AZ

Günay Ağamalı: “Azərbaycan regionun gələcək inkişafı üçün yeni layihələr hazırlayacaq”

“Zəngəzur dəhlizi Cənubi Qafqaz regionun beynəlxalq əhəmiyyətini artıran mühüm siyasi-iqtisadi layihədir”. 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı açıqlamasında deyib. O bildirib ki, Ermənistanın məğlubiyyətinin rəsmiləşdirilməsi kimi qəbul edilən 10 noyabr Bəyanatının 9-cu bəndi məhz Zəngəzur koridorunun açılması ilə bağlıdır:

“Lakin çox təəssüf ki, rəsmi İrəvan hələ də üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır və regional sabitliyə mane olur. Sözügedən dəhlizin reallaşdırılması lokal və regional müstəvidə bölgənin geosiyasi və iqtisadi dinamizmini artırmaqla yanaşı, beynəlxalq investorların regiona cəlb edilməsini stimullaşdıracaq.

Çünki Zəngəzur koridoru layihəsi qlobal əhəmiyyətli Orta Dəhlizin vacib komponentidir. Hazırda dünya ticarət yollarında baş verən hərbi-siyasi diversifikasiyalar Orta Dəhlizin perspektivlərini ön plana çəkir və təbii ki, regionun lider dövləti olaraq Azərbaycanın mövqeyi də güclənir”.

Millət vəkili vurğulayıb ki, Zəngəzur dəhlizinin reallaşması bölgədəki ticarət yollarının qısalmasına səbəb olacaq:

“Bu isə iqtisadi əlaqələrin təşkilində daha sərfəli və sürətli ticarət əməliyyatlarının aparılmasına zəmin yaradır. Nəticə etibarilə, Zəngəzur dəhlizi Cənubi Qafqaz regionun strateji mövqeyini gücləndirir, siyasi sabitliyi artırır və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Bu baxımdan, cənab Prezident İlham Əliyevin siyasi zəkasının məhsulu olan layihənin həyata keçirilməsi regionun gələcək inkişafı üçün olduqca əhəmiyyətlidir”.

Seçilən
8
xalq.az

1Mənbələr