AZ

Ermənistanın yeni müharibə avantürası Qərbin ssenarisidir

Qərb Rusiyanı çökdürmək üçün sərt və yumşaq gücün hər üzünü sınaqdan keçirdi. Manipulyasiya edilərək cəmiyyətlərə sırımağa çalışılan media ruporuna və canfəşanlığa rəğmən qarşımızda formalaşan yeganə və real mənzərə odur ki, Ukrayna ayaqlar altında qalıb. Qərb istəyinə nail ola bilmədiyindən nəinki başını, burnunu belə istənilən regiona salmağa hazırdır ki, Rusiyanı çökdürsün. Bu baxımdan Cənubi Qafqaz yenidən masa üzərinə gətirilir və buna gedən yolda Ermənistanın silahlandırılması sürətlə davam edir.

Təbii ki, bu, rəsmi Bakı üçün ciddi çağırışdır. Bu həm də fundamental baxımından sülhə və təhlükəsizliyə zərbə, reaktiv olaraq isə ikinci etapda güc balansının tənzimlənməsinə qarşı atılan addımdır. Çünki Fransa, Hindistanla bərabər Yunanıstanın da Ermənistanı silahlandırması Afinanın Ankaraya verdiyi reaksiyadır. İndi də Yunanıstan köhnə silahlarını Ermənistanın əli ilə utilizasiya edərək hərb sənayesini güncəlləməyə, Qərbdən daha artıq nə oldu “qopartmaq” üçün ona yaxınlaşmaq taktikasına əl atır. Yəni, tarixi düşmənçilik, konvensional rəqabət Ermənistanın əli ilə yenilənir. Azərbaycan istənilən ssenariyə hazırdır. Zənnimcə, bu dəfə fərqi biz yaradacayıq. Yəni, Ermənistan hər hansı bir yanlış addım atarsa illərlə dondurulmağa çalışan münaqişə topu uzun və tarixi müddətə bu dəfə Ermənistanın ərazisində donulu qalacaq. 

İstəyinə nail ola bilməyən Qərb Ermənistanın əli ilə yeni gərginliklərdən çəkinmir. Gərginlik yalnız hərbi, iqtisadi, sənaye sahələrində özünü göstərmir, kritik situasiya həm də onda yaranır ki, dəyərlərin aliliyini qorumağa çalışan şəxsiyyətlərlə, ənənəvi dəyərləri bilərəkdən deqradasiya edən “şəxslər” arasında mübarizə gedir. Qərbin baxışı da, vizyonu da, adı hər nədirsə, bəllidir. Sualı Nikol Paşinyana vermək lazımdır ki, Qərbin əli ilə oturmusan deyə Cənubi Qafqazı “Qərbli” edə bilməyəcəksən axı. Tutalım ki, Paşinyanın düşən reytinqi Qərbin maraqları ilə üst-üstə düşür və hesablayır ki, Azərbaycan üzərində ən kiçik qələbə belə ona reytinq gətirəcək, yenə də yanılır axı. Yanılmasaydı, Qərblə bərabər yanılmasaydınız, Rusiyanı çökdürmək üçün ayrı meydançalar axtarmazdınız axı, bu qədər müddətdə istəyinizə nail olardınız. Rusiyanın diqqətini başqa istiqamətə yönləndirmək missiyasına qulluq edərək Paşinyan münaqişə, müharibə riskini belə sərhədlərimizə yaxın buraxmamalıdır. Bir sözlə, Ermənistanın yeni müharibə avantürası Qərbin ssenarisidir. 

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru,
politoloq

Seçilən
4
1
ikisahil.az

2Mənbələr