AZ

Hamı "pıxa"dı, biz mələk - Bizə zarımağı öyrədiblər

Kulis.az Samir Mirzənin "Hamı “kıxdı”, mən mələyəm..." yazısını təqdim edir.

Bu işlərin axırı necə olacaq? – bəlkə də, ən dəbdə olan və ümidsizliyi göstərən suallarımızdan biridir. Bu işlərin əvvəlinə qatqın, münasibətin necə oldu ki, axırını da püfləyərək deyirsən? “Vallah, biabırçılıxdır” deyən, amma işin biabırçı tərəfini açıqlaya bilməyənlərə bənzəyir. Deyir ki, “göydən daş düşsə, gəlib mənim başıma düşəcək”. Əlbəttə, düşəcək, çünki göydən düşən daş özünə hədəf axtarmasa belə, baxır ki, bir baş orada daşı gözləyir, gəl-gəl deyir, niyə axı xətrinə dəysin, odur ki, arzunu çin edir, sevinməlisən, nə demişdin, o da oldu.

Axı biz şikayətçiyik, hər daim oflamağın aşiqiyik, pis günləri, pis hadisələri yadda saxlamağı öyrəşmişik. Yaxşı günlərimizi elə unuduruq ki, o günlərin “əşi, nəyimə lazımdır, bir daha yaşadım, onsuz da adam yerinə qoymur məni”, dediyini eşitmirik. Uşaqlıqdan qalan xüsusiyyətimizdir, valideynlərin ağzından gül kimi sözlər çıxır, amma yaddaşa vurulmur, bir dənə pis söz çıxsın, ata-ana el-aləmdə biabır olacaq. Görünür, hələ böyüməmişik.

Dindirsən, az qala, hamı bir-birindən şikayətçidir. Adamın yadına bir ağlamalı lətifə düşür: “İlahi, mən neylədim ki, bütün bunları başıma gətirdin”, deyərək əlini göyə açan kimi, bir-bir etdiklərini yadına salıb, “həə, oldu, oldu, bildim, başa düşdüm”, söyləyərək günahını anlayır.

Bir az özümüzdən özümüzə şikayət etsək, vallah, bəlkə də, bir çox şeylər düzələr e. Əksəriyyət palaza bürünüb ellə sürünməyi özünə ən ümdə vəzifələrdən biri seçib. Deyəcəksiniz ki, “həə, elədi”, pis xəbərim var, elə sən də, mən də aşağı-yuxarı, müəyyən mənalarda, situasiyalarda həmin palaza bürünürük. Amma elə bilirik hamı “kıxa”dı, “pıxa”dı. Bir bizik Mələkov Angela Merkel. Deyəcəksəniz, şitini çıxarıram, amma bu işləri yükləməklə görmək olmur axı. Bir az əylənərək özümüzü mühakimə edək ki, sonu ağlamalı olmasın, elə gülə-gülə həll edək işlərimizi.

Bilirsizmi, sanki bizə zarımağı öyrədiblər, ağlamağı yox ha, zarımağı, yaxud özümüz elə öyrəşmişik. Problemi danışaq, danışaq, danışaq, elə danışaq, özü də bəh-bəhlə bir-birimizin problemindən kef tutar kimi, “dəhşət, vəhşət” deyib çözüm yolu axtarmadan dağılışaq. Çünki filosofumuz Müşfiq Ötgün demişkən, özümüzü heç sayırıq, nə gücümüzə, nə halımıza, nə kimyamıza bələdik. Filankəsi gördün, nağarırdı, filankəs belədir, “xalxın uşağı” hoqqa verir. Sən də filankəsdən, o dediyin “xalx”ın içindən birisən də. Sənin nəyin əskikdir ki?! Deyəcəksən, yox e, elə deyil, şans deyilən anlayış var. Amma şansı nəyin formalaşdırdığını deməyəcəksən. Sanki kainatın, yaradanın işi-gücü qurtarıb, filankəsə şans verməklə məşğuldur, amma sənə gələndə başına daş salır. Axı bir dönüb baxmısan ki, nə qədər şansları geri çevirmisən, heç yadına salırsanmı hansı fürsətləri rədd eləmisən, heç düşünmüsənmi ki, hansı şadlığına şitlik eləmisən?! Yox əşi, oturub ancaq onun-bunun uğuruna baxıb qibtə eləməyək ha, paxıllıq edək, o da bizi yeyib-bitirsin. Xeyr, xeyr, ağ paxıllıqdır. Sizə bir sirr açım, paxıllıq etdiyiniz şəxsin uğurları daha çox olacaq, bu hiss sizi hərəkətə gətirməyəcək, əksinə, əl-qolunuzu bağlaya bilər. Amma qibtə elə bir fenomendir ki, filankəsin, o “xalxın uşağı”nın uğuruna sevinirsiniz, sevincinə şərik olursunuz, o zaman həyat, kainat, yaradan sizin içəridəki o hissinizə uyğun hədiyyənizi, mükafatınızı verir. İnanmırsan, yoxla. Davamlılıq, məqsəd, həll yolu, düşünmək, vərdişləri formalaşdırmaq və bu sayaq, necə deyərlər, alman maşınını işə salmaq bizə yalnız və yalnız uğur gətirəcək. Bunları yazdıqca elə özümə də deyirəm, kiməsə ağıl öyrətmək kimi niyyətim yoxdur, sizə və özümə tövsiyə edirəm.

Bir mütəfəkkirimiz deyir ki, sənin bütün taleyin içində keçirdiyin hisslərə görə formalaşır. Etdiyin əməllər də içindəki hisslərinin təzahürüdür. Nə qədər üzdə xoş əməllər göstərməyə çalışsaq da, içimiz mütləq bizi ifşa edəcək. İfşa olunmamış onu haqq-hesaba çəkmək, mühakimə etmək gərəkdir, etməsək, o istədiyini edəcək.

Dünən bir vəzifəli şəxslə qısa bir söhbətimiz oldu, and-aman edir ki, vallah, işçi tapa bilmirəm. O deməmişdən öncə də belə hallarla çox qarşılaşmışıq, sadəcə bu söhbət “sverji”di deyə, yeri düşmüşkən, bir daha yada saldım.

Sanki hamı birdən-birə özünü yüksəklərdə görmək istəyir. Tutaq ki, birdən-birə yüksəklərə qalxdıq, sonrası haqda düşünürükmü? Yaxşı, əksəriyyət deyim, olmadısa, bir çoxları deyim ki, əsəbiləşməyəsiniz. Ümumiyyətlə, birdən-birə olan işlərin nə qədər qiyməti, dəyəri olur k?! “Hazıra nazir” kimi misalımız var, hansı ki, sevimsizlər haqqında deyirik. Sevimsiz olaqmı? “Olaq!” deyəcəksinizsə, olaq, amma bunun təzyiqinə, vəziyyətə tab gətirə bilmək asan olmayacaq. O vəziyyətin gətirdiyi selin bizi xarabalığa atma ehtimalı böyükdür. Nəyi hansı yolla istədiyimizi müəyyən etsək, o da olacaq, sonrası sualdır.

Hə, harada qalmışdım? Problemin həllinə münasibətimizdə. Belə oluruq ki, problem vaxtı az qala gözümüz hədəqəmizdən çıxsın, dişlərimizi qıcamaqdan az qala sındıraq da. Bir də bilməliyik ki, beynimiz elə problemlər zamanı özünü daha yaxşı tərəfdən göstərməyə çalışır. Əgər ona o siqnalı ötürə biliriksə.

Bir az sizi qıcıqlandırdımsa, bağışlayın, amma qıcıqlanmaq lazımdır, lazımdır ki, deyilən neqativlərin əksini sübut edək...

Seçilən
2
kulis.az

1Mənbələr