AZ

İşəgötürənlər niyə daha çox gənclərə ÜSTÜNLÜK VERİRLƏR?

Son zamanlar iş elanlarında belə bir məqama daha çox rast gəlinir: 25-35 yaş arasında işçi tələb olunur. Yəni, işəgötürənlər gənclərə daha çox üstünlük verirlər. Ona görə də 35-dən yuxarı  yaşda olanlar iş tapmaqda çətinlik çəkirlər. Halbuki, əvvəlki illərdə əsasən 50 yaşa qədər işçilər axtarılırdı. Amma qısa zamanda işçilər üçün yaş tələbi fərqi bu qədər böyüyüb.

Bəs, bunun səbəbi nədir?
 

MÖVZU İLƏ BAĞLI:

Əmək miqrasiyası kvotası ilə bağlı yeni QAYDA


Suala sosioloq Üzeyir Şəfiyev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son zamanlar işəgötürənlər əsasən 25-35 yaşlı gənclərə daha çox üstünlük verməsinin bir sıra səbəbləri var:

“İşəgötürənlər ilk növbədə onu əsas gətirirlər ki, gənclər daha innovativ, daha kreativ, daha çevik və operativ olurlar. Hesab edirlər ki, belə şəxslərlə işləmək şirkəti, təşkilatı daha çox irəliyə apara bilər. Həm də rəqəmsal çağırışlara gənclər daha çox açıqdır.

Digər bir arqumentsə ondan ibarətdir ki, 35 yaşdan yuxarı olan əhali qrupunun ailə-məişət qayğıları çox olduğundan bütünlüklə işə köklənə bilmirlər. Guya ki, 35 yaşdan yuxarı olan işçilər həm fiziki, həm mənəvi cəhətdən elastik olmur. Baxmayaraq ki, yaşlı insanlar daha peşəkar və məsuliyyətli olur.

Üstəlik, 35 yaşdan yuxarı işçilər hüquqlarını daha çox tələb edirlər. Bəzi hallarda hətta təklif olunan əmək haqları ilə də razılaşmırlar. Ona görə də işəgötürənlər iş həyatına yeni atılan gənclərə daha çox üstünlük verirlər. Nəzərə alaq ki, gənclər bəzən maddiyyatdan daha çox perspektivi düşünürlər. Fikirləşirlər ki, özlərinə həyat yolu cızsınlar, uğurlu karyera qursunlar.

Bunun üçün də əmək haqqının miqdarı gənclər üçün önəmli olmur. Ona görə də işəgötürənlər az əmək haqqı ilə işləməyə razı olan gənclərə daha çox üstünlük verirlər”.

Müsahibimiz bu cür yanaşmaların doğru olmadığını qeyd edib:

Əmək Məcəlləsində qeyd olunur ki, hansısa yaşa, cinsə və digər kriteriyalara görə işçilər arasında fərq qoymaq olmaz. Bu da qeyri-adekvat və hüquqazidd yanaşmadır. Əslində, şirkətlərə, təşkilatlara daha təcrübəli, daha peşəkar işçilər daha çox vayda verə bilər. Üstəlik, hər bir rəhbər şəxs varisliyi qoruyub saxlamalıdır. Belə olarsa, yaşlı nəsil öz təcrübələrini, orta nəsilsə öz imkanlarını gənc nəslə ötürər.

Eləcə də gənc nəslin operativliyi və kreativliyi orta və yaşlı nəslin işə münasibətinə müsbət təsir edə bilər. Nəticədə, əməkhaqqına görə gənclərə üstünlük verən şirkət və təşkilatlar hər 3 nəslin imkanlarından faydalanaraq daha böyük uğura imza ata bilər”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
11
36
bizim.media

10Mənbələr