisinə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirir. Öz növbəsində, Alim Xan səfirdən dekabrın 24-də başlayacaq Pakistan-Azərbaycan Birgə Komissiyasının ikigünlük iclasına qədər hazırlıq işlərini tamamlamağı xahiş edib.
Nazir həmçinin qeyd edib ki, Pakistan Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə özəlləşdirmə, investisiya və kommunikasiya sahələrində əlaqələndirilmiş tədbirlər vasitəsilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bunun üçün Türkiyə, Azərbaycan və Özbəkistan səfirləri ilə ayrı-ayrılıqda görüşlər keçirməyi planlaşdırır.
Alim Xan bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri ticarət məsələlərində Pakistan üçün Şərqi Avropaya açılan qapı ola bilər və bunun üçün əlimizdən gələni etməliyik.
Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının əvvəlki iclası 2021-ci il dekabrın 2-də Bakıda keçirilib.